"Zirə" və azarkeşlərinin nağılı

Biri var idi, biri yox idi. Təxminən 5 il əvvəl nəinki premyer-liqada, heç birinci divizionda "Zirə" adlı komanda yox idi. Bakının ən ucqar qəsəbəsində camaat normal həyat yaşayırdı, məsələn pomidor əkib-becərirdilər, satırdılar, hərə bir yolla ailəsini dolandırırdı. 

Bakı ilə aradakı ən azı saatyarım, ikisaatlıq məsafəni nəzərə alsaq çox güman ki, qəsəbədə futbolla maraqlananlar da az idi, onlar da hər dəfə şəhərə gəlib oyunlarda iştirak etmirdi. "Topaz"da oyunlara pul qoyuluşu edənlər də nəticələri uzaqbaşı KİV, televeziya və ya internet vasitəsi ilə izləyirdilər. Tək-tük hallarda kimsə bol vaxtından kəsib, o boyda məsafə qət edərək Zirədən şəhərə yollanıb hansısa oyuna baxırdı. "Qarabağ"ı, "Qəbələ"ni, "Neftçi"ni və digər peşəkar klubları ayda-ildə bir dəfə canlı görərdilər ya yox...

İllər keçdi, aylar dolandı, bir gün zirəlilər xoş xəbərə sevindilər. Eşitdilər ki, qəsəbədə futbol komandası yaradırlar, özü də iddialı olacaq. Ev oyunlarını da Zirə İdman Kompleksinin stadionunda keçirəcək. Zirəlilər onu da gördülər ki, komandaya illərini futbola sərf etmiş məşqçilər və futbolçular dəvət olundu. Elə klub rəhbərliyi də futbolla yaxından maraqlanan insanlardan formalaşdırılmışdı. Hansı ki, həmin vaxtlarda, bəzi klublar belə baxanda bir baş məşqçidən və komandadan ibarət idi.

Gün gəldi, AFFA və PFL-in dəstəyi ilə "Zirə" əvvəlcə birinci diviziona qəbul edildi. Bütün lazımi şəraitlə təmin olunan, Adil Şükürov və əsas köməkçisi, sonradan baş məşqçilik kimi ciddi məsuliyyəti üzərinə götürəcək Ayxan Abbasovun rəhbərliyi altında yavaş-yavaş, peşəkar futbola inteqrasiya olunmağa başlayan qəsəbənin futbolsevərləri meydanda bəlkə də heç vaxt xəyal etmədikləri bir komanda gördülər. Kifayət qədər ciddi və məqsədi Premyer Liqaya çıxmaq olan "Zirə"nin və zirəlilərin arzusu gerçəkləşdi.

Son günlər uğursuzluq zolağına düşən və "Neftçi" ilə oyunda istefaya çağrılan, hətta təhqir olunan həmin Ayxan Abbasov idi ki, hələ birinci diviziondan "Zirə"nin yanındadı, komandanın uğuru, həmin istefaya səsləyən azarkeşlərə sevinc bəxş etmək üçün əlindən gələni əsirgəmir. Komandanın birinci divizionda normal yer tutmasında və ordan da premyer-liqaya yüksəlməsində Ayxan bəyin məşqçi kimi heç də az əməyi olmayıb. Premyer-liqadakı debütündə rəqibləri özü ilə hesablaşmağa məcbur edən, sonda gümüş medallara sahib olaraq qəsəbənin adını yüksəldən, ötən il də avrokuboklara vəsiqə qazanmaqla vaxtilə pomidor əkən, sonradan azarkeşə çevrilən insanları sevidirdi. Yəni qısa vaxtda "Zirə"nin bu səviyyəyə çatmasında heç də az rol oynamamış Ayxan bəy əziyyətinin "bəhrəsini" "Neftçi" ilə oyunda gördü. Ona "rədd ol" deyib, istefaya səslədilər. Ancaq və lakin...

Ayxanın istefaya çağırılması nə dərəcədə məntiqli idi? "Qəbələ" çempionluğa oynayanda hələ Zirədə futbol yox idi. Amma indi Roman Qriqorçukun komandası da "qara zolaq"dadı. Yəni "Qəbələ" azarkeşlərinin ukraynalı mütəxəssisi istefaya səsləməyə daha çox haqqı var. Ələxsus də məğlubiyyət limitinin bitdiyi bir zamanda. Hər halda komanda neçə ildi çempionluq şanslarını mövsümün sonuna yaxın əldən verir. Cari mövsümün son 4 matçında da xeyli xal itirib və çempionluq yolunda zərbələr alıb. Bəs "Zirə"? Axı paytaxt təmsilçisi cəmi 4 yaşındadı. Üstəlik məqsəd ildən-ilə daha yaxşı komanda, gələcək üçün perspektiv formalaşdırmaq və nə vaxtsa bir gün çempionluğa real namizəd olmaqdı. Hazırda isə "Zirə"nin əsas məqsədi minimum avrokuboklarda çıxış etməkdi ki, ötən il bunun öhdəsindən gəlib. Bu il də şansları az deyil və sadəcə, bir neçə qələbə lazımdı. Bunun üçün Ayxan bəyi istefaya səsləmək yox, ona dəstək vermək və yanında olmaq lazımdı. Yeni məşqçi gəlsə, qələbə qazanıb avrokuboklara vəsiqəni təmin etsə belə, bu istənilən halda Abbasovun əməyi sayılacaq. Axı illərdi komandanı məhz Ayxan bəy formalaşdırıb, bu səviyyəyə gətirib. Həmin Ayxandı ki, hər dəfə komanda məğlubiyyətə uğrayanda heç bir bəhanə gətirmədən birbaşa özünü günahlandırır, o "azarkeşlər"ə də  dəstəklədikləri üçün təşəkkürünü bildirir. Yəqin ki, bu da onların məşqçiyə "təşəkkürü" və "dəstəyidi". 

Əlbəttə, istefaya səsləmək azarkeşin haqqıdı, danmaq olmaz. Amma bunu doğru zamanda, düzgün şəkildə yerinə yetirməmək məntiqsizlikdi. Hə, istefa qışqırmaq haqqı olan azarkeşlər komandanın bütün oyunlarında stadionu doldurmalıdı. Avrokuboklarda "Dalğa Arena"da "Astra" ilə görüşdə 6 minlik stadionu doldurmuşdumu həmin "istefa" qışqıran zirəlilər? Xeyr, hətta avtobus ayrılmasaydı, "Dalğa Arena"da tək-tük zirəli azarkeşə şahidlik edəcəkdik. Deməli...

İstənilən halda Ayxan Abbasov, "Zirə"dən qovulmağa deyil, hörmətli şəkildə ayrılmağa layiqdi. Özü artıq bacarmadığını görüb getmək istəyərsə, başqa məsələ. Lakin bunu rəhbərlik də gözəl anlayır ki, Abbasov çalışır, komandanı bu vəziyyətdə atıb getmək istəmir və ona şans verilməlidi. Ən azı "Zirə" və zirəlilər üçün etdiklərinə görə...

Səbuhi NƏRİMANOĞLU

Xəbər lenti