Yunanları susdurmalı olduğumuz gün - Qəhrəman olmaq çətin deyil

Yunanları susdurmalı olduğumuz gün - Qəhrəman olmaq çətin deyil

Amal ABUŞOV

Yunanların erməniyə qahmar çıxdığı, türklərə nifrət etməsi yenilik deyil. İllərdi bunu görə-görə gəlirik. Onlar bu nifrətlərini gizlədə bilmir, hər imkandaca bizə nifrət püskürürlər.

Hələ uzaq 95-ci ildə "Neftçi” UEFA Kuboklar Kubokunda APOEL-ə rəqib olanda tribunalarda ay-ulduzlu bayraqlar atəşə verilmişdi. Elə Bakıda keçirilən "Qarabağ” APOEL qarşılaşması zamandı da yunanların iç üzünü görmüşdük. Rəqibin hücumçusu Respublika stadionunda yunan bayrağıyla dövrə vurmuş, azarkeşlərin əsəblərini tarıma çəkmişdi. "Qəbələ” "Apollon”la qarşılaşarkən isə qapı arxası tribunalardan qondarma respublikanın simvolu sayılan əski parçası asılmışdı. Sonrasını siz də xatırlayırsız. Bu hadisənin ətrafında coşan ehtiraslar cilovlanmadı, peşmançılıqla yekunlaşdı.

Sentyabrın 27-dən bəri cəbhədə haqq savaşını bərpa etmişik, dığaları müqəddəs torpaqlarımızdan qovuruq. Uğurlu və genişmiqyaslı hərbi əməliyyatlar dostlarımızı sevindirir, düşmənlərimizi isə kədərləndirir. Elə yunanlar da kədərlənənlər sırasındadı. Erməniyə himayədarlıq edən yunanlar bizimlə diplomatik münasibətləri də xeyli sərinləşdirib, səfirliklər səviyyəsində gərginlik də yaşanıb. Adamlar bizimlə düşmənçilik etdiklərini, erməniləri dəstəklədiklərini heç gizlətmirlər də.

Hər nə qədər "idman siyasətdən uzaqdı”, "idmanı siyasətə qarışdırmaq olmaz” deyilsə də, real həyatda durum fərqlidi. Xüsusən də bizim düşmənlərimiz idmanı siyasi alətə çevirirlər, bundan da bizə qarşı istifadə edirlər. Ötən ilin bu günlərində "Qarabağ”ın Lüksemburqa səfəri zamanı baş verənləri unutmamışıq. Dığalar əvvəlcədən hazırlıq görüb, stadionun üzərinə dronla əski parçası qaldırmışdılar. İndi elə eyni cür dronlarla başlarına bomba yağdırır, erməniləri gizlənmək üçün siçan deşiyi axtarmağa məcbur edirik. Bu da ermənilərin havadarları yunanları da narahat edir. Artıq xəbəriniz var ki, Afinanın AEK klubu voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Katerina Jidkovanı heyətdən uzaqlaşdırmağa hazırlaşır. Həmyerlimizin adı iştirak ərizəsinə daxil edilməyib. Bu addım bir daha bizim düşmənlərimizin idmanı siyasətə qarışdırdığının göstəricisidi.

Bu axşam Azərbaycan milllisi Cənubi Kipr yığmasıyla qarşılaşacaq. Ölkəmizdə elan olan hərbi vəziyyət səbəbindən ev sahibi olduğumu qarşılaşma Bakıdan xeyli uzaqda keçiriləcək. Oyunun Albaniyanın Elbasan şəhərində keçirilməsi də özlüyündə mifik məna daşıyır. Osmanlıların Makedoniyalı İsgəndərin hücumlarını zərərsizləşdirmək üçün qala kimi tikdirdiyi şəhərdə bu gün gün Azərbaycan millisi yeni tarix yaza bilər. Cənubi Kiprin qapısına vuracağımız hər bir qol ürəyimizdən tikan çıxaracaq, düşmənin ürəyinə dağ çəkəcək. Bunu bacarmalı, yunanları Elbasandan başıaşağı yola salmalıyıq. Başqa cür ola bilməz. Rəqibi udun, qəhrəman olun, əziz milli üzvləri. Bu gün yunanları susdurmalıyıq!
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR