Zaur Əzizov:

Zaur Əzizov: "Bunda qeyri-adi nəsə axtarmaq lazım deyil"

Bir müddət öncə "Qəbələ"nin braziliyalılara veriləcəyi ilə bağlı xəbərlər gündəmi zəbt etdi. Daha doğrusu, sponsor çətinlikləri ilə üzləşən rəhbərliyin Braziliya klubları ilə əməkdaşlığa başladığı bildirilir. Bölgə təmsilçisi sözügedən ölkənin A Seriyasında və ştat çempionatında çıxış edən komandalarla işbirliyi qurmağa qərar verib. Məqsəd 17-18 yaşlı futbolçuları Cənubi Amerikadan bura gətirmək, sonra da Avropaya satmaqdır. Artıq yanvarda bir neçə gənc futbolçunun da Azərbaycana gələcəyi bildirilir. Təbii ki, "Qəbələ" və Braziliya klubları da bu əməkdaşlıqdan qazanacaq. Belə ki, razılaşmaya əsasən, "Qəbələ" "sambaçılar"ın üçüncü tərəfə satışından əldə edəcəyi məbləğin minimum 20 faizini Braziliya klublarının hesabına köçürəcək. Bəs bu proses necə davam edəcək? Hər hansı bir yenilik gözlənilirmi? Bununla bağlı klubun baş meneceri Zaur Əzizovla danışdıq.

Zaur bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Bunda qeyri-adi nəsə axtarmaq lazım deyil. Onsuz da keçən il, komandaya 3-4 futbolçu baxış üçün dəvət olunmuşdu. Bu il isə bir neçə afrikalı futbolçu baxışa gəlmişdi. Onlardan biri bəyənilib. Bu bizim həmişə gördüyümüz işdi. Yanvarda yenə baxışa gələnlər olacaq ya yox, bu dəqiq deyil. Ancaq qeyri-adi heç nə yoxdu. Baxışa gələn futbolçuların bizi nə dərəcədə razı salıb-salmaması başqa məsələdi. Keçən il gələnlər arasında maraqlı oyunçular vardı. Amma çalışırıq ki, akademiyanın uşaqlarına daha çox üstünlük verək. Məsələn, dəvət olunan afrikalılardan biri axtardığımız, potensiallı uşaqdı və kriteriyalara uyğun gəlir. Onları gətirməkdə məqsəd komandaya kömək etməkdi. Eyni zamanda gələcəkdə satışından gəlir etmək mümkündü. İl ərzində oyunçularla maraqlanırıq. Onların arasında hansılar maraqlı gəlirsə, komandaya dəvət edirik. Təbii ki, bu ilk növbədə öz komandamızın gücləndirilməsinə xidmət edir. Bundan əlavə istər yerli, istərsə də əcnəbilər olsun, hansına təklif gəlirsə dəyərləndiririk. Sırf onları satış üçün gətirdiyimizi demək absur olar. Komandaya xidmət etsin, faydalı olsun. Onların satışı da normaldı. Ona görə də burada nəsə qeyri-adi bir şey yoxdu".

"Qəbələ"nin durumu ilə bağlı AFFA-da da müzakirələr aparılacaq. Belə ki, bu proses AFFA-nın İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə də salınıb. Maraqlıdı bununla bağlı "Qəbələ"yə, qurumdan hər hansı bir təklif gəlibmi? Zaur bəy ona ünvanladığımız bu sualın cavabında AFFA-dan "Qəbələ"yə heç bir təklif gəlmədiyini söylədi.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR