Avropa çempionatında bir qızıl və üç bürünc medal şansı

Avropa çempionatında bir qızıl və üç bürünc medal şansı

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürüb.

Sport7.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Musa Verdiyev startda Moldova güləşçisinə heç bir şans tanımayıb. Musa yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb.

Sübhan Səfərli ilk görüşdə yerli güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. Həmyerlimiz makedoniyalı rəqibini də tam üstünlüklə sıradan çıxarıb. Ancaq yarımfinalda erməni həmkarıyla bacarmayıb.
 
Ümid Məmmədov Avropa çempionatına Polşa idmançısı üzərində inamlı qələbəylə start verib. 1/8 finalda Gürcüstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesabdakı üstünlüyü əldən verən Məmmədov qarşılaşmanı məğlub başa vurub.
 
Səttərxan Allahverdili ilk mərhələdə Belarus güləşçisinə qalib gəlib. Həmyerlimiz daha sonra bolqar həmkarını yenib. Rusiya pəhləvanıyla gərgin keçən mübarizədə də sevinən tərəf olan Səttərxan adını yarımfinala yazdırıb. Alahverdili finalın bir addımlığında Gürcüstan güləşçisinə məğlub olub.
 
Azay İsmayılov debütdə belaruslu rəqibini sonuncu xal prinsipinə əsasən üstələyib. Ancaq daha sonra Fransa güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün İsmayılov təsəlliverici görüşdə iştirak hüququ əldə edib.

Sözügedən çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar bu gün keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR