Yorğun–arğın Prosineçki

Yorğun–arğın Prosineçki
4 gün sonra Azərbaycan milli komandası səfərdə Norveçlə qarşılaşacaq. 5 gün bundan əvvəl isə "Qarabağ” Danimarkanın paytaxtında tarixi uğura imza atdı, adını Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək 32 nəhəng klub sırasına yazdırdı.

İnsanlar 5 gündü ki, bu zəfərin sevincini yaşayır. Hər yerdə söhbət onlardan gedir. İnsanlar Qurban Qurbanovdan və onun yetirmələrindən fəxrlə, ürəkdolusu danışırlar. Onların qələbəsinin şərəfinə verilən vədlər yerinə yetirilir, xalqımız zəfərin həzzini çıxarır. Hələ gələcək üçün planlar da qururulur. Kimisi Londona və ya Madridə getməyin planlarını cızır, başqa birisi Romaya səyahət etməyi arzulayır. Bakıdakı oyunlara toysayağı hazırlaşanlar da yetərincədi.

Futbol azarkeşi olan da, olmayan da "Qarabağ”a biganə deyil. 5 gün əvvəl yaşanan zəfərin gətirdiyi coşqu səngimək bilmir. 4 gün sonrakı oyundan isə danışan yoxdu. Heç elə bil ki, Norveçlə Azərbaycanın millisi oynamayacaq. Elə o komandanın heyətində də "Qarabağ”ın üzvləri meydana çıxacaq. Bununla belə biganəlik ən üst həddədi. Niyə?

Səbəbi bəllidi. AFFA-nın yanlış siyasəti. Onlar ölkənin bir nömrəli komandasını xalqdan uzaqlaşdırmağı, azarkeşləri millidən soyutmağı bacardılar. İstədikləri də elə bu idi. Hamı könlünü "Qarabağ”a verib. Milli komandamız yox, "Qarabağ” ölkənin atributuna, qürur mənbəyinə çevrilib. Bu ölkədə hamı Qurban Qurbanovu sevir, onun bcarığına və istedadına, Azərbaycan futbolu üçün ürəkdən can yandırdığına inanır. AFFA isə fil qulağında yatıb, "Qarabağ”dan qisasını etinasızlığı ilə, ona laqeydliyi ilə alır.

Kopenhagendən dönən "Qarabağ”ı qarşılamaq üçün insanlar hava alanına axın etmişdilər. İmkanı olan, səhər tezdən Binəyə getməyə maşın tapan özünü ora çatdırmışdı. Amma AFFA rəsmilərindən bircə nəfər də olsun "Qarabağ”ın pişvazına çıxmamışdı. AFFA-nın baş katibinin buralarda az tapıldığı məlum məsələdi. Bəs "boz bina”da oturan bir dəstə qalstukludan hansısa özünə niyə əziyyət vermək istəməmişdi? Onların işlərinin-güclərinin adı nədi?

Şənbə günü Premyer Liqanın mərkəzi qarşılaşması keçirilirdi. Axşam sərinində, əlverişli vaxtda "Qarabağ" "Qəbələ"ni qəbul etdi. Özü də əvvəlcədən bəlli idi ki, oyun gərgin və maraqlı keçəcək. Suraxanının yolunu tutanlar həm də bu jestləri ilə "Qarabağ”a bir təşəkkür borcu qaytarmaq düşüncəsindəydilər. AFFA rəhbərliyindən heç kim "Azərsun Arena”da görünmədi. Əvvəllər də beləydi. O vaxt "Neftçi”nin vitse-prezidenti vəzifəsini tutan Tahir Süleymanov AFFA rəhbərliyini stadionlara, bölgələrə səsləyəndə adamı az qala Azərbaycandan sürgün edəcəkdilər. Dəyişən heç nə yoxdu. İndi nəinki Lənkərana, Qəbələyə, heç burdan-bura Suraxanıya da getmirlər.

Gücləri Prosineçkiyə çatmışdı. Onu nəhayət ki, ölkə çempionatının oyununa göndərə bilmişdilər. Narazılığı üzündən, stadionun pilləkənlərini ağır-ağır, çətinliklə düşməsindən bəlli idi. Kişini yaman əziyyətə salmışdılar. Onun yorğun sifətindən nələr oxunmurdu ki...

Amal ABUŞOV

Xəbər lenti