"Zirə"nin sabiq baş məşqçisi: "Verilən qərar komandanı dağıtdı"

"Zirə"nin sabiq baş məşqçisi Adil Şükürov hazırda çalışdığı klubun akademiyasından danışıb.

Şükürov Sport7.az-a açıqlamasında akademiyanın durumu ilə yanaşı yeniliklər və gələcək planlara da toxunub: "Akademiyada işlər qaydasındadı. Komandalarımızın hazırlıq dövrü keçməsinə, nələrsə etməyə çalışırıq. Komandamıza yeni uşaqlar cəlb edirik. Onların qalması üçün yer təşkil edirik. Nəticələrə gəlincə, keçənilki göstəricilərimizi qənaətbəxş saymaq olar. U-10 komandamız turnirdə 1-ci yeri tutdu. Digərləri 2, 4-cü pillələrdə yer aldı. "Zirə"ni artıq "Zirə" olaraq qəbul etməyə başlayıblar. Akademiyada bu işləri görəndən sonra artıq bizimlə hesablaşmağa başlayıblar. 

Adil bəy builki hədəflərindən də danışdı: "Ən böyük gözləntilərim U-16 və U-17 komandalarındandı. Çünki həm düzgün seleksiya işləri apardığımızı düşünürəm, həm də, perspektivli uşaqlar çoxdu. Aşağı yaş qrupları üçün də pis komanda toplamamışıq. U-11 keçən il final mərhələsində oynadılar. O cümlədən U-14-də eyni mərhələdə çıxış edib. U-13 komandamız da yaxşıdı, gözləntilərim çoxdu. Ümumiyyətlə ildən-ilə "artırırıq". Akademiyada 9 komandamız var. Amma perspektiv olaraq iki il əvvəl final mərhələində cəmi 1 komandamız vardısa, keçən il say 2-yə yüksəldi. Bu il ən azı 3 komandamızın final mərhələsində oynayacağını göstərirəm. Gedişat bundan xəbər verir. Böyük gözləntilərimiz olan U-17-nin məşqlərinə daha çox fikir veririk. Mən gələndən sonra akademiyadan bir nəfər, Pərvin adlı futbolçu artıq əsas komandaya cəlb olunub, məşqlərə qoşulur. 2000 təvəllüdlüdü. U-19-dan Tapdıq və Müşfiq adlı oyunçular da var. Düzdü Müşfiq "Bakı"nın yetirməsidi. Amma əsas komandaya gələndən həmin uşaqlar bizdədi. Danışdıq, "Bakı" hamısını bizə verdi. Bizimlə bərabər çempionluq yaşadılar. Çalışırıq ki, durum bundan daha yaxşı olsun".

Şükürov Birinci divizionla əvəzedicilərin çempionatının birləşdirilməsinin akademiyanın işinə də təsir etdiyini söylədi: "Bəli təsiri oldu. MOİK, "Şüvəlan" kimi komandalar bizə müraciət etdi. Onlara futbolçu icarəyə vermişik. Yenə də istəyiblər və verəcəyik. Oyunlar zamanı digər klublar görüb, uşaqlarımızı bəyənirlər. Bununla yanaşı mənfi təsiri də oldu. Keçən il hazırladığımız 2000/01/02 təvəllüdlü uşaqlarımız, yəni U-19, U-17 komandalarımızı demək olar ki, tamamən itirdik. Gənclər Liqasında keçənilkindən daha yaxşı çıxış etməyə çalışacağıq. Amma verilən qərar keçən il bünövrəsini qoyduğumuz komandanı dağıtdı".

Sport7.az

Xəbər lenti