Yunanlar, ermənilər, bir də ki...

Yunanlar, ermənilər, bir də ki...

Amal ABUŞOV

"Qarabağ” dünən bizi sevindirməyə çox yaxın oldu. Təxminən bir saat ərzində biz qələbəyə yaxın olan tərəf idik...

Dünən dünyanın bütün bukmeker kontorlarında APOEL – "Qarabağ” qarşılaşmasının favoriti meydan sahibləri sayılırdı. Tanınmış ekspertlər də üstünlüyü Tomas Dollun komandasına verirdilər. Bunun üçün də yetərincə əsaslar vardı, onlardan inciməyə dəyməzdi. Həmin eskpertlərin içində bizim həmyerlimiz, Rusiyanın məşhur televiziya şərhçilərindən olan Elvin Kərimovun da olduğunu xatırlayaq. Yəni ki, söhbət "Qarabağ”a qarşı hansısa qərəzdən, Azərbaycan təmsilçisinin gücünü görməzdən gəlməkdən gedə bilməzdi. Reallıq bunu göstərirdi. Çempionlar Liqasının qrupuna gedən yolda "Ayaks”a ciddi müqavimət göstərən klubun "Qarabağ”a qarşı doğma meydanda favorit olması qanunauyğunluq idi.

Bəli, Cənubi Kipr təmsilçisi Avropa Liqasının qrup mərhələsinə yaxşı başlaya bilmədi. İki oyuna 0 xalla "Qarabağ”ın qarşısına çıxdı. Bəlkə də həmin sıfırın özü də bir motivasiyaya, "Qarabağ”ın əleyhinə işləyən məqama çevrildi.

"Qarabağ” bütün bu şərtlərin diqtə etdiyi şəraitdə APOEL-lə çətin qarşılaşmada layiqincə mübarizə apardı. Gərginliyin olduğunu hamımız bilirdik. "Qarabağ” bütün proqnozları alt-üst etməyə, favorit sayılan komandanın öz meydanında məğlub etməyə çox yaxın oldu. Özü də sıradan bir görüşdə yox, qrup ikinciliyinin həll olunduğu, "pley-off”a vəsiqənin təmin edilə biləcəyi bir qarşılaşma. APOEL-in başına elə "Qarabağ”ın sayəsində gələn Tomas Doll da kürsüsündən "Qarabağ”la oyundan sonra qovula bilərdi. Sözsüz ki, məğlubiyyət onun da qovulmasını şərtləndirəcəkdi. Bu dəfə dəyişən təkcə baş məşqçi olmayacaqdı. Klub rəhbərliyi yüksək ödənişli futbolçulara da qapını göstərəcəkdi. Onsuz da APOEL-in işləri daxili çempionatda da qaydasında deyil. Deməli, APOEL "Qarabağ”la sıradan bir oyuna yox, ölüm-qalım qarşılaşmasına çıxmışdı.

Azərbaycan çempionu hesabı açdı, uzun müddət meydanda diqtə edən tərəf də oldu. Eynilə Bakıdakı görüşdəki kimi. Əminliklə demək olar ki, "Qarabağ” Nikosiyada Bakıdakından da çox qol vəziyyəti yaratdı. Amma ya dəqiqlik çatmadı, ya qapıçı gözəl oynadı, ya da "ev tapşırığı” yaxşı yerinə yetirilmədi... Nəticə o oldu ki, məğlubiyyət hər şeyi alt-üst etdi. Bir vaxtlar ümid necə "Fiorentina”ya qalmışdısa, indi də "Sevilya”ya qaldı.

"Kimdir günahkar” sualına hərənin özünə görə cavabı var. Bəli, baş məşqçi Qurban Qurbanovdan tutmuş meydana nə üçün girdiyi, nə üçün çıxdığı bəlli olmayan Maqeye Qeyeyə qədər hər kəs günahkardı. Amma bəzi günahlar var ki, onları cəzalandırmadan da keçmək lazımdı. Hər şeyin bir həddi olur, hər bir gücün məhdudiyyət xətti var. Gücün həmin xətti keçməyə yetərli deyilsə, o günahın da bağışlanandı. Çünki sən bacardığının ən yaxşısını edirsən. Özü də bir dəfə yox, iki dəfə yox, ardıcıl 6 il avrokuboklarda qrup mərhələsinə yüksəlirsən, orda sənə inanları uğurla təmsil etməyə çalışırsan. İndiki halda "Qarabağ”ı asıb-kəsmək üçün səbəb yoxdu. Qrup mərhələsinə həsrət qalanlar, ora çıxıb xal toplaya bilməyənlər var. Özü də büdcəsinə, transferlərinə, çıxış etdiyi çempionatın səviyyəsinə görə "Qarabağ”ı qat-qat qabaqlayanlar. "Qarabağ” qrup mərhələsinə yüksəlməklə böyük uğura imza atıb və 4-cü turun oyunlarından sonra belə "pley-off”a çıxmaq şanslarını saxlayır. Bu həqiqəti unutmayaq.

"Qarabağ” dünən bizi sevindirməyə çox yaxın idi. Amma bacarmadı. Əlindən gələni etsə də, olmadı. 59 dəqiqə sevindik, sonra ümid etdik, sona 2-3 dəqiqə qalmış isə üzüldük. Əvəzində düşmənlərimiz sevindi. Ermənilər, yunanlar, bir də içimizdəki "sapı özümüzdən olan baltalar”. Çox təəssüf!

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR