Yunis Hüseynov: "Reqlamentin dəyişəcəyinə arxayın ola bilmərəm"

Yunis Hüseynov:
"Maraqlı oyun keçdi. Lakin qalib gələ bilmədik. Bəxt amili öz sözünü dedi. "Keşlə" yaxşı təsir bağışladı. Qol vurmaq şanslarımız çox idi. Yaratdığımız imkanlar bütün oyunlardakından çox idi. Xal fərqini azaltmaq istəyirdik. Qarşıda çətin oyunlarımız var. Onlara hazırlaşacağıq".

Sport7.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qalan 6 turda sonuncu pillədən qurtulacağınıza inanırsınız?

- Komandama inanıram. Sonuncu yeri tutmamaq üçün axıradək mübarizə aparacağıq. Bizdən qabaqda təkcə "Keşlə" deyil. 2 oyundan qalib ayrılsaq, son pillədən qurtula bilərik.

- Bəlkə reqlamentin dəyişəcəyinə ümid edirsiniz?

- Heç nəyə arxayın ola bilmərəm. Bunu siz məndən yaxşı bilirsiniz. Fikrimiz son pillədən qurtulmaqdır. Bunu zaman göstərəcək. Oyun baxımından sonuncu yerə layiq deyilik.

- "Keşlə"nin heyətində itkilərin çoxluğu bugünkü nəticədə nə dərəcədə rol oynadı?

- Bizdə də itkilər var idi. "Bico" yarımmüdafiədə sabit oynayan futbolçudur. Dedimar isə mövsümün ikinci yarısında az oynamışdı. Vinçester isə xoşuma gəlmədi. Bu da onun ayağında zədənin olması ilə bağlı idi. Ona bir qol lazımdır ki, özünəinamı artsın. Bugünkü oyuna isə zədəli çıxmışdı. Hücumçu qıtlığımız olduğundan, onu dəyişə bilmədik.

- Sizcə, Dario Frederiko özünü başqa komandalara göstərmək üçün oynamır?

- Oyunçu kiməsə özünü sübut etmək istəyirsə, bunu hər oyunda etməlidir. Heç bir baş məşqçi futbolçunu bir oyunluq götürmür. O, özünü hər oyunda göstərməlidir. Rəqib də bizi analiz edir. Darioya bir qədər geniş məkan versən, istədiyini edəcək. Bu gün ona geniş məkan verdilər. Nəticədə sürətindən istifadə edərək, rəqib futbolçuları aldatdı. (Report.az)
 
Sport7.az

Xəbər lenti