"Mən Azərbaycan futboluna xidmət etmək istəyirəm" - Yubilyar Nazim Süleymanov

Fevral ayının 17-də futbol veteranımız Nazim Süleymanov 55 illik yubileyini qeyd edəcək. 

Əlamətdar günü nəzərə alaraq həm təbrik etmək, həm də təəssüratlarını öyrənmək üçün Nazim bəy ilə əlaqə yaratdıq. 

Mütəxəssis Sport7.az-a keçmişlə bağlı xatirələrindən və gələcəkdən gözləntilərindən danışdı. 

"55 il deyəndə çox şey xatırlayırıq. Yaşananlar film kimi yada düşür. Bizim həyatımız futbolla bağlıdır. Uşaqlıqdan başlayaraq indiyə kimi... Mən futbolla yanaşı həm də güləşlə məşğul olurdum. Hərdən fikirləşəndə deyirəm ki, o illər yenidən yaşansaydı, yenə də futbolu seçərdim. 

Keçmişə baxanda olub keçənləri düşünürsən. Düzdür, səhvlər də olub, düzlər də... Həyatdır da... Amma irəli baxmaq lazımdır. Və deyirsən ki, çalışıb xalqına, dövlətinə qulluq etməlisən. Gələcəkdə Azərbaycanda futbolumuzun yüksəlməsini, komandaların sayının artmasını və Azərbaycan futbolunda çalışıb xidmət etməyi istərdim". 

Qeyd edək ki, Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. O, 8-9 yaşlarından "Neftçi"nin Sumqayıtdakı akademiyasında futbola başlayıb. 1992-1998-ci illər arasında Azərbaycan millisinin şərəfini qoruyan hücumçu karyerası ərzində "Neftçi",  "Alaniya Vladiqafqaz", "Spartak Moskva", "Jemçujina-Soçi" (hamısı Rusiya) kimi klubların şərəfini qoruyub. Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə "Alaniya Vladiqafqaz" ilə Rusiya çempionu titulunu qazanan Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşüb.

2002-ci ildən məşqçilik karyerasına başlayan mütəxəssis "Jemçujina-Soçi", "Xəzər-Lənkəran", "Olimpik-Şüvəlan", "Neftçi" kimi klublarda və Azərbaycan millisində çalışıb. 

Xatırladaq ki, Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı 2015-ci ildə yazıçı Varisin müəllifliyi ilə əfsanəvi hücumçudan bəhs edən "Bitməyən matç" adlı kutab dərc olunub. 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR