Yubileyi karantinə düşən Yaşar Vahabzadə:

Yubileyi karantinə düşən Yaşar Vahabzadə: "Hələ canım "suludu"

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzdənin bu gün 60 yaşı tamam oldu. Bu üzdən yubiley yaşı karantin dönəminə düşən mütəxəssisin hazırkı durumu ilə bağlı söhbət etdik. 

Təbriklərimizdən sonra karantinin necə keçdiyi, futbolçularla əlaqə saxlayıb-saxlamamsı haqda fikirlərini Sport7.az-a bildirən Vahabzadə, "Kəpəz"in şansları, premyer-liqa perspektivi və sair suallarımızı da cavablandırdı.

- Yaşar bəy, adətən yubiley yaşları daha geniş şəkildə, dostların əhatəsində, məclislərdə qeyd olunur. Amma sizə karantin dönəmində yubiley keçirmək qismət oldu. Buna görə təəssüflənirsizmi?

- Təbriklərə, diqqətinizə görə çox sağ olun. Xeyr təəssüflənmirəm. Ümumiyyətlə heç vaxt ad günlərini təmtəraqlı şəkildə qeyd etməmişəm. Heç bu il də belə etmək fikrim yox idi. Sadəcə, həmişə 5-10 nəfər yaxın insanla, dost-tanışla məclisdə qeyd edirik. Ya da ki, evdə oluruq. Bu il qismət belə oldu. Təki koronavirus infeksiyası dünyadan əlini götürüb getsin. Vətəndaşlarımızın hamısının canı sağ olsun. Yaşımın üstünə 1 yaş da gəldi.

- Xəstəlik birdən-birə ortaya çıxdı. 60 yaşı hansı şəkildə qeyd etməyi planlaşdırmışdız? Hər-halda yubiley yaşıdı...

- Heç bir planım yox idi. Yalnız dostlarla birlikdə qeyd etmək istəyərdim. Hətta çempionat olsaydı, indi bəlkə də Gəncədə məşqdə idim, yaxud hansısa oyunda. Karantinlə əlaqədar evdəyik. Adətən günorta dostlarla, axşam isə evdə, ailəmlə birlikdə keçiririk.

- AFFA-dan hər hansı tədbir, yoldaşlıq matçı təşkil etməyi gözləyirdiz?

- Xeyr, açığı heç mən də AFFA-dan bunu istəməmişəm. Bayaq dediyim kimi, ad gününü təmtəraqlı şəkildə keçirməmişəm. 

- Bir çox hallarda 60 yaşdan sonra məşqçilər yavaş-yavaş təqaüdə çıxmağa, yaxud da yaşla əlaqədar daha az fiziki güc tələb edən işlərdə çalışmağa hazırlaşırlar. Bəs karyeranızla bağlı sizin planlarınız necədi?

- Fiziki cəhətdən hələ yorulmamışam. Yorulsaydım, 40 yaşına qədər futbol oynamazdım (gülür). Hələ gücüm, enerjim var. Təki can sağlığı olsun. Yəni ki, necə deyərlər, hələ canım "suludu" (gülür). Bacardığım qədər əlimdən gələni etməyə hazıram.

- Karantin necə keçir, darıxmamaq üçün nə edirsiz?

- Evdəyəm, dövlətin qanunlarına riayət edirik. Səhər yerimdən dururam, idman edirəm. Televizora, internetə baxıram. Ümid edək ki, yaxın vaxtlarda virus bitəcək. Bundan başqa "Kəpəz"in hazırlıq planları ilə əlaqədar yazı-pozu işləri ilə məşğulam.

- İdman da edirsiz?

- Əlbəttə, idmansız olar? (gülür) İdmançı ailəsi olasan, səhər durub idman etməyəsən? Evdə şərait var. Düzdü qaçmaq, tullanmaq yoxdu. Amma müəyyən idman hərəkətləri var ki, yerinə yetirirəm.

- Futbolçularla əlaqə saxlayıb, hansısa tapşırıqlar verirsiz?

- Martın 14-də komandanı buraxdıq. Sonuncu məşqdə onlarla söhbət etdim, müəyyən tapşırıqlarımı verdim. Gəncədə, o cümlədən Bakıdan olanlarla müntəzəm əlaqə saxlayıram. Karantin rejimindən əvvəl çölə çıxmağa, qaçmağa imkanları olurdu. İndi ev şəraitində onlarla danışıram. Tam formadan düşməmələri üçün tapşırıqlar verirəm.

- Adətən uzun müddət məşq etməyən idmançılarda çəki artımı müşahidə olunur. Komandada bu kimi məsələlərə nəzarət etmək imkanınız olur?

- Tapşırıq vermişəm ki, çəkilərinə diqqət yetirsinlər. Qidalanmalarına fikir versinlər. Hər halda, ev şəraitində verdiyimiz idman hərəkətlərindən hansılarınısa edirlər. Bina evindən fərqli, həyət evində müəyyən hərəkətləri yerinə yetirmək imkanı olur. Həyət evində yaşayan futbolçuların müxtəlik idman tapşırıqlarını yerinə yetirmək imkanları var.

- Fasilədi, düşünmək üçün yetərincə zaman var. "Kəpəz"lə bağlı planlarınız necədi?

- Fasilədən sonra bütün komandaların vəziyyəti eyni olacaq. Çünki futbolçular ev şəraitində hazırlaşırlar. Yəqin ki, bir-iki həftə vaxt verəcəklər ki, komandalar müəyyən hazırlıq keçsinlər və çempionatı başa çatdıraq. 

- Yüksək dəstə komandaları yəqin ki, daha ciddi hazırlıq görmək üçün çalışacaqlar. Amma divizion təmsilçilərinin əksəriyyətində bu baxımdan müəyyən problemlər olur. Sizcə futbolçuların fiziki formalarının bərpası üçün nə qədər vaxt verilməlidi?

- Öz komandamızdan danışım. "Kəpəz" peşəkar komandadı. Futbolçular peşəkardılar, klubla müqavilələri var. Onlara müəyyən tapşırıqlar verilib. İnanıram ki, futbolçularım məsələyə çox ciddi yanaşırlar. Çəkiləri, hazırlıqları "0" səviyyəsində olmayacaq. Vaxta gəlincə, 2-3 həftə lazım olacaq. Mətbuatda da yazılmışdı ki, Peşəkar Futbol Liqasında yarışı təşkil edənlər məşqçilərlə məsləhətləşəcək. Maksimum dərəcədə hazırlaşmaq və oynamaq lazımdı. Futbolçularla danışıram, inanıram ki, çox ciddi yanaşacaqlar.

- Vəziyyət belə davam etsə, çempionatın dayandırılması və çempionların elan olunması məsələsi gündəmə gələcək. Siz nə fikirləşirsiz bu haqda?

- Zamanı qabaqlamaq istəmirəm. Mənə elə gəlir, yaxın vaxtlarda karantin rejimi götürüləcək və çempionatımza davam edəcəyik. Yəni bunun tərəfdarıyam, oynamaq, yarışı davam etdirmək lazımdı.

- Hələ çempionat davam davam edən vaxt, PFL prezidenti Ramin Musayev bildirmişdi ki, yeni mövsümdən komandaların sayının 10-a yüksəldilməsi planlaşdırılır. Digər iki komandanın da "Kəpəz"lə "Turan Tovuz" olacağı haqda söhbətlər gəzir. AFFA-dan bununla bağlı sizinlə müzakirələr aparılmışdı?

- Xeyr, heç bir söhbət olmayıb, bizə də nəsə deyilməyib. İstəyirik, çempionatı başa vuraq. Bu gün heç ağlımıza da gəlməzdi ki, karantin vəziyyəti yaranacaq, virus, xəstəlik gələcək. Heç nəyi qabaqlamaq lazım deyil, gözləyək.

- "Kəpəz" 28 xalla 6-cı pillədə yer alıb. Komandanın şansları haqda nə düşünürsüz? Mövsümün sonunda hansı pilləni tutmaq şansınız daha çoxdu?

- Hər komandanın şansı var. Müəyyən qədər xal ehtiyatımızı artırmaq, daha irəli getmək istəyirik. Mövsümün sonunda komandanı bundan da yüksək pillədə görürəm. İlk "üçülk" və ya "dördlük"də yer almağa çalışırıq. 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR