Abanqı

Abanqı "ağrıdan inildədən" toxunuş və ya "feyr-pley"ə tüpürmək

Kubokun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Zirə" - "Keşlə" matçında baş verənlərlə bağlı hələ də müzakirələr aparılır, hakim Elçin Məsiyevin idarəçiliyi haqda müxtəlif fikirlər səsləndirilir. Haqq qazandıranlar da var, qarşılşamanın gərgin keçməsində və qalmaqalın yaranmasında məhz Məsiyevi günahlandıranlar da.
 
Neçə gündü müzakirəsi bitməyən oyuna baxmayanlar üçün xatırladım ki, qarşılaşmanın 85-ci dəqiqəsində "Zirə"nin futbolçusu Lazar Corceviç rəqib komandanın hücumçusu Anatole Abanqı vurur. Abanq isə yerə yıxılaraq hakimdən penalti tələb edir və arzusuna çatır. Corceviç də qırmızı vərəqə ilə cəzalandırılır. Bu qərardan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov kəskin şəkildə etirazlarını bildirir. Nəticədə veteran futbolçu və onun köməkçisi Etun Yaqublu qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılır. "Keşlə"nin futbolçusu Sezar Meza-Kolli isə penalti fürsətini qaçırmır. Düzdü, matçın sonlarına doğru Sənan Qurbanovun komandası Meza-Kollinin müəlliflik etdiyi daha bir qol vurur. Ancaq "Zirə"nin məğlubiyyətində Məsiyevin həmin penalti qərarının böyük rol oynadığını və komandaya psixoloji zərbə vurduğunu deyə bilərik...

Mən məsələyə sırf qaydalar deyil, futbol, onun gözəlliyinin idmançıya yaraşmayan hərəkətlərlə pozulması, prinsiplərə tüpürülməsi, yəni mənəvi baxımından yanaşmaq istəyirəm. Bəlkə də heç kimin diqqətini çəkməyən bir anı yenidən gözlər qarşısına sərməyə çalışacam. Bəli, videotəkrara baxanda həmin epizodda həqiqətən Corceviçin rəqibinə əl uzatdığı və ona mane olmaq məqsədilə yüngülvari toxunduğu (Niyə yüngülvari toxunuş? Oxumağa davam edin...) görünür. Kitabda yazılan qaydalara görə rəqibə qarşı istənilən kobudluq cərimə və ya cəza ilə qiymətləndirilməlidi. Hakimlər də durumu qiymətləndirdilər. Bəli, kitabda yazılan qaydalara görə... Amma... 

İndi gəlin həmin epizodun təkrarını bir də, lap dəfələrlə izləyək. Şəxsi fikrimdi, Corceviçin o yüngülvari toxunuşu kimisə yerə sərib ağrıdan inildədəcək qədər güclü zərbə deyildi. Belə "zərbənin" ələxsus da heç bir idmançıya hansısa ciddi fiziki zərər yetirəcəyi qənaətində deyiləm. Lakin həmin toxunuşdan sonra Abanq yerə sərilib özünü elə göstərdi, inildədi ki, sanki rinqdə Mayk Taysonun güclü zərbəsinə tuş gəlib. Hakimin diqqətini çəkib penalti arzusuna çatandan sonra isə ayağa qalxıb, heç nə olmayıbmış kimi oyuna davam etdi. Elə bu məqamda da, mənə görə, Abanq futbol prinsiplərinə, "feyr-pley"ə tüpürmüş oldu. Düşünürəm ki, Rəşad Sadıqov da məhz buna, idmançının idman prinsiplərinə tüpürüb, "qələbə üçün hər yol mübahdı" fikirini rəhbər tutmasına etiraz edirdi. Sadəcə, Sadıqov fikirlərini futbolçuya və ya onun məşqçisinə deyil, bir qədər emosional şəkildə hakimlərə bildirdi. Yəqin aranızda dünyanın yaşıl meydanlarında bu kimi hallara rast gələnlər var. Bəli, olur, mən də görmüşəm. Amma düzgündürmü? Futbol kişi oyunudu, meydanda da kişilər mübarizə aparır. Hər belə yüngülvari toxunuşdan sonra özünü yalandan yerə atıb, sanki dəhşətli ağrıyırmışsan kimi inildəyəcəksənsə və istəyinə çatandan sonra durb deyə-gülə oyuna davam edəcəksənsə o zaman peşəkarlıqdan danışmağın mənası varmı? Sizə bir nümunə deyim. Yəqin ki, futbolsevərlər arasında Messinin yaşıl meydanlarda necə xariqələr yaratdığını, cəldliyi, güclü texnikası hesabına bəzən 4-5 futbolçunun başına hansı oyunları açdığını görməyən yoxdu. Ələxsus da belə futbolçular rəqiblərin kobudluğuna tez-tez məruz qalır. Messi də oxşar hallarla çox qarşılaşıb. Ancaq düşünmürəm ki, Messi hansısa oyunda bu "yazılmamış qayda"dan istifadə edərək özünü yalandan yerə atıb hakimdən penalti və ya rəqib futbolçunu cəzalandırmağı tələb etsin. Abanq kimi "feyr-pley" prinsiplərinə tüpürən futbolçular isə təkcə Azərbaycanda deyil, dünyada da çoxdu. Onların hərəkətləri isə peşəkarlığa xas deyil. 

Yanlış anlamamanız üçün deyim ki, Corceviçə də haqq qazandırmaq niyyətində deyiləm. Yəni əsasən müdafiəçilərə xas olan hərəkətlə rəqibinə bir qədər kobud şəkildə (amma onu yerdə inildədəcək dərəcədə deyil) mane olmağa çalışmışdı. Əslində, belə hallar futbolda normal qarşılanır. Rəqibin müvazinətini itirməsi üçün ona yüngülvari toxunmaq, zəif şəkildə itələmək, köynəyindən tutub dartmaq futbolda adi qarşılanan hərəkətlərdi. Ancaq videotəkrardan göründüyü kimi "Zirə"nin müdafiəçisi rəqibini heç də yerə sərib inildədəcək dərəcədə güclü zərbə vurmamışdı. Əslində, mən bunu rəqibə psixoloji təzyiq kimi qiymətləndirərdim. Həmin anda Abanqı görən elə düşünərdi ki, adamın ya qabırğası sınıb, ya da hansısa orqanına ciddi zərər dəyib. Lakin penalti qərarından sonra, qalxdı ayağa, normal şəkildə oyuna davam etdi. Bundan sonra məncə başqa sözə ehtiyac yoxdu.

Onu da qeyd edim ki, durumun qalmaqal həddinə çatmasında hakimlərin də rolu az olmadı. Yəni istəsəydilər belə vəziyyət yaratmaya bilərdilər. Buna görə də onlara heç kim bir söz deməzdi... Məgər daha peşəkar və təcrübəli hakimlərin timsalında belə hallar az olub?

Fikrimi belə yekunlaşdırım ki, futbol gözəl oyundu. Amma gözəlliyinə bu cür hərəkətlərlə xələl gətirmək elə futbola xəyanət kimi bir şeydi.
 
Həmin anların təkrarını bu videoda izləyə bilərsiz:
 

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR