“Azərbaycanda az sayda arena standartlara cavab verir” -

“Azərbaycanda az sayda arena standartlara cavab verir” - "CBC Sport"un baş redaktoru

Mövsüm sona yaxınlaşdıqca ölkə futbolunda maraqlı hadisələr yaşanmaqdadı. Həm çempionatın son turlarında, həm də kubokun yarımfinal matçlarında qeydə alınan hakim səhvləri əsas müzakirə mövzusudu. Başqa problemli məsələ isə oyunların yayın keyfiyyətinin aşağı olmasıdı. Məsələn, ölkə kubokunun yarımfinalının "Zirə” –"Keşlə” duelinin cavab görüşündə Lazar Corceviçlə Anatole Abanq arasında baş verən hadisə ilə bağlı normal görüntü tamaşaçılara təqdim olunmadı. Hətta qarşılaşmanın şərhçisi Elnur Məmmədli epizodla bağlı fikirlərini dilə gətirməkdə çətinlik çəkdi. Məhz belə amillər ictimaiyyətdə başqa fikirlər formalaşdırır. Görəsən, "CBC Sport” mübahisəli mövzuları niyə tamaşaçılara təqdim etmir? Bu istiqamətdə qaranlıq qalan bütün mübahisəli məqamlara aydınlıq gətirməsi üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq.

- Həm Azərbacan premyer-liqasının, həm də kubokunun matçlarında mübahisəli epizodların göstərilməməsinin səbəbi nədi?
- Burda xüsusi səbəb axtarmağa ehtiyac yoxdu. Hətta avrokubokların, müxtəlif böyük turnirlərin matçlarında belə, müəyyən epizodlar kameralardan kənarda qalır. Bütün dünyada yayın standartları var. "CBC Sport” da Azərbaycan premyer-liqasının qarşılaşmalarını buna uyğun çəkir. Ümumiyyətlə, çempionatın oyunlarında 6 kameradan istifadə edirik. Görüş ərzində topdankənar hansısa hadisə baş verirsə, həmin epizodla bağlı lazımi görüntü təqdim etmək bəzən mümkün olmur. Eyni hal hətta 24 kamera ilə çəkilən matçlarda da yaşanır. Dəfələrlə bunun şahidi olmuşuq. Stadionların çəkiləşə hazır və uyğun olmaması "CBC Sport” üçün əlavə çətinlik yaradır. Azərbaycanda az sayda arena normal yayın üçün standartlara cavab verir. Zirə İdman Kompleksi, təəssüf ki, belə stadionlardan deyil. Hamı şərhçi yerinin damın başında olduğunu bilir. Operatorlarımızın burdan çəkiliş edirlər. Bu da təbii ki, yayının keyfiyyətinə təsir göstərir. Çox sağ olsunlar ki, şərhçilər üçün damdakı yeri bağladılar. Yadınıza gəlirsə, "Zirə” premyer-liqada çıxış etdiyi ilk mövsümdə vəziyyət tam fərqli idi. Hətta mən öz həyatımı təhlükəyə ataraq işimi görürdüm. Bunların hamısı bir-birinə zəncirvari bağlı məsələlərdi. "CBC Sport” ilk gündən HD formada oyunları çəkir və yayınlayır. Buna görə də telekanala bu məsələlərlə bağlı irad bildirmək düzgün deyil. Hesab edirəm ki, işimizin öhdəsindən yaxşı gəlirik. Yenə qeyd edirəm, hətta 12 və ya 24 kamera ilə çəkilən matçlarda da bəzən epizodları tutmaq mümkün olmur. Adətən, yayınlar zamanı kameralar topu izləyirlər. Hadisə "dəli kürə”dən kənarda baş verirsə, hətta böyük yarışlarda belə bunu tutmaq çox çətin olur.

- Bəzən həmkarlarımız, bəzən də azarkeşlər sosial şəbəkələrdə telekanalın qəsdən, hakimləri qorumaq məqsədilə görüntüləri ictimaiyyətə təqdim etmədiklərini bildirirlər. Bu barədə nə deyə bilərsiz?
- Bununla bağlı, ümumiyyətlə, danışmaq istəmirəm. Çünki absurd fikirdi. Onların dedikləri heç bir məntiqə sığmır. Biz telekanal olaraq neytralıq. Yarandığımız dövrdən işimizi ən yüksək səviyyədə görməyə çalışırıq. Telekanalın burda nə marağı ola bilər? Bu barədə çox danışmaq istəmirəm, çünki absurd fikirlərdi.

- Belə fikirlərin formalaşmasına səbəb qarşılaşmalardan dərhal sonra və ya ertəsi PFL-in müzakirə doğuracaq epizodlarla bağlı videoları ictimaiyyətə göstərməsi olur. Hamı üçün də bu məsələ maraqlıdı: necə olur ki, PFL-in operatorları həmin anları tuta bilir, amma "CBC Sport”un yox?
- Kifayət qədər anlar olub ki, bizim operatorlar tutublar, amma qurumun əməkdaşları yox. Dəfələrlə PFL "CBC Sport”dan həmin görüntüləri istəyib. Bu, normal bir şeydi. Əlavə olaraq deyim ki, biz qarşılaşmanı yayın, qurumun operatorları isə texniki məsələlər üçün çəkir. Bu səbəbdən də biz bütün diqqəti topa veririk. Burda başqa səbəb yoxdu. Azca jurnalistikanı, televiziyanı bilən insan oturub bu məsələləri düşünər. Həm də müzakirə doğuran məsələlər bir komanda ilə bağlı deyil. Elə olub ki, həm "Sumqayıt”ın, həm "Qarabağ”ın, həm də "Zirə”nin epizodlarını tuta bilməmişik. Bu komandaların hamısı müxtəlif hədəflər uğrunda mübarizə aparır. Hər birinin rəhbəri də, baş məşqçisi də fərqli insanlardı. Sadəcə, bu fikirləri səsləndirənlər heç nəyə əsaslanmırlar. Müzakirə doğuran epizodların bir çoxu ictimaiyyətə təqdim olunur. "CBC Sport”da "Turdan sonra” verilişi var. Emin Abbasovla Rüstəm Əfsərli mübahisəli penaltiləri müzakirə edirlər. Burda mətbuat konfransları canlı yayınlar. Bizim işimizə baxan insan belə danışmaz. Ya da "CBC Sport”a qarşı qərəzli olan belə fikirlər səsləndirə bilər.

- Bizdə olan məlumata görə, VAR-ın Azərbaycan premyer-liqasında tətbiqi 2022/23 mövsümündən mümkün olacaq. Bilirik ki, bu sistem üçün oyunların minimum 8 kamera ilə çəkilməsi lazımdı. AFFA VAR-ın tətbiqinə daha tez qərar versə, "CBC Sport” buna hazırdı?
- VAR ilə bağlı hələ ki tam dolğun məlumat verə bilməyəcəm. Ancaq bunu deyə bilərəm ki, "CBC Sport”un baş direktoru Volkan Üst də bu layihə üzərində çalışanlardan biridi. Yəni bütün məsələlər nəzərə alınacaq.

- AFFA Hakimlər Komitəsi həm jurnalistlər, həm də klublar üçün oyun qaydalarına edilmiş əlavələrlə bağlı seminarlar keçirir. Ola bilərmi ki, "CBC Sport” vasitəsi ilə bununla bağlı hansısa proqram azarkeşlərə də təqdim edilsin? Ki, onlar da müəyyən epizodları özləri üçün normal şərh edə bilsinlər?
- Bizdə ölkə futboluna həsr olunan bütün verilişlərdə mübahisəli epizodlar müzakirə olunur və qonaqların fikirləri öyrənilir.
 
Mənbə: "Futbol+" qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR