“Yığmamıza indi bütün rəqiblər hörmətlə yanaşır” - Rizvan Fərzəliyev

“Yığmamıza indi bütün rəqiblər hörmətlə yanaşır” - Rizvan Fərzəliyev
Bu gün Sloveniyanın Lyublyana şəhərində 2018-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Millimiz D qrupunda İspaniya və Fransa ilə mübarizə aparacaq.
 
Sport7.az xəbər verir ki, millinin kapitanı Rizvan Fərzəliyev püşkün nəticəsini dəyərləndirib:
 
 
"Düzdü, İspaniya çətin rəqibdi, amma Azərbaycan millisi də asan yeniləcək komanda deyil. Artıq 5-ci dəfədir ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. Deməli, kifayət qədər təcrübəmiz var. Oyunlara qədər qalan vaxtı düzgün dəyərləndirməli, ciddi hazırlaşmalıyıq. Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünmürük.
 
Razıyam, bu gün İspaniya dünyada ən güclü yığmalardan biridir. Sonuncu dünya çempionatında büdrəsələr də, zəif rəqib deyillər. İndi qrupumuzun favoriti onlar hesab edilir, amma biz sona qədər mübarizə aparacağıq. Fransaya gəldikdə, onlar ilk mərhələdən bura qədər uzun yol qət ediblər. Üstəlik, play-offda Xorvatiya kimi komandanı yarışdan kənarlaşdırıblar. Halbuki onlar da son illərdə final mərhələsinin iştirakçıları sırasında görməyə alışdığımız rəqiblərdəndir. Deməli, Fransa komandası hazırda yüksəlişdədir.
 
 
Bir faktı da vurğulayım ki, yığmamıza indi bütün komandalar hörmətlə yanaşır. Bu da əbəs yerə deyil. Dünya çempionatında nümayiş etdirdiyimiz oyunlar, eləcə də ardıcıl Avropa çempionatının final mərhələsində iştirakımız və qazandığımız nəticələr onları buna vadar edir”.
 
Sport7.az

Xəbər lenti