Yığmamız İranda 4-cü olub

Yığmamız İranda 4-cü olub
Təbrizdə böyüklər arasında sərbəst güləş üzrə ənənəvi "Təxti Kuboku” beynəlxalq turniri keçirilib.
 
Sport7.az xəbər verir ki, 23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan idmançıları da mübarizə aparıblar.

Məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında qonşu ölkəyə 10 idmançımız yollanıb. Heyətdə Pərviz İbrahimov, Elçin Vəliyev (hər ikisi 61 kq), Pənah İlyaslı, Coşqun Əzimov (hər ikisi 70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov, İbrahim Yusubov (hər ikisi 86 kq), Cavid Sadıqov (92 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıblar.

Yekunda yığmamızın üzvləri turniri 4 bürünc medalla başa vurublar. Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) ilə yanaşı MOİK idmançısı Coşqun Əzimov (70 kq) da fəxri kürsüdə yer alıb.

O, ilk görüşündə 1/8 finalda Türkmənistan idmançısını 6:1 hesabıyla üstələyib. 1/4 finalda rəqib bədnam qonşularımız olan Ermənistanın nümayəndəsi olub. Coşqun Əzimov böyük ustalıq göstərərək rəqibini döşəkçəyə çıxmağa peşman edib – 9:4. Yarımfinalda Gürcüstan idmançısına uduzan Coşqun bürünc medal uğrunda güləşdə Qırğızıstandan olan rəqibini üstələyib – 6:2.

"Təxti Kuboku” beynəlxalq turnirində Azərbaycan millisi İran, Türkiyə və Gürcüstandan sonra komanda hesabında 4-cü olub.

Xəbər lenti