Zaman-zaman azərbaycanlı futbolçuların "Biləcəridən
o taya” keçmək istəməsindən gileylənirik. Bizimkilər evin içində rahat pul
qazanıb, günlərini keçirməkdə daha çox maraqlı olur. Legioner olmaq, səviyyəli
çempionatlara can atmaq "onlarlıq” deyil. Amma bu mənada bir istisna var...
O da Amit Quluzadədi. İyunun son günlərində Moldova
çempionatında çıxış edən "Milsami”yə transfer olunan Amit bir vaxtlar "Fənərbaxça”nın
da hədəfində idi. İndiyə qədər Türkiyənin "Kayseri Ərciyəzspor”, Portuqaliyanın
"Atletiko”, Yunanıstanın "Larisa”, Kosovonun "Drita”, Bosniya və Hersoqovinanın
"Çelik” klublarında forma geyinən Quluzadə "Neftçi”nin yetirməsidi. Azərbaycanda
isə "Neftçi”dən başqa "Rəvan”, "Sumqayıt”, "Qəbələ” və "Səbail”in formasını
geyinib. Onunla söhbətə Moldovadakı vəziyyətdən "körpü” saldıq, "Qarabağ”ın rəqibindən,
De Byazinin təyinatından və milliyə dəvət gözləməsindən danışdıq.
- Hazırda ölkəmizdə kənarda çıxış edən azsaylı
legioner futbolçulardansan. Əvvəlcə sənin Moldovadakı işlərinlə maraqlanaq.
"Milsami"də işlərin necə gedir?
- Bildiniz kimi, burda çempionat sentyabrın 11-ə kimi
dayandırılıb. Klub rəhbərliyi, məşqçilər buna uyğun proqram hazırlayacaq və biz
də o plan üzrə hazırlığa davam edəcəyik. İndi əsas məsələ virusdana qorunmaqdı.
Amma ümumilikdə mənim işlərim pis deyildi. Fərdi olaraq hansısa problemim
yoxdu. Zədəli olmadığım vaxtlarda bütün oyunlarda meydana çıxmışam. Korona
bütün işləri alt-üst edir. Onsuz da millinin oyunlarına görə fasilə olacaqdı.
Amma buna qədər avqustun 16-da və 20-də iki oyuna çıxmalıydıq. Həmin oyunlar təxirə
salındı. Bizə qalan da gözləməkdi.

- Karyerana nəzər salanda, müxtəlif ölkələr, fərqli
klub adları görürük. Buna sənin əzmkarlığın, legioner olmaq həvəsin səbəb olub,
yoxsa Azərbaycanda istədiyin diqqəti görməmisən?
- Sözün düzü, legioner həyatı yaşamaq uşaqlıq arzum
olub. Allaha şükür olsun ki, mənə bu da qismət oldu. Özüm də bunun üçün həmişə
çalışmışam, əlimdən gələni etmişəm. Artıq buna öyrəşmişəm də. Hər bir fərqli
ölkədə yeni nələrsə görürəm, yeni dünya və futbolçular tanıyıram. Sözsüz ki, bu
da dünyagörüşümü artırmaqla yanaşı futbolçu kimi səviyyəmi yüksəltməyə kömək
edir. Bundan sonra da çalışacağam ki, daha çox ölkədə xaricdə oynayım, Azərbaycan
futbolunu uğurla təmsil edim.

- U-17, U-19 millisində və U-21-də bir xeyli oyun keçirmisən.
Əsas millidə isə bu rəqəm çox azdı. Bunun səbəbini nədə görürsən?
- Düzgün qeyd etdiniz, U-17 və U-19 millilərinin heyətində
Avropa çempionatlarında ən çox oyun keçirən azərbaycanlı futbolçu idim. Amma əsas
millidə bunu davam etdirə bilmədim. Berti Foqtsun vaxtında vəziyyət elə də pis
deyildi, ölkənin əsas komandasına müntəzəm dəvət alırdım. Həmin vaxt da xeyli gənc
idim. Robert Prosineçkinin gəlişi mənim "Sumqayıt”da oynadığım, daha sonra da
Yunanıstana yollandığım vaxtla üst-üstə düşdü. Özüm də eşitmişdim ki,
xorvatiyalı çalışdırıcı məni izləyir, adımı milliyə namizədlərin sırasına daxil
edib. Dəvət gözləyirdim, amma sonradan çağırılmadım. Sözün düzü, bunun səbəbini
özüm də bilmirəm.

- Millidən söz düşmüşkən, son məşqçi təyinatı ilə
bağlı fikrini soruşum. Canni De Byazi bizə lazım olan məşqçidi, yoxsa bizim
üçün məşqçisinin kimliyinin əhəmiyyəti yoxdu?
- Şəxsi qənaətimdi ki, Canni De Byazi Azərbaycan
futboluna uyğun məşqçidi. Çünki uzun müddət Albaniyada işləyib. Bu ölkəylə
bizim çempionatımızın səviyyəsi, ümumilikdə futbolumuzun vəziyyəti oxşardı.
Düşünürəm ki, onun iş təcrübəsi bizim də karımıza gələcək. Zaman da hər şeyi
göstərəcək. Bir qədər səbrli olmaq lazımdı. Mənim mövqeyim belədi ki, De Byazi
Azərbaycan futbolu üçün yaxşı işlər görə bilər.

- "Qarabağ" yenidən "Şerif"lə
qarşılaşa bilər. Moldovada "Qarabağ”la bağlı nə düşünürlər, bundan narahat
deyillər ki?
- Bunun üçün əvvəlcə həm "Qarabağ”, həm də "Şerif”
ilkin mərhələdəki rəqiblərini keçməlidilər. Ona görə də Moldovada daha çox ilk
rəqib haqqında danışırlar. Bir məsələ var ki, "Şerif”lə bağlı. "Qarabağ” əsasən
heyətini qoruya bilib. Cüzi dəyişiklik olub, amma "Şerif”in heyətində böyük dəyişikliklər
var. Futbolçuların çoxu yenidi. Mən də V turda "Şerif”ə qarşı oynamışam.
Hazırda nəsə demək çətindi. Sadəcə, bir üstünlük var ki, "Şerif” artıq 10-11 rəsmi
oyun keçirib. Çempionlar Liqası öncəsi daha iki transfer həyata keçirdilər.
Amma "Qarabağ”ın oyun təcrübəsi azdı, həm də Azərbaycan çempionunu çoxdandı ki,
iş başında görmürük. Bütün bunları nəzərə alanda proqnoz vermək bir qədər çətindi.
- Azərbaycanda istedadlı uşaqların futbolçu olması
üçün yetərincə şərait varmı? Özün övladlarının gələcəkdə Azərbaycan futbol
oynamasını istərdinmi?
- Bir qədər dərin mövzuya toxunmusuz. Bununla bağlı
günlərlə danışmaq olar. Bir müsahibədə bütün incəliklərdən danışmaq çətindi. Müəyyən
incəliklər var ki, onları mən bilirəm. Amma bu sualın cavabını sonraya
saxlayaq, inşallah, növbəti dəfə daha ətraflı danışarıq (gülür).
Amal ABUŞOV
Sport7.az