"Bu bütün futbol həvəskarları və ictimaiyyətin üzünə tüpürməkdir" - Aleksander Çeferin

UEFA-ya üzv olan bütün 55 milli assosiasiya Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb.

Sport7.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib. Sloveniyalı funksioner bildirib ki, təkcə futbol dünyası yox, ictimaiyyət və hökumətlər də vahid mövqedən çıxış edirlər: "Hamımız belə mənasız layihə ideyasına qarşıyıq. İngiltərə Futbol Assosiasiyası və Premyer Liqası, İspaniya Kral Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və A Seriyası, FIFA, bütün 55 milli üzv assosiasiya futbolun tam əleyhinə olan əcaib planlar əleyhinə yekdilliklə çıxış edirlər. Mən Böyük Britaniyanın baş naziri Boris Consona, Fransa prezidenti Emmanuel Makrona, Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasa, Avropa Parlamentinin prezidenti David Sassoliyə və bütün Avropa liderlərinə xüsusi minnətdarlığımı bildirirəm. Çünki onlar nəinki futbol, həm də Avropa dəyərlərinə, azarkeşlərə və mədəniyyətimizə hörmətlə yanaşırlar. Bu ideya bütün futbol həvəskarları və ictimaiyyətin üzünə tüpürmək deməkdir. Biz onların bunu etmələrinə imkan verməyəcəyik".

Çeferinin sözlərinə görə, FIFA və 6 futbol konfederasiyası bəyan edib ki, Superliqa komandalarında oynayan futbolçuların dünya və Avropa çempionatlarında iştirakları qadağan ediləcək, onlar öz ölkələrini heç bir oyunda təmsil edə bilməyəcəklər. UEFA prezidentinin fikrincə, bəzi insanlar üçün həmrəylik və vəhdət yox, yalnız onların cibləri mövcuddur: "12 klubun etdiyi hərəkət dəhşətli dərəcədə yalnışdır. Biz bunların hamısını bilirik. Hamı bilirdi ki, 2024-cü ildəki klub yarışlarının formatı buna oxşardır. Biz 247 klubla, liqalarla, milli assosiasiyalarla danışıqlar aparırdıq. Lakin qərar qəbuluna yetişdikdə kimsə tamamilə "şəffaf" nə iləsə gəldi. Bu, danışıqlar aparmağın qəribə üsuludur".

İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko” (Madrid), "Real Madrid”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, "Yuventus"dan Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR