Yunis Hüseynov üçün əla fürsət

Yunis Hüseynov üçün əla fürsət
Azərbaycan Kubokunun 1/8 final mərhələsində dünən keçirilən oyunlar acı bir həqiqəti yenidən ortaya qoydu. İllərdi davam edən bir tendensiya yenə də qüvvədədi. Bizdə Premyer Liqa təmsilçiləri ilə aşağı divizion arasında dərin bir uçurum var.
 
Hamımızın yadındadı, yayda "Səbail”in baş məşqçisi təyin olun Samir Əliyev elitanın debütantının heyətini büsbütün dəyişmişdi. Komandanı diviziondan Premyer Liqaya çıxaran, bu işdə bir mövsümlük əməyi olan futbolçuların hamısına təşəkkür edilmiş, onlarla klub arasında bağlanmış müqavilə pozulmuşdu. Narazı qalanlar tapıldı. Həm həmkarlarımız, həm də futbolçulardan bəziləri narazılığını dilə gətirdi, bu cür davranışın azı mənəvi cəhətdən doğru olmadığını dilə gətirdilər. Amma Samir Əliyev neynəməliydi? Peşəkarlığı arxa planda, mənəvi öhdəçiliyi öndə tutub, "Səbail”i elitanın "qapazaltı”sına çevirmək özünün də, klubun da ad-sanına zərbə vuracaqdı. Şübhə etməyə dəyməz ki, həmin vaxt Əliyev heyəti dəyişdirməsəydi, indi "Səbail”in aktivində 13 xal olmaz, debütan "Keşlə” ilə "Kəpəz”i qabaqlamazdı.
 
Yenidən yayı xatırlayıb, köhnə söhbətləri təzələməyim səbəbsiz deyil. Bu haqda hələ dünəndən, "Neftçi” – "Zaqatala” qarşılaşması başa çatandan düşünürəm. Elita ilə aşağı dəstə arasındakı ciddi səviyyə fərqi hələ də mövcuddu. Divizion təmsilçiləri ölkə kuboku uğrunda mübarizəyə elə iştirak xatirinə qatılır, ilk ciddi sınaqdaca mübarizədən kənarlaşdırılır. "Qarabağ” meydanda gəzişə-gəzişə, əsas heyət üzvü sayılmayan futbolçularla "Qaradağ Lökbatan”ı məğlub etdi, "Neftçi” isə "Zaqatala”nın qapısına beş cavabsız top vurdu. Nəzərə alaq ki, "Qaradağ Lökbatan” hazırda divizionda ilk pilləni ələ keçirib, turnir cədvəlinə inamla liderlik edir.
 
Bu gün də həmin tendensiyanın davam edəcəyi çox inandırıcıdı. Müəyyən mənada "Səbail”in "Şüvəlan”la, "Keşlə”nin isə MOİK-lə oyunda çətinlik çəkəcəyini düşünmək olar. "Sumqayıt”ın "Sabah”ı, "Zirə”nin də "Xəzər”i öz yolundan asanlıqla kənarlaşdıracağına isə şübhə etməyə dəyməz. Bəlkə də bu qarşılaşmalarda "Neftçi”nin dünənki rekordu da təzələnəcək. Ən maraqlı və vacib oyun isə Gəncədədi.
 
"Qəbələ”yə 1:6 hesablı məğlubiyyət "Kəpəz” azarkeşlərini sarsıdıb. Bu sarsıntının Yunis Hüseynova olan inama təsiri də şübhəsizdi. Bəli, gəncəli futbolsevərlər top oyununun incəliklərindən xəbərdardı. Onlar bilirlər ki, Yunis bəyin hazırkı heyətlə böyük işlər görəcəyinə, rəqiblərin kürəyini bir-bir yerə vurub, Gəncədən xalsız yola salacağına inanmaq çətindi. Ortada Tərlan Əhmədov nümunəsi olsa belə. "Kəpəz”in yerlilərinin də, legionerlərinin də səviyyəsi, qiymətləri bəllidi. O da məlumdu ki, hazırkı büdcəylə bu futbolçulardan ciddi mənada fərqlənənləri tapmaq, Gəncəyə gətirmək asan olmayacaq. Bununla belə gəncəli mütəxəssisin doğma şəhərin komandası üçün fədakarlıq edəcəyinə, möcüzəni gerçəkləşdirəcəyinə inanlar da var idi. Belələrinin sırasının seyrəkləşməməsi, Hüseynova verilən dəstəyin azalmaması üçün "qara zolaq”dan tez çıxmağa, "Qəbələ” ilə oyundakı faciəni tez unutdurmağa ehtiyac var.

"Binə” isə bunu reallaşdırmaq üçün münasib rəqibdi. Qəsəbə təmsilçisini məğlub etmək, çətin məqamda kubokda mərhələ keçmək "qara zolaq”dan çıxmaq üçün hava-su kimi vacibdi. Yunis Hüseynov bunu bacarmalıdı. Özü də baxımlı oyun, gözəl qollar və mümkün qədər böyükhesablı qələbə ilə. Bu əla fürsət əldən çıxsa, sonrası daha çətin olacaq.

Amal ABUŞOV
 
 

Xəbər lenti