Zillətlər liqası

Zillətlər liqası
Millimiz son bir ilin ən vacib oyunu üçün Priştinaya yollanıb. Məqsəd Kosovonu məğlub etmək, Millətlər Liqasının D liqasının 4 qalibindən birinə çevrilməkdi. Bunu arzulayırıq. Özü də ürəkdən. Amma mən heç bir halda Kosovo ilə oyunun ölüm-qalım məqamına çevrilməsi ilə razılaşa bilmərəm. İlk gündən söylədiyim fikirlərin, gəldiyim qənaətin üstündə möhkəm dayanmışam.

Biz hansı üzlə özümüzü Avropa çempionatının final mərhələsində oynamağa layiq bilirik axı? Nəyimizlə, hansı futbolçumuzla, hansı çempionatımızla? Rəhmətlik Habil Əliyevin sözü olmasın, UEFA belə asan yolla final mərhələsinə vəsiqə verir, bəs öz abır-həyamıza nə gəlib?

Priştina hava limanından çəkilmiş şəkillərə baxdım. Hər şey əvvəlki kimidi. Millini müşayət edən AFFA rəsmiləri, İsgəndər Cavadovla Vaqif Sadıqpov, hətta mətbuat nümayəndələri də. Bir müddət gözə görünməyən, sonra da millidə inzibatçı kimi çalışacağı deyilən Aydın Rüstəmov da ön plana çıxıb. Şəkillərdə Qurban Qurbanovu görməsəm, millini yenidən Berti Foqtsun və ya Robert Prosineçkini çalışdırdığını düşünərdim. Bir az sonra da sağ tərəfdən Elxan Məmmədov çıxacaq və Aydını su ilə dolu hovuzun içinə itələyəcək...

Almandilli tərcüməçinin, həm  də Foqtsa birlikdə uzun müddət menecerlik edən Aydının ön plana çıxarılması ilk baxışdan təsadüfi görünə bilər. Unudanlara xatırladım ki, Aydının bir vaxtlar "milliləşdirilərək” qiymətə mindirilən Andrey Popoviç, Murad Hüseynov kimilərinə menecerlik etdiyi, Almaniyanın "Cosmosport” şirkəti ilə bilavasitə işbirliyində olduğu haqda mətbuatda xeyli informasiyalar yazılırdı. Və bunların heç biri təkzib edilməyib. Əcnəbi məşqçilərin gedişiylə millidə tərcüməçiyə də ehtiyac qalmamışdı.
 
Nə sirri-xudadısa baş katib əlini onun kürəyindən çəkmədi. Millinin Antalya toplanışı zamanı stadionun kənarındakı çantaları ora-bura dartan Rüstəmov yenidən yuxarı başdadı. Aydının "ekranlarda görünməsi” ilə yanaşı İsgəndər Cavadov da diktafonlar önünə keçib və sükutu pozubsa, deməli, elə zaman həminki zamandı. Yəni, AFFA-nın baş katibi Elxan Məmmədovun saatının göstərdiyi zaman.

Özü üçün zamanı o saatla hesablayan İsgəndər Cavadov dilə gəlir və deyir ki, Azərbaycanda hücumçu görmür. Ay sağ olun, cənab veteran. Elə mən də görmürəm. Hardadı o hücumçular? 10 ildən çoxdu ki, siz də AFFA-nın İcraiyyə Komitəsində oturmusuz və barmağınızı yuxarı qaldırıb, aşağı salmaqla məşğulsuz. Barmaq qaldırmaqla hücumçu yetimir, Cavadov. Onların yetişdirmək üçün əlinizi daşın altına qoymalı idiniz. Qoymağa cəsarətiniz çatmadısa, indi daldan daş atmağa, ilin ən gərgin oyunu öncəsi milli komanda ətrafında qeyri-sağlam mühit formalaşdırıb, futbolçular və məşqçilər üzərində əlavə gərginlik yaratmağa çalışmayın.

Sabah Millətlər Liqasının qrup mərhələsində final dəyərində bir qarşılaşma keçirəcəyik. Elxan Məmmədovun qolundakı saat bu oyunun bizim üçün sonuncu olacağını göstərir. Ondan sonra yeni planlar işə düşməlidi. Mən isə ümid edirəm ki, Priştanadakı nəticə bu ssenarinin önünə keçəcək, bu adamların arzuları gözlərində qalacaq.

Bilirəm, aranızda "daha sonra nə olacaq” sualına mənə ünvanlamaq istəyənlər var. Heç narahat olmayın. Bizim deyəcək sözlərimiz çoxdu. Zamanı gəlincə hamısını deyəcəyik.

Amal ABUŞOV
 

Xəbər lenti