Yanvarın 24-də Yunis Hüseynov "Keşlə”nin baş məşqçisi
postundan istefa verdi. Onun boşaltdığı yer isə Sənan Qurbanova nəsib oldu.
Sport7.az xəbər verir ki, Sənan Qurbanovun da "Keşlə”dəki
günləri elə uzun sürməyə bilər. Bununla bağlı klubun formal Müşahidə Şurasısının
rəhbəri, de-fakto prezidenti Zaur Axundovun özünəməxsus planı var.
Belə ki, Qurbanovla "Keşlə” arasında cəmi 5 aylıq,
yəni hazırda davam edən mövsümün sonuna qədər müqavilə imzalanıb. Müqavilənin
müddəti ilə bağlı məlumat "Rekord.az”a daxil olub. Sənan bəyin qarşısına avrokuboklara
vəsiqə qazanmaq hədəfi qoyulub ki, hazırda belə tapşırıq heç də real görünmür.
Deməli, ən geci yayda "Keşlə” ilə Sənan Qurbanov yolları ayıracaq. Klubun
hansısa uzunmüddətli strategiyasından söhbət belə gedə bilməz.
Bu isə o deməkdi ki, Zaur Axundov Sənan Qurbanova
bel bağlamır. Qurbanovun "Keşlə”yə baş məşqçi təyin olunması AFFA-nın istəyi ilə
baş tutub. Konkret olaraq, Elxan Məmmədovun belə bir tapşırığı var. Uğursuzluğa
düçar olan klublar bir müddət yerli məşqçilərə tapşırılmalıdı. Bu siyasət isə
bir güllə ilə iki quşun vurulmasına hesablanıb. Həm "AFFA yerli məşqçiləri işlə
təmin etmir” tənqidləri azaldılacaq, həm də "bu da yerli məşqçilərin bacarığı,
onların səviyyəsi aşağıdı” bəhanəsinə zəmin hazırlanacaq.
Tez-tez məşqçi dəyişməsiylə ad çıxaran Zaur Axundov
da uzağı beş aydan sonra Sənan Qurbanovu istefaya göndərməklə yeni məşqçi
axtarışına çıxacaq və sevimli əməllərinə davam edəcək.