Özünə “Böyük oyun” düzəldən adam

Özünə “Böyük oyun” düzəldən adam
Özümə bir Vətən düzəldəm gərək,
Bundan da mehriban, bundan da qəşəng. (Ramiz Rövşən)

AFFA-nın baş katibi Elxan Məmmədovun Ramiz Rövşən yaradıcılığı ilə tanış olub-olmamasından xəbərsizəm. Düzü, inanmağım gəlmir ki, cənab Məmmədov böyük şairin şeirlərini oxuyur, onları əzbərləyir. Olsa-olsa təsadüfəm yaxın ətrafından eşidər. Yəqin ki, elə bu cür təsadüflərin birində də Ramiz Rövşənin özünə yeni vətən düzəltməsi haqda eşidib, həmin misraları bəyənib. Özünə "Böyük oyun” düzəltməyə qərar verib.

Bir az keçmişə qayıdaq. Azərbaycanın "Böyük oyun”u var idi. Ölkə çempionatının bəzəyinə çevrilən, Azərbaycan futbolundan azı bir addım öndə olan "Böyük oyun”. Prinsipallığın, rəqabətin əsası Gəncədə qoyulmuşdu. Xalları eyni olan "Neftçi” və "Xəzər Lənkəran” "Qızıl oyun”da qarşılaşmış, Azərbaycanın ən güclüsünün kim olduğunu möhtəşəm qarşılaşmada müəyyənləşdirmişdilər. Ondan sonra bu iki komandanın rəqabəti Azərbaycan futbolunun bəzəyinə çevrildi.
 
Sonradan məlum oldu ki, bizim futbol təsərrüfatını idarə edənlər, hakimlər, asayişin təmin edilməsinə cavabdeh olan "poqonlu” və "dubinkalı” əmi-dayılar bu oyunun böyüklüyünün yanında itib-batırlar, əzilirlər. Ona görə də başladılar "Böyük oyun”u kiçiltməyə, bu oyunu baş rol ifaçılarını qorxutmağa, zəiflətməyə.

Azarkeş rəqabəti, tribuna savaşı kənar təsirlərin nəticəsində, hakim səhvləri və futbol başbilənlərinin yersiz müdaxilələri ilə idarəolunması çətin prosesə çevrildi, öz gözəlliyini itirməyə başladı. Araya düşmənçilik toxumları səpildi. Məqsədli şəkildə ölkənin paytaxtı ilə cənub bölgəsini parçaladılar, düşmənə çevirdilər. Hədəf "Böyük oyun”u yox etmək, kiçiltmək idi.

O gərgin günlərin birində "Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov AFFA-ya çağırış etmişdi. Böyük təhlükələrin qarşısının alınması üçün ölkə futboluna rəhbərlik edənləri futbol meydanlarına, bölgələrə səfər etməyə səsləmişdi. Nə Elxan Məmmədov, nə də Elşad Nəsirov bu çağırışı qəbul etmədi. Əvəzində Tahir bəyin özü uzun müddətə meydanlardan kənarlaşdırıldı, ona böyük məbləğdə pul cəriməsi kəsildi. Çox keçmədi ki, bunun fəsadlarını hamımız gördük. "Neftçi”nin Lənkərana növbəti səfəri böyük iğtişaşlarla müşahidə olundu, təxribat törədildi, sadə azarkeşlər "dəmir barmaqlıqlar” arasına düşdü.
 
Daha sonra həmkarım Natiq Muxtarlı Elxan Məmmədova müraciət ünvanladı. AFFA-nın baş katibinin UEFA tərəfindən avrokubok oyularına nümayəndə kimi göndərildiyini xatırladan Muxtarlı onu "Böyük oyun”a dəvət etmişdi. Özü də qonaq kimi yox, AFFA nümayəndəsi kimi. Öz bilik və bacarığını paylaşmaq, yüksək təşkilatçılıq qabiliyyətini sərgiləmək üçün. Amma Natiq bəyin çağırışına da cavab gəlmədi, Elxan Məmmədov özünə əziyyət verib, Lənkərana yollanmadı. Nəinki Lənkəranda, ondan sonra baş katibi heç Qəbələdə də görmək mümkün olmadı. Ölkə kubokunun finalı da, "Qəbələ” ilə "Qarabağ” arasındakı nəfəskəsən oyunlar da onun üçün maraqsız idi.

Əvəzində "Böyük oyun”u azarkeşsiz keçirdilər. Sonra da "Xəzər Lənkəran”ın ölkə futbolunun səhnəsindən gedişinə nail oldular. Öz başları da dincəldi.

İndi Elxan Məmmədov özü üçün "Böyük oyun” düzəldib. Meydan onundu. Baş katib dekabrın soyuq axşamlarında birində özünə əziyyət verib, bilavasitə öz xeyir-duası ilə keçirilən həvəskarların qarşılaşmasına baxmağa gedib. Hələ mükafatlandırmaya da qatılıb. Həmin oyunun adını da "Böyük oyun” qoyublar. Özü üçün doğmadı, həm mehribandı, həm də qəşəng. Xeyirli olsun!

Amal ABUŞOV
 

Xəbər lenti