"Öz-özümə təyinat verməyim yalan sözdü" - Yaşar Abbasov


Hakimlər Komitəsini sədri Xaqani Məmmədovun köməkçisi, yan hakim Yaşar Abbasov işdən çıxarılıb.

Sport7.az xəbər verir ki, artıq xeyli müddətdi sədr köməkçisi kimi çalışan Yaşar bəy haqda birdən-birə belə qərar çıxarılması birmənalı qarşılanmadı. Hətta, bəzi mənbələrdə onun səlahiyyətini aşdığı və özü-özünə təyinat verməsi haqda məlumatlar da yer alır. 

Ancaq Abbasov Sport7.az-a verdiyi açıqlamada deyilənləri təkzib edərək, işindən ayrılmasının səbəbini fərqli izah etdi:

"Burda nə var ki? Camaat gündə işdən çıxır, yeni işə girir. Sadəcə, öz xahişimlə AFFA-da işdən çıxmışam. Amma hakimliyi davam etdirəcəm. Heç bir problem olmayıb. Özümün başqa, şəxsi işlə rim var, bununla əlaqədardı. Ərizəmi də yazıb baş katibdən xahiş etmişəm ki, məni işdən azad etsin. Normal qəbul olundu, Elxan müəllimə hakimliyimi davam etdirəcəyimi bildirdim. Hakimliyin başqa işə maneçiliyi olmayacaq. 

Öz-özümə təyinat vermişəm? Yalan sözdü. Mənə Xaqani Məmmədov təyinat verib həmişə. Mən sadəcə işlərimi görürdüm və AFFA-nın işçisi kimi maaş alırdım. Xaqani təyinatları yazırdı, mən də sadəcə çap edib qoyurdum onun qarşısına. Mənim səlahiyyətim çatmır təyinat verməyə. Mənim işim çap etmək idi. Yəni ki, problem yoxdu. AFFA-ya da gedib-gələcəm, hakimlərin iclaslarında iştirak edəcəm. Sadəcə, özümə daimi iş yeri seçmişəm. Yəqin ki, hakimliyimə mane olmayacaq. Həftəarası oyunlar olsa da, işdən icazə alıb gələcəm. İndidən sonra 10, 12 il, nə qədər qüvvəm çatsa hakimlik edəcəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR