Üzü qara üzqarası

Üzü qara üzqarası
Diqqətli oxucularımızın yadında olar. Ötən həftə milli komandamızın inzibatçısı İslam Abbasovla telefon əlaqəsi yaratmış, ondan Robert Prosineçkinin Bakıya nə vaxt dönəcəyini soruşmuşduq. Çox hörmətli İslam bəy bizə şənbə gününü nişan vermişdi. Şənbə günü ötdü, amma xorvat gəlmədi...

Bazar ertəsi cənab Abbasovu yenidən narahat etdik. Yenidən millinin baş məşqçisinin nə vaxt gələcəyini soruşduq. "Sabah səhər Prosineçki Bakıda” olacaq demişdi. Onun dediyi tarixdən bir sutkadan artıq vaxt keçib, hələ də Prosineçki Bakıya gəlməyib. Hələ İslam bəyə qədər AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlu "Futbol+” qəzetinə və başqa bir-neçə sayta Robinin gəlişi ilə bağlı qətiyyətli açıqlamalar vermiş, tarix göstərmişdi: "Gələcək və bizə hesabat verəcək!”
 
Prosineçki hələ də gəlməyib...

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov xorvatiyalı mütəxəssisin gəliş tarixindən danışıb. Ayın sonunu nişan verib. Diqqət yetirin. AFFA-nın sözçüsünün və millinin inzibatçısının yalançı çıxması onu daha da ehtiyatlı davranmağa məcbur edir. Guya ki, sözünün çəkisini qoruyur. Dəqiq tarix vermir. Ayın sonuna hələ beş gün var. Mümkündü ki, o tarixə qədər Robert xarici klublarla apardığı danışıqlara yekun vursun və AFFA ilə söhbəti bitirməyə gəlsin. Bəlkə də heç gəlmədi...
 
Gəlsə də, gəlməsə də dəyişən heç nə yoxdu. AFFA bir xorvatiyalı əhlikefin əlində aciz qalıb. Hesabat tələb etmələri bir tərəfə, onu heç Bakıya gəlməyə məcbur edə bilmirlər. Özünün ürəyi nə vaxt istəsə onda da gələcək!

Sual edə bilərsiz ki, Prosineçki bizim nəyimizə lazımdı, nə üçün bu haqda hər gün yazır, AFFA-dan xorvatın gəliş tarixini soruşuruq. Birinin eybi olanda həmin eybi ona deyirsən ki, o da öz eybini düzəltsin. Bizim AFFA-ya yönələn tənqidlərimizin kökündə bu prinsip dayanır. Əlimizi vicdanımıza qoyur, ölkə futbolunun inkişafı və imici naminə nöqsanları gündəmə gətiririk. Gətiririk ki, onları həll etsinlər, öz üzərlərinə düşən məsuliyyətin fərqinə varsınlar. Amma onların vecinə deyil. Bu boyda Azərbaycanın milli komandasını Prosineçkiyə möhtac ediblər, onun qarşısında yumruqlarını masaya vurmağa hünərləri çatmır. Biz yenə də onların eyiblərini deyirik. Deyirik ki, utansınlar, xəcalət çəksinlər, özlərini toparlasınlar, hərəkətə gəlsinlər, vicdanları onlara narahtçılıq versin.

Qurtulun bu üzqarasından. Üzünüzü qara etməsi yetmədimi? Yoxsa, üzünüzün qaralması sizin üçün xoşdu, bundan zövq alırsız?!

Amal ABUŞOV

Xəbər lenti