Yığmamız Qızıl Avropa Liqasında növbəti matçını keçirib

Yığmamız Qızıl Avropa Liqasında növbəti matçını keçirib
Mayın 26-da qadın voleybolçular arasında Qızıl Avropa Liqasında üçüncü turun qarşılaşmaları start götürüb. 
 
Sport7.az xəbər verir ki, ilk iki matçda qalib gələn Azərbaycan millisi üçüncü görüşdə Bolqarıstan yığması ilə üz-üzə gəlib.

Sofiyada Xristo Botev Sarayında təşkil olunan oyunu Aleksandros Milonakis (Yunanıstan) və Çavdar Marev (Bolqarıstan) idarə ediblər. Görüş rəqib komandanın 3:1 (17:25, 25:17, 25:14, 25:21) hesablı üstünlüyü ilə başa çatıb.

Millimizin yer aldığı qrupun digər görüşündə Portuqaliya millisi Ukrayna yığmasını qəbul edəcək. Həmin qarşılaşma mayın 27-də oynanılacaq.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. "E” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk görüşdə Bakıda Ukrayna yığmasını 3:1, ikinci qarşılaşmada isə Portuqaliya seçməsini eyni hesabla məğlubiyyətə uğradıb.

Liqanın final mərhələsi Macarıstanda keçiriləcək.

Azərbaycan millisi 2016-cı ildə bu yarışın çempionu adını qazanıb.
 
Sport7.az

Xəbər lenti