"Özünə hörmət edən məşqçi millimizi çalışdırmaz" - MÜSAHİBƏ

Sport7.az saytı futboldan kənar sahələrdə də çalışanların ölkə futbolu ilə bağlı fikirlərini, iradlarını işıqlandırmağa davam edir. 

Bugünkü müsahibimiz Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlidir. 

- Futbolla maraqlanırsınız? 
- Futbolla uşaq yaşlarından maraqlanıram. Demək olar ki, məktəb illərimin ən xoş və yaddaqalan xatirələri futbolla bağlıdır. Hətta çox vaxt dərsdən qaçıb, Türkiyə ikinci liqasının oyunlarını izləmək üçün evə gəlirdim. Bundan başqa "Futbol+" qəzetinin ən sadiq və daimi oxucularından olmuşam. Qəzetin bütün nüsxələrini saxlamışdım, bir də baxdım ki, evdə yüzlərlə qəzet var. Hətta bu gün jurnalistikada olmağımın və orfoqrafik səhvlər etməməyimin səbəblərindən biri də məhz futbola olan sevgi və oxuduğum qəzetlər olub (gülür)

- Futbol və mətbuat sevgisi bir yerə cəmləşib. Özünüz də futboldan yazmısınızmı?
- Haqlısız. Mən 2008-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olmuşam. Ancaq mətbuat və futbol sevgim uşaq yaşlarından formalaşıb. Hətta məktəb illərində əlimə mikrofon alıb, qohumlardan, tanışlardan müsahibə alırdım. Futboldan yazmağım isə tələbəlik illərinə təsadüf edir. Birinci kursda oxuyanda "Fanat.az" saytına yazılar göndərirdim, orada dərc olunurdu. Bu məni çox sevindirmişdi, daha sonra isə tələbəlik vaxtı "Xəzər TV"də İdman redaksiyasında praktika keçmişəm, o zaman bir neçə reportajım və süjetim efirə getmişdi. Yani, idmana, futbola çox da yad jurnalist deyiləm.

- Bəs nə əcəb buraxdığını idman jurnalistikasını? Yaxşı qazanc olmadığına görə (zarafat)...
- Mənə görə idman jurnalistikası çox dar sahədir. Yəni, burada meydan geniş deyil. İlk növbədə ona görə ki, hər kəs bir-birini tanıyır, tənqid etmək istədiyin insanlarla hər gün üz-üzə gəlirsən. Biz də mental dəyərlərə görə üz-üzdən keçmir (gülür). Ancaq reallıq odur ki, idman jurnalistikası yalnız futboldan asılıdır, sizdən soruşsam ki, basketboldan və ya həndboldan yazan idman jurnalisti var? Bəlkə də düşünəcəksiz. Futboldan da yazmağa bir şey yoxdur, hər şey ortadadır. Yəni, Azərbaycan futbolunu təhlil etmək üçün mütləq idman jurnalisti və ya mütəxəssis olmağa ehtiyac yoxdur. Sizə bir hadisə danışım, mən idman jurnalisti kimi çalışanda aşağı liqada mübarizə aparan iki klubun matçını işıqlandırmaq üçün stadiona getmişdim, oyunun ən qızğın anında baş məşqçi futbolçulara tapşırıq verirdi, bu anda futbolumuzun başbilənlərindən biri yuxarıdan baş məşqçinin üstünə qışqırdı ki, çox səs-küy salma, başım ağrıyır. Baş məşqçi də sakitləşdi və oyunun sonuna qədər ayağa durmadı. Bu olaydan sonra ölkə çempionatı gözümdən düşdü və idman jurnalistikasından aralandım.

- Bəs daha sonra ölkə futbolu ilə maraqlandınız? Misal üçün, ölkə çempionatını izləyirsiniz?
- Ölkə futbolu fərsiz övlad kimi bir şeydir. Yəni, nə birdəfəlik ata bilirsən, nə də düzəldə. Ona görə də biz nə qədər desək ki, futbolumuzla maraqlanmırıq, bu düz olmaz. Mən çempionatın oyunlarını izləyirəm, ancaq həzz ala bilmirəm. Əldəqayırma klublar, azarkeşsiz oyunlar yalnız bizdədir. Məsələn, bu yaxınlarda Türkiyə 4-cü liqasının oyununu izləyirdim, inanın ki, stadionda elə bir atmosfer var idi ki, kənardan baxan elə bilərdi ki, Çempionlar Liqasının finalıdır. Azarkeş futbolun oksigenidir, əgər biz azarkeşləri stadiona qaytara bilsək, hər şey düzələr. Onu da düzgün marketinq, gözəl və baxımlı oyunla edə bilərik. Daha Röyanı stadiona çıxarıb, uduş keçirməklə yox.

- Azarkeşlər də qaldı bölgələrdə ....
- Əslində, dünyanın hər yerində bölgə klublarının azarkeşləri sayəsində futbol gözəlləşir. Məsələn, Türkiyədə son illər çempionluğa oynayan "Başakşehir”in çox cüzi fanatı var. Yani, azarkeşlik gözəl oyunla yox, könüllə sevgi ilə olur. Zorla sevgi olmaz. Biz də vaxtilə "Xəzər-Lənkəran”, "Karvan”, "Şəmkir”, "Kəpəz”, "MKT-Araz" olanda çempionat tam fərqli idi. Məsələn, mən indi nəyə görə "Səbailə” və ya "Keşlə”yə azarkeşlik etməliyəm? Bu klublarla hansı ortaq nöqtəmiz var? Futbolu maraqlı etmək üçün regionları Premyer Liqaya qaytarmaq lazımdır. Bu da olmursa, çempionatımız ildən ilə maraqsız olacaq. Essyeni Bakıya gətirməkdənsə, rayonlarımızı çempionatı qaytaraq.
 


- Hələ millinin üzvlərinə xərclənən pullar. Nəticə isə... Hər halda son oyunları izlədiniz. Ürək dərmanından istifadə etdinizmi? (zarafat)...
- Bəli, izlədim. Gəlin, belə danışaq. Milli komandamız nə vaxt uğurlu oyun nümayiş etdirib? Bu gün faktdır ki, milliləri formalaşdıran uğurlu futbolçulardır. Bu futbolçuları da yetişdirən klublardır. Bizdə son 10 ildə Avropa demirəm, Türkiyə, Rusiya, Ukrayna səviyyəsində futbolçu yetişibmi? Bu gün dünya çempionu Fransanı məğlub edən Türkiyənin heyətində hər kəs gənc idi, heç futbolsevərlər fərli başlı o oyunçuları tanımırdı. Onlar hamısı Avropada, Almaniyada, Fransada yetişən gənclərdi. Bu gün Türkiyə çempionu olan "Qalatasaray”dan bir futbolçu da millidə oynamır, bizdə isə millinin əsasını "Qarabağ” təşkil edir.  Nəticə də göz önündədir. "Qarabağ”, "Qəbələ” Avropada uğurlu çıxışlar edib, nəyə görə onların oyunçuları ilə heç kim maraqlanmır, niyə transfer olunmurlar? Suallar çoxdur, nəticə isə odur ki, son 20 ilin ən uğursuz millisi qarşımızdadır. Bu belə də davam edəcək, hazırki qrupumuzda 4 xal toplasaq böyük şeydir. Milli sağalmaz yaramızdır, buna çarə tapan adam cənnətlik olacaq.

- O zaman burada baş məşqçini qinamağa dəymir, bacarmayan futbolçulardır? Azərbaycan millisi çox ad-sanlı məşqçiləri rəzil etdi...
- Bu ona bənzəyir ki, mənə ot verirsiz və deyirsiz ki, ətli yemək bişir. Məşqçinin əlində xammal olmalıdır, baş məşqçi əlində qaloşla dayanıb, futbolçuları onun altından keçirməlidir? Sadəcə, mən bilirəm ki, özünə hörmət edən baş məşqçi gəlib, bizim milli komandanı çalışdırmaz. Çünki, onun əlinin altında regional səviyyədə tanınan futbolçu olmayacaq, bu gün demək olar ki, bütün yığmalarda ən az bir Avropa səviyyəli futbolçu var, bizdə isə yoxdur. Ramil Şeydayev 2 oyunda qol vurdu, o qədər şişirtdik ki, partladı. Daha Rusiya Premyer Liqasında qol vura bilmir. Əgər bu gün futbolçular meydanda gəzişirsə, məşqə girmək əvəzinə "instagram”da tanış olduğu qızlara bilet paylayırsa, "like” yığmaq savaşındadırsa, hər hansısa uğurdan danışa bilmərik. Zidan 3 il ard-arda "Real”ı Çempionlar Liqasının qalibi etdi, kluba yenidən qayıdanda isə ilk tələni Eden Hazard oldu, yəni baş məşqçinin əlində futbolçu olmalıdır ki, ondan nəsə tələb edək.

- Qeyd etdiniz ki, millimiz nə vaxt uğur göstərib ki?! Bölgə klubları olanda da, çempionatda çoxlu klublar oynasa da, daha çox futbolçu ehtiyatı olan illərdə də millimiz uduzurdu, indi də. "Lənətli milli"di sanki...
- "Qarabağ” Çempionlar Liqasına vəsiqə qazanırsa, milli niyə Avropa Çempionatına çıxa bilmir? Bu sual ətrafında düşünməliyik, deyə bilərsiz ki, milli Pedro Enrike, Şehiç yoxdur ona görə, ancaq biz Almeydanı milliləşdirdik, nə oldu? Almeyda son matçda bərbad çıxış etdi. Milli lənətlənməyib, sadəcə futbolçular millini hiss etməlidi, milli qürur, ruh olmalıdır. Bu gün himnin sözlərini bilməyən adam Azərbaycan bayrağını necə qaldıracaq? Bir az vicdan olmalıdır oyunçularda. Mən anlamıram ki, bu qədər tənqiddən sonra da bunlar düzəlmirsə, deməli vecsiz insanlardır. 

- Bəs sizcə, hazırda millidə oynamağa layiq olub, ama kənarda qalan hansısa futbolçular var?
- Klublar heç çempionatda oynatmağa oyunçu tapmır, qaldı ki, millidə. Elə ən yaxşılar belə nəticə göstərir, bunlardam yaxşı futzalçılar filan olar...

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR