Yeni “Turan” yaratmağın əsl zamanıdı!

Yeni “Turan” yaratmağın əsl zamanıdı!

Amal ABUŞOV

Bəzən deyirlər ki, insanın yaşadığı hissləri anlatmaq üçün sözlər acizdi. İndi məhz həmin hissləri yaşayırıq. Mənfur qonşularımız ermənilər yeni də iç üzlərini göstərib, cəbhədəki sakitliyi pozublar. Əslində bu sakitlik bizim üçün məğlubiyyətə bərabərdi. Sakitliyi, yəni atəşkəsi pozan tərəf biz olmalı, yağı erməniləri vətən torpaqlarından qovub çıxarmalıyıq. Amma dünyanı idarə edən "gizli əllər”, bölgədə söz sahibi olmaq üçün belə münaqişələrin mövcudluğunda daim maraqlı olan şimal qonşumuz ermənilərin arxasında diş qıcayır. Ona görə də artıq barışmalı olmuşuq ki, Qarabağın azadlığı təkcə bizim ayağa qalxmağımızdan, yəni Azərbaycanın müharibəyə başlamasından keçmir. Bunun üçün böyük güclərin də razılığı olmalı, onlar erməni dığalarına verdikləri dəstəyi dayandırmalıdılar. Əks halda hər şey 2016-cı ilin aprelindəki kimi olacaq. Həmin vaxt rəşadətli orduğumuz düşmənin burnunu yaxşıca ovuşdurmuş, onu yerində oturtmuşdu. Xalq olaraq ayağa qalxmışdıq, inanmışdıq ki, ermənidən qisas almağın, topraqlarımızı düşmən tapdağından azad etməyin əsl vaxtı çatıb. Nə baş verdisə, həmin əzmimizi sona qədər qoruya bilmədik, döyüşlər yarıda kəsildi. Ara yerdə say-seçmə oğullarımız düşmən gülləsinə qurban getdilər.

Yazının əvvəlində dediyim kimi, belə məqamlarda başqa mətləblərdən düşünmək, onlardan yazmaq çox çətindi. Qəlbimiz qisas eşqiylə, doğma yurda qayıtmaq arzusuyla cuşa gəlir, qanımız coşur. Bilirəm ki, siz də eyni hissləri keçirirsiz. Atəşkəsin Tovuzda pozulması, qızğın döyüşlərin məhz bu rayonun kəndlərində getməsi yadıma "Turan” komandasını saldı. Tovuzun "Turan” komandası 1992-ci ilin məhz bu cür həyəcanlı günlərində yaradılıb. Özü də tez-tələsik. Bu isə heç də səbəbsiz deyilmiş. Yazının davamında klubun qurucusu Vidadi Əhmədovun dilindən bunun səbəbini də sizə izah edəcəm. Diqqət yetirin, 1992-ci il fevralın 14-də Tovuzda futbol klubunun yaradılmasına və onun adının "Turan” olmasına qərar verilib. Bütün müzakirə və sənədləşmələr cəmi 9 günə yekunlaşıb, artıq fevralın 23-də Ədliyyə Nazirliyinə rəsmi qeydiyyat üçün müraciət olunub. Beləliklə, 1992-ci ilin mayında start götürən 1-ci Azərbaycan çempionatının iştirakçıları arasında Tovuzu təmsil edən "Turan” da yer alıb. Özü də yeni yaranan komanda qısa müddətdə iddialılardan birinə çevrilib. Çempionatın sonunda 56 xal toplamağı bacaran "Turan” lider "Neftçi”dən 6, ikinci yerdəki Sumqayıt "Xəzər”indən cəmi 1 xal geri qalaraq bürünc medallara sahib çıxıb. Növbəti çempionatda "Turan” daha uğurlu çıxış edir. Lider "Kəpəz”lə eyni sayda, yəni 30 xal toplamasına baxmayaraq, topların fərqinə görə gümüş medallarla kifayətlənir. Üçüncü cəhd daha uğurlu olur və çempionluq arzusuyla alışıb-yanan "Turan” məqsədinə çatır. 1993/94 mövsümündə hesabında 50 xal olan tovuzlular "Qarabağ”ı 1 xal qabaqlayaraq qızıl medalları boyunlarından asdılar. Məhz bu çempionluq sayəsində "Turan” Azərbaycanın avrokuboklardakı ilk iştirakçısına çevrildi. UEFA həmin vaxt Azərbaycana cəmi bir vəsiqə ayırdı və çempionumuz UEFA kubokunda iştirak hüququ qazandı. Beləcə 1994-cü il avqustun 9-da "Turan” İstanbulun məşhur "Şükrü Saracoğlu” stadionunun qazonuna ayaq basmaqla Azərbaycan futbolu tarixinə yeni və silinməz bir səhifə yazdı.

Göründüyü kimi, "Turan” Azərbaycan futbolu üçün tarixin bir parçasıdı, sıradan bir komanda deyil. Özü də bu klubu müstəqilliyimizin kövrək illərində, Qarabağ uğrunda qanlı döyüşlər gedən bir zamanda yaradan kişilər olub. Daha vacib bir məqam isə "Turan”ın atəş səslərinin altında yaradılması və gücləndirilməsidi. Hamımız bilirik ki, həmin illərdə Tovuzda da qanlı döyüşlər gedirdi. Amma komanda Bakıda, yaxud da nisbətən təhlükəsiz bölgələrdə məskunlaşmırdı. Məhz doğma rayonda yarışlara hazırlaşır, rəqiblərini orda qəbul edirdi. Eyni zamanda da aşağı yaş qruplarında uşaqlar top dalınca qaçır, futbolumuzun gələcəyi yetişdirilirdi. "Turan”ın məhz Tovuzda formalaşmasının və orda oynamasının "sirri”ni isə onun qurucularından olan Vidadi Əhmədov illər sonra "Sportline.az”a müsahibəsində belə açıqlamışdı: "Azərbaycan üçün ciddi sınaq dövrü idi. Çox çətin günlər keçirirdik. Mənfur düşmənlərimizlə müharibənin qızğın çağı idi. Hamı səfərbər olmuşdu. Müstəqilliyimizi yeni bərpa etmişdik. Xalqın, el-obanın birliyə ehtiyacı var idi. Ordu yenicə formalaşdırılırdı, hər şeyi sıfırdan başlamalıydıq. Pərakəndəlik hiss olunurdu. Cəbhənin ön xəttində ayrı-ayrı briqadalar, batalyonlar ermənilərə qarşı vuruşurdu. Həssas bir dövr idi. Təxribatçılar xalqın arasında çaşqınlıq salmaq üçün müxtəlif şayiələr yayırdılar. Deyirdilər ki, Tovuzu tezliklə ermənilər işğal edəcək. İstəyirdilər ki, insanlarda qorxu-xof yaransın. Hamı kimi mən də istəyirdim ki, xalqımız, doğma rayonumuz üçün nəsə edim. Xalq qorxmasın, insanlar rahatlaşsınlar. Tovuzun da buna qədər yaxşı futbol ənənələri var idi. Yığışdıq və qərara alıq ki, rayonda peşəkar futbol komandası yaradaq. Bununla da ermənilərdən qorxmadığımızı, Tovuzu tərk etmək fikrində olmadığımızı göstərdik”.

Görürsüz, əziz oxucular. Vətəni və futbolu sevən insanlar olanda, ortaya "Turan” kimi komandalar çıxır. Bu komandalar həm futbol ənənələrini yaşadır, həm də əhalinin inam yerinə, vətən torpaqlarına daha bərk tellərlə bağlanması üçü stimula çevrilir. Koronavirus qorxusuyla evdə top çiləyənlər bunu başa düşməzlər. İndi bütün cəbhəboyu ərazilərdə futbol komandaları yaratmağın, erməniyə gözdağı verməyin əsl zamanıdı!

Mənbə: "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR