Amal ABUŞOV
Sanki bütün dünya AFFA-nın, italyan çalışdırıcı
Canni De Byazinin qəsdinə durub. Gələn-gedən bizim yığma komandamızı məğlub
edir, yenilgilərimiz sıralanır. Amma digərləri yerində durmur, senasiya dalınca
sensiyaya şahidlik edirik. Bizim kimi "zəiflər” AFFA-ya sübut etməyə çalışırlar
ki, Azərbaycan millisindən başqa hamı inkişaf edir. AFFA-nın "yığılma komanda”ya
çevirdiyi Azərbaycan millisi isə "niyə də yox” deyə-deyə yerində sayır, ləngərləyir...
Qətərlə keçirilən müsabiqədən kənar oyunu nəzərə
alsaq, Canni De Byazinin çalışdırdığı komandamız ardıcıl üç oyunda uduzdu. Məğlubiyyət
elə məğlubiyyətdi. Bu yenilgilər minimal hesablı olsa belə, xal qrafamızın
qarşısında "0” rəqəmi yazılıbsa, sevinmək və öyünmək üçün heç bir əsas yoxdu.
Vurduğumuz qollar da penaltilərin sayəsindədi. Sonuncu dəfə Kiprin qapısına
oyun vəziyyətindən qol vurmuşuq. Vəssalam.
Ümumilikdə Azərbaycan yığması son üç ildə cəmi iki
qələbə qazanıb. Bu müddət ərzində Macarıstan, Slovakiya kimi ortabab futbol ölkələri
bizi evimizin içində dünyaya rəzil edib, Lüksemburqa uduzub, üzümüzü
qızartmışıq. Yenicə start götürən seçmə mərhələdə isə 55 ölkənin komandasından
cəmi doqquzu mart ayında keçirilən oyunlarda xalsız qalıb. Sözsüz ki, həmin o 9
komandanın arasında öz yerimizi möhkəmləndirmişik. Yol yoldaşlarımızın kimliyi
də təəccüblü gəlmir. Andorra, San-Marino, Lixtenşteyn, Cəbəllütariq...
Bəli, Azərbaycan millisinin problemi baş məşqçi
deyil. Komandamızı Şahin Diniyev çalışdıranda da kimisə təsadüfdən büdrədirdik,
Berti Foqts çalışdıranda da. İllərdi elin almanına, xorvatına, italyanına
pullarımızı yedirdirik. Berlində futbol məktəbi açırıq, Qafqaz dağlarının ətəyindən
başlayıb, ta uzaq Almaniyaya, İspaniyaya qədər futbolçu "milliləşdiririk”. Amma
ortada heç bir nəticə yoxdu. Deməli, problem futbolun idarəedilməsindədi, daha
doğrusu, onu idarə edənlərdə. AFFA-ya rəhbərlik edənlər deyəndə isə ağla gələn
ilk ad Elxan Məmmədovdu. 2007-ci ildən ölkə futbolunun ipləri bu adamın əlindədi.
AFFA-nın boz binasına dostlarını, tanışlarını doldurub. Milli komandaların
bahalı əcnəbilərə tapşırılması da onun ideyasıdı, kütləvi "milliləşmə” də.
Hamısı da bərbad, fiasko. Nəticə gözlərimizin önündədi.
Deməli, bu dəfə dəyişikliyə balığın başından
başlamaq lazımdı. Əcnəbi məşqçiləri qarşılayıb, yola salmaqla, "milliləşdirmə”
arealını genişləndirməklə bu iş olmayacaq. Kimləri başa oturtmadıq? Berti Foqts, Robert Prosineçki, Nikolay Yurçeviç, Bernard Lippert, Nikolay Adam. İndi də yağlı qazanın çömçəsi Canni De Byazinin əlindədi. Xımır-xımır yeyirlər, yanında da bir ordu köməkçisi. Elxan Məmmədovu Azərbaycan
futbolundan uzaqlaşdırmaq, AFFA-da köklü islahatlar aparmaq, uşaq futbolunu
dirçəltmək, "böyük futbol"un əyalətlərə kəsilən yolunu açmaq lazımdı. Elxan Məmmədovla
bu iş olmayacaq!