“Yuventus”, “Feyenoord”, “Seltik” və “Qarabağ”...

“Yuventus”, “Feyenoord”, “Seltik” və “Qarabağ”...
Adlarını çəkdiyim klubların hərəsi öz ölkəsinin çempionudu. Ad-sanları, Avropada qazandıqları imic var. Minlərin, milyonların könül verdiyi markalar, klublardır.

Onların arasında təkcə "Qarabağ” Çempionlar Liqasının debütantıdı. "Qoca sinyora”nın titullarını saymağa başlasaq, xeyli zamanımız gedər. Elə bu il Çempionlar Liqasının finalında "Real”la qarşılaşdıqlarını xatırlamağımız yetərlidi. İki il bundan əvvəl də Turin klubu dünyanın ən nüfuzlu klub turnirində finala yüksəlmişdi.

Hollandiya çempionu "Feyenoord” ölkəsinin köklü klublarındandı. Uşaq futbolundakı şəraitə, infrastrukturuna, ənənələrinə həsəd apara bilərik. Bir dəfə Çempionlar Kubokunu, iki dəfə isə UEFA kubokunu qazanıb. Muzeyindəki qənimətlər arasında İntertoto Kuboku da var. Bir vaxtlar biz həmin turnirdə mərhələ keçəndə sevincimizdən ağlımızı itirirdik.

"Seltik” bizə yaxşı tanışdı. "Qarabağ”ın Çempionlar Liqasının qrupuna gedən yolunu bağlayan üç rəqibdən biri. Xatirimizdə cansıxıcı futbolu ilə, Şotlandiyadakı oyunun yayımına icazə verməmələri ilə qalıb. Ölkəsinin 48 qat çempionu olan "Seltik” bir dəfə Avropanın ən güclüsü adını qazanıb, bir dəfə də kubok qazanmaq şansını finalda itirib. UEFA kubokunda da finalçı olmağı bacarıblar. Avropa təcrübəsi elə "Yuventus” və "Feyenoord” kimi uzun illər ərzində yetərincə zənginləşib.

Bu həftə start götürən Çempionlar Liqasının qrup mərhələsinin yeni mövsümü onlar üçün də uğursuz başladı. Messi heç vaxt bacarmadığını etdi, Buffonu topu tordan çıxarmağa göndərdi. Rəqib "Barselona” olsa belə, biz "Yuventus”un 0:3 hesabıyla uduzmasına öyrəşməmişik. "Seltik” və "Feyenoord” üçün start daha acınacaqlı oldu. Rotterdama Çempionlar Liqasının uzun fasilədən sonra dönüşü şəhərin sevimli komandasının 4 cavabsız qolla uduzmasıyla "əlamətdar” oldu. PSJ isə "Seltik”i "Celtik Park”da pərən-pərən saldı. Sözsüz ki, 0:5 hesablı məğlubiyyət Şotlandiya çempionu üçün tarixin acı məğlubiyyətlərindən biridi.

Amma şübhə etmirəm ki, İtaliyada da, Hollandiyada da, Şotlandiyada da bu məğlubiyyətləri faciəyə çevirmirlər. Çünki sevimli komandalarının hansı səviyyəli turnirdə iştirak etdiyini, rəqiblərin gücünü düzgün qiymətləndirirlər. Çempionlar Liqası kimi dünyanın ən nüfuzlu klub turnirində yarışmağın, könül verdikləri klubun oyunlarda o möhtəşəm himnin səslənməsinin keyfini çıxarırlar.

Gəlin bizdə elə edək. Dünən mən də sizin kimi 0:6 hesablı məğlubiyyətin acızını, fəsadlarını bütün gün ərzində hiss etmişəm. Amma bunu özümüzə çox da dərd etməməliyik. Biz artıq "Lex”ə, Zaqreb "Dinamo”suna, "Partizan”a uduzmuruq. Avropanın ən güclü çempionatının nəhənglərindən birinə məğlub olmuşuq. Özü də daha çox start həyacanını, Çempionlar Liqasının əzəmətinin gətirdiyi gərginliyi üzərimizdən ata bilmədiyimizə görə. Başımızı dik tutaq, "Qarabağ”la fəxr edək. Məğlubiyyəti incələməyi, səhvlərdən nəticə çıxarıb futbolçularını yeni "döyüş”ə hazırlamağı Qurban Qurbanov bacaracaq!

Amal ABUŞOV


Xəbər lenti