Azərbaycan güləşində “yarpaq tökümü” – Stadniklə Toğrul millidən gedir?

Azərbaycan güləşində “yarpaq tökümü” – Stadniklə Toğrul millidən gedir?

Bu günlərdə Kiyevdə güləş üzrə beynəlxalq turnir start götürdü. Ukraynanın məşhur pəhləvanlarının və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil etdi.

Maraqlıdı ki, Kiyevə yollanan heyətdə bir çox tanınmış güləşçilər yer almamışdı. Bu güləşçilər arasında Toğrul Əsgərov, Hacı Əliyev, Şərif Şərifov və Mariya Stadnik var. Azərbaycan güləşinin aparıcı simalarının Kiyevə aparılmaması hər kəsdə sual yarada bilər. Olmaya, bu güləşçilər artıq karyeralarını bitirirlər, millidən uzaqlaşırlar?

Bu sualla "Futbol+” qəzetinin əməkdaşları Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalıya müraciət edib. Musalı hər bir güləşçisinin səfərə çıxmaması üçün fərqli səbəblər söyləyib:

"Toğrul Əsgərov təlim-məşq toplanışlarında iştirak edirdi. Bir qədər artıq çəkisi var idi. Bu problemi tədricən yoluna qoymağı planlaşdırırdı. Təbii ki, birinci lisenziya xarakterli turnirdə iştirakı gözlənilmirdi. İkinci analoji yarış üçün planlaşdırılmışdı. Tədricən formaya düşürdü. Kiyev turnirində də 79 kq-da iştirak etməliydi. Olimpiya çəkisi isə, bildyiniz kimi, 74 kq-dı. İkinci lisenziya turnirinə kimi çəkisini 74 kq-a salmalı idi. Amma komanda fevralın 7-də Dağıstana təlim-məşq toplanışına getməmişdən öncə zədələndi. Bu üzdən adı siyahıdan çıxarıldı. Ondan sonra hələ də məşqlərdə iştirak etmir, zədəsini tam sağaltmayıb. Onunla bağlı durum qeyri-müəyyəndi, sual altındadı. Necə olacağı, karyerasını davam etdirib-etdirməyəcəyi bilinmir. Bununla bağlı özü qərar verməlidi. Təbii ki, federasiya olaraq onun güləşməsinin tərəfdarıyıq və bunun üçün əlimizdən gələni edirik”.

Sərxan bəy üçqat dünya çempionu Hacı Əliyevlə bağlı bunları söylədi: "Hacı lisenziya xarakterli turnirə hazırlaşdığı üçün bu yarışa qatılmayıb. Bir müddət Bakıda bərpa prosesi keçdi. Tədricən formaya düşür. İnşallah, ondan da lisenziya gözləyirik. Ümumiyyətlə, onu da əlavə edim ki, Kiyev turniri bəzi çəkilərdə lisenziya xarakterli turnirlərə kimlərin qatılacağını müəyyənləşdirmək baxımından bir sınaqdı”.

Federasiya rəsmisi qadınlardan ibarət yığmanın lideri Mariya Stadniklə yanaşı, Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən, olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun heyətdə yer almamasını isə belə əsaslandırdı: "Stadnik hazırda yaşadığı Lvov şəhərində təlim-məşq toplanışını davam etdirir. Orda komanda, sınaqçı-rəqiblər var. Onun ilk qatılacağı yarış martın 4-7-də İtaliyada keçiriləcək turnir olmalıydı. Amma bu da sual altındadı. Böyük ehtimalla apreldə təşkili planlaşdırılan Avropa çempionatında mübarizə aparacaq. Bilirsiz ki, Mariya Stadnik Şərif Şərifovla birgə Tokio Olimpiadasına lisenziyanı təmin edib. Bu üzdən hər ikisi lisenziya xarakterli turnirlərdən azaddı. Amma Olimpiadaya qədər formada qalmaq üçün ən azı bir-iki yarışda iştirakları planlaşdırılıb. Stadnikdən fərqli Şərifov yüz faiz İtaliyadakı turnirə qatılacaq. Yəqin ki, ondan sonra Avropa çempionatında da güləşə bilər. Üstəlik, Şərifin bu il yarış təcrübəsi də var. Fransada keçirilən turnirdə güləşmişdi. Zədələndiyinə görə yarışı başa vura bilmədiyi də məlumdu”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR