Zəfərlərini həyatda olmayan müəllimi ilə

Zəfərlərini həyatda olmayan müəllimi ilə "qeyd edən" dünya çempionu - Bandananın sirri

Keyleb Dressel yarışlardan əvvəl həmişə əlindəki mavi bandana ilə start blokuna yaxınlaşır. Ona baxaraq dua edir, qoxusunu içinə çəkir, öpür və yalnız bundan sonra startdakı yerini alır. Onun üçün bu bandana medallardan daha önəmlidi.
 


Sevdiyimiz insanları itirdikdən sonra onların olduğu xatirələrlə təsəlli tapırıq və ya onlara aid hansısa əşya bizim üçün ümid olur. Keylebin hekayəsində bandana həmin boşluğu doldurur. Oxuduğu məktəbdə bir müəllim var imiş, riyaziyyatdan dərs deyərmiş, adı - Kler Makkul. İstər dərslər, istər üzgüçülük... - həmişə Keylebin yanında imiş, ona dəstək olarmış. Məktəb illərindən sonra da əlaqələri itmir. Yanında olmasa belə, Dresselin hər uğurundan sonra onu təbrik edərmiş. Sonra bir gün Klerin döş xərçəngi olduğu ortaya çıxır. İki ilə yaxın mübarizə aparsa da, 2017-ci ilin noyabrında dünyasını dəyişir.
 


Klerin həyat yoldaşı dəfn mərasimində Keylebə yaxınlaşır və sevimli müəlliminin bandanasını ona verir. Kler xərçənglə mübarizə apararkən - kemoterapiyalardan sonra həmin bandanadan istifadə edərmiş. O gündən bəri də Keyleb bandananı yanından ayırmır. Hər dəfə start blokuna yaxınlaşanda, hovuzda uğurlar qazananda, rekordları sıralayanda bunları təkbaşına yox, müəllimi ilə birlikdə etdiyini düşünür:

"Həyatımda bandanadan daha önəmli əşya yoxdu. Hovuzda onun yanımda olduğunu düşünmək gözəldi. Kler hər yarışda mənimlədi və karyeramı bitirəcəyim günə kimi də bu, belə olacaq".

Keyleb 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatında 7 qızıl medal qazanaraq Maykl Felpsin uğurunu təkrarlamışdı. Kvandjuda isə 8 gün ərzində kolleksiyasına 8 medal (6 qızıl, 2 gümüş) əlavə etdi. Bu, bir ilkdi. Tarixdə bir DÇ-də 8 medal qazanan başqa kişi üzgüçü yoxdu. Bu səfər də həm blokun başında, həm də kürsüdə tək deyildi. Mavi bandanasını medal lentinə bağlayaraq, zəfərini hekayəsinin baş qəhrəmanı - sevimli müəllimi ilə birlikdə qeyd edirdi...
 




OXŞAR XƏBƏRLƏR