Eyniadlı şəhəri təmsil edən "Sumqayıt”ın AFFA-yla
yaxınlığı hər kəsə məlumdu.
Sport7.az xəbər verir ki, futbol meneceri Riad Rəfiyevin
prezident təyin edildiyi "Sumqayıt” daim AFFA-nın diqqət və qayğısını, eləcə də
nəvazişini yaxından hiss edib.
Maraqlıdı ki, bu kluba rəhbər daim AFFA tərəfindən
təyin edilir və həmin rəhbərlər adətən, Elxan Məmmədovun yaxın dostları olur. "Sumqayıt”
həm də AFFA-nın daxilindəki məlum menecer qruplaşmasının əlində vasitədi. Belə
ki, Azərbaycanla heç bir bağlılığı olmayan əcnəbilər əvvəlcə "Sumqayıt”a gətirilir.
Daha sonra da onları "milliləşdirib” Azərbaycan millisinin üzvünə çevirirlər.
Süni surətdə qiymətı artırılan həmin "milliləşdirilənlər” daha sonra "Neftçi”də,
yaxud da AFFA-nın nəzarətində saxlanılan digər klublarda peyda olur.
"Sumqayıt”ın bu xidmətlərini AFFA da unutmur, Rəfiyevin
prezidentlik etdiyi komanda yetərincə əzizlənir. Bu dəfə də belə olub. Yanvarın
4-dən doğma şəhərdə təlim-məşq toplanışına başlayan "Sumqayıt” artıq Bakıda məskunlaşıb.
Daha doğrusu, Mərdəkanda. Xəzər dənizinin sahilində yerləşən "Dalğa Arena”da məşq
edən "Sumqayıt” millimizin təlim-məşq bazasını da "özəlləşdirib”.