Azərbaycan “Qarabağ”ı qazandı!

Azərbaycan “Qarabağ”ı qazandı!

Amal Abuşov

"Dnep”lə qarşılaşmanın başlamasına hələ üç saat qalır. Amma mən Respublika stadionunun ətrafındayam. Hər kəsin üzündə həyəcan və inam hiss olunur. Arenanın ətrafında dolaşıram. Sıravi azarkeşlərlə yanaşı polislər də, əsgərlər də oyunun əhəmiyyətini başa düşür. Futbol tariximizin ən vacib oyunlarından birinə hazırlaşdığımız hamıya bəllidi.

Foqtsun başımıza açdığı oyunlardan və millinin qarşılaşmalarının şəhərin ucqar bölgəsində yerləşən "Bakcell Arena”da keçirilməyə başlamasından sonra belə coşquya həsrət qalmışdıq.

Bir məqam diqqətimdən yayınmır, stadiona yönələnlərin uşaqdan tutmuş böyüyünə kimi hamısı xoşbəxt və qürurlu görünür. Qarşıma "Neftçi”nin mətbuat və ictimaiyyətlə əlaqələndiricisi, həmkarımız Gündüz Abbaszadə çıxır. O da digərləri kimi, həyəcanlıdı. "Kimlərsə fikirləşə bilər ki, biz rəqibik. Amma bu rəqabət ancaq Premyer Liqa oyunlarındadı. Məni stadiona gətirən vətənpərvərlik hissləri, azarkeşlik duyğularıdı. Bu axşam sona qədər "Qarabağ”ı dəstəkləyəcəyəm. "Qarabağ”ın qrup mərhələsində qazandığı qələbə, topladığı xallar bizim də hədəflərimizi böyüdür. Deməli, gələn mövsüm "Neftçi” Çempionlar Liqasının qrupunda qələbələr qazanıb, uğurun davamını gətirməlidi” deyir. Onunlar birlikdə mətbuat nümayəndələri üçün ayrılmış sektorlara doğru yönəlirik. Həmin an qarşılaşdığım mənzərədən ürəyim dağ boyda oldu, gözlərim doldu. Əlil arabasında əyləşmiş bir qrup fiziki qüsurulu azarkeş "Qarabağ” bayraqlarıyla "silahlanaraq” irəliləyirdilər. Deməli, futbol sevgisi, "köhlən atlar”a dəstək vermək arzusu heç bir əngələ baxmır. Halbuki onlar özlərinə əziyyət vermədən, evlərində oturub çay içə-içə oyunu televiziyadan izləyə bilərdilər. Buna görə də onları qınamağa heç kimin dili gəlməzdi. Amma "Qarabağ” sevgisi artıq bu xalqı öz əsarətinə alıb, hər kəsin ürəyi bu sevgi qarşısında duyğulanıb. Varlı-kasıb, sağçı-solçu, məmur-fəhlə, "Neftçi”li, "Kəpəz”li, "Şahdağ”lı, "Xəzər Lənkəran”lı demədən, hətta futbolla maraqlanmayanlar belə bu sevginin sehrindədi. Bütün Azərbaycan Qurban Qurbanova və onun yetirmələrinə minnətdarlıq duyğuları bəsləyir, onlara bir alqış, bir dəstək borcu olduğunu düşünür. Başqa cürə ola da bilməzdi.

Qısa müddətdə müşahidə etdiklərimi beynimdən keçirə-keçirə bir də gördüm ki, tribunadayam. İnsan selinə, "Azərbaycan-Azərbaycan”, "Qarabağ” hayqıran minlərlə azarkeşin sırasına qoşuluram. Bütün gördüklərimdən sonra qarşılaşmanın nəticəsi nə olursa-olsun özümüzü qalib sayıram.

Kiyevdə məğlub etdiyimiz "Dnepr”ə Bakıda uduza da bilərdik, lap qrupda bundan sonra xal qazanmarıq da. Amma sevgimiz, inamımız sarsılmayacaq.

Futbol meydanlarında qazanılan qələbələr gəldi-gedərdi, elə məğlubiyyətlər də. Ən əsası, Qurbanov və onun "Qarabağ”ı bu xalqın inamını, qürurunu, yumruq kimi birləşmək həvəsini və qələbə sevincini özünə qaytarmağı bacarıb. Ən vacib olanı da buydu. Bu qazancımızı bizdən "Dnepr”də ala bilməzdi.

Meydandan xalsız ayrılmağımızın çeşidli səbəbləri var. Hakim birinci hissənin əvvəlindəki iki penalti epizodundan heç olmasa birində obyektiv davransaydı, Reynaldo bir az oyuna daha çox can yandırsaydı, Şehiçlə Bədavi ikinci qolda məsuliyyətsizlik etməsəydilər, Muarrem əks cinahdakı Leroy Corca vaxtında ötürmə verə bilsəydi... bütün bunlar tamam başqa söhbətin mövzusudu. Yeri gələr, 1:2 hesabının səbəblərini də araşdırar, kimin harda səhvə yol verdiyini də qabardarıq. Amma bir şeyə əmin olun ki, məğlubiyyəti özümüzə dərd etməyə, üzülməyə dəyməz. Dünən yaşadıqlarımız möhtəşəm hissləri bir ömür boyu unutmayacayıq.

Ən vacibi odu ki, Azərbaycan "Qarabağ”ı qazanıb!

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR