"Belə matçlarda futbolçuların hazırlığını da düşünürük" - Qurban Qurbanov

Avrokuboklara hazırlığı Avstriyada davam etdirən "Qarabağ" Rusiya klubu "Arsenal"la yoxlama matçı keçirib.
 
Sport7.az xəbər verir ki, rəqibin 1:0 hesablı qələbəsi ilə bitən oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov klubun yutub kanalına açıqlamasında bunları söyləyib: "İlk olaraq, azarkeşlərimizdən başlamaq istəyirəm. Hamımız buna çox sevinirik. Bu qərarı eşidəndən sonra komandada əhval-ruhiyyə həddindən artıq yuxarıdır. İnanıram ki, yaxın gələcəkdə hər şey qaydasına düşər, 50 yox, 100 faiz azarkeşə icazə verilər. Hamımız onlar üçün darıxmışıq.
 
Avropa çempionatı da göstərdi ki, azarkeşsiz futbol futbola bənzəmir. Oyunçuların istəyi, məsuliyyəti azarkeşlərə görə birə-beş artır. Ona görə də bu xəbəri eşitməyimə çox şadam. İnanıram ki, yenidən güclü kollektiv olacağıq. Futbolumuz azarkeşlərimizlə birlikdə yaxşı səviyyəyə qalxa bilər. 
 
Çox istərdim ki, ilk "11-lik" üzvləri bu gün 90 dəqiqə meydanda olsunlar. Amma müəyyən səbəblərdən bəzi futbolçuları planlaşdırdığımızdan tez əvəzlədik. Düzdür, hər oyuna qələbə üçün çıxırıq. Oyunçuları da buna uyğun motivasiya edirik. Lakin hər bir halda belə matçlarda futbolçuların hazırlığını da düşünürük.
 
İnanıram ki, işlərimiz düşündüyümüz kimi gedir. Futbolçularımızın hazırlığı sonda daha yaxşı olmalıdır. Belədə son matçda tam düşündüyümüz oyunu sərgiləməyə çalışacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR