Daboyla Gerye Bakıdan niyə qaçdı? - Şok səbəb

Daboyla Gerye Bakıdan niyə qaçdı? - Şok səbəb

Amal ABUŞOV 
 
Haitili futbolçu Vild-Donald Gerye "Qarabağ”la yolları ayırdı. Onunla klub arasında narazılıq qış fasiləsindən sonra yaranmışdı. Bakıda keçirilən təlim-məşq toplanışına özünü vaxtında çatdırmayan Gerye 20 min dollar cərimələndi və əvəzedici komandaya göndərildi. Hər şey də bundan sonra başladı.
 
Sizin də yadınızda olar, "Qarabağ”ın Geryeye cərimə kəsməsi, futbolçunun əvəzedici komandaya göndərilməsi məlum olan kimi, bu barədə yazı qələmə almış, yaşananları inadkar və ipə-sapa yatmayan Geryenin ram edilməsi cəhdi kimi qiymətləndirmişdim. Yazının sonluğunda da "Qarabağ”ın bu cəzalarla futbolçunu ram etməyi bacarıb-bacarmayacağının sual altında olduğunu vurğulamışdım. Hiss edirdim ki, prosesin yekunu gözlənilməz şəkil alacaq və yarımmüdafiəçi asanlıqla ram olunmayacaq. Ehtimallarım özünü doğrultdu. Vild-Donald artıq "Qarabağ”ın futbolçusu deyil.

Maraqlıdı ki, pul cəriməsiylə bağlı xəbəri Gerye özü mətbuata sızdırdı. Onun qış tətilindən gec qayıtması Qurban Qurbanovu onsuz da hövsələdən çıxarmışdı. Futbolçunun dilini dinc qoymaması, mətbuata məlumat ötürməsi intizamsız davranışların davamı idi. Sanki haitili qəsdən Qurbanovu qıcıqlandırır, "Qarabağ”la münasibətləri bir an öncə bitirmək istəyirdi. Belə düşünməyimiz səbəbsiz deyil. Məsələ ondadı ki, Gerye "Qarabağ” üçün yad futbolçu deyil. Uzun müddət "Qarabağ”da forma geyən haitili "Neftçi”də də çıxış edib və yaxşı bilir ki, Qurban Qurbanov nizim-intizama ciddi fikir verən mütəxəssisdi. Belədə intizamsızlığın nə ilə nəticələnəcəyini yaxşı bilən futbolçunun sistematik səhvlərə yol verməsi heç də təsadüfə bənzəmir.

Gerye "Qarabağ”a nə vaxt qayıtmışdı? Yayda, "Neftçi” onu müqaviləsiz daha iki ay oynatmaq istəyəndə. Futbolçu praqmatik davranış sərgiləmiş, müqaviləsinin müddəti bitəndən sonra bir gün belə güzəştə getməyəcəyini açıqlamışdı. Həmin vaxt koronavirus pandemiyasının nəticələrini daha yaxından hiss edirdik. Azərbaycanı tərk etmək xeyli çətin idi. İqtisadi böhranın hökm sürdüyü, futbol klublarının maliyyə çətinlikləri içində boğulduğu bir ərəfədə xaricdə klub tapmaq, orda azı Azərbaycanda olduğu qədər qazanmaq asan görünmürdü. Belədə "Qarabağ”ın marağı, müqavilə təklifi Geryenin ürəyincə oldu. Həm uzağa getmək lazım gəlməyəcəkdi, həm də dayandığı yerdə yaxşı pul qazanacaqdı. "Qarabağ”da oynamağın "Neftçi”dən daha asan olduğu da heç kimə sirr deyil. Yaxşı futbolçulardan formalaşdırılan, əla baş məşqçisi olan komandada sabit çıxış etməyə nə var ki?! Üstəlik, "Qarabağ”ın oyun dəsti-xətti Gerye üçün yad sayılmırdı. Deməli, "Qarabağ”la yeni müqavilə bağlayan haitili bir güllə ilə iki quşu, bəlkə üçünü vurmuşdu.

İndi isə vəziyyət yaydakından fərqlidi. Artıq hava nəqliyyatı qismən bərpa olunub, pandemiya bir qədər səngiyib. Dünya futbolu da yavaş-yavaş özünə gəlir. Gerye də bunları yaxşı başa düşürdü. Deməli, Azərbaycanlı tərk etmək, ilk fürsətdə "Qarabağ”a arxa çevirmək olardı. Təsadüfi deyil ki, onun işsiz günləri uzun çəkmədi. "Qarabağ”la münasibətlərə son qoyulan kimi 31 yaşlı universal yarımmüdafiəçinin yeni klubunun adı məlum oldu. Özü də cəriməylə bağlı yaşanan ssenaridə olduğu kimi, bu dəfə də sevincək Gerye özü yeni klubunun adını mətbuata tez-tələsik ötürdü. Həmin klub isə bizə də yaxşı tanış olan "Apollon” idi. Sanki pusquda dayanıb, Azərbaycandan nazarılıqla ayrılan futbolçuları "ovlamaq” kiprlilər üçün xeyli zövqlü məşğuliyyətdi. Belə düşünməyimiz isə heç də səbəbsiz deyil. Hamımızın yadındadı ki, fransalı hücumçu Baqali Dabo da yayda "Neftçi”dən narazı ayrıldı. Onu da cərimələmişdilər və həmin cərimə Dabonun ürəyincə deyildi. Çox keçmədi ki, "Neftçi”dən ayrıldı və "Apollon”la əl sıxışdı. Sizcə, təsadüfdümü? Məncə, yox!

Çünki Daboyla Geryenin gedişi arasında oxşarlıq təkcə bu məqamlar deyil. Bu iki legionerin Azərbaycandan narazılıqla ayrılması və "Apollon”da peyda olması xeyli maraqlıdı. Diqqət yetirməli əsas nüans odu ki, hər ikisi Azərbaycandakı klubları ilə münasibətləri məqsədli şəkildə pozublar. Dabo evdə "Qarabağ” formasıyla gəzəndə, həyat yoldaşı bu görüntüləri sosial şəbəkədə paylaşanda yaxşı başa düşürdü ki, "Neftçi” həmin addımı cəzasız qoymayacaq. Bu cəza da klubdan ayrılmaq üçün bəhanəyə çevriləcək. Elə Gerye də qış fasiləsində "Apollon”la anlaşır və "Qarabağ”ın toplanışına gecikir. O da bilir ki, Qurbanov ona cəza kəsəcək və sonra həmin cəzanı ayrılıq üçün bəhanəyə çevirmək imkanı yaranacaq. Dabo da, Gerye də ailə üzvlərinin istəyi ilə Bakıdan qaçdılar. Daha doğrusu, həyat yoldaşlarının burda sıxılmalarına görə. Bitməyən karantin, açılmayan gözəllik salonları və kafe-restoranlar dəbdəbəli həyar sürməyə alışan futbolçu xanımlarının ürəyincə olmadı. Klub legionerləri üçün bahalı mənzil kirayələsə də, həmin mənzilin eyvanından Bakı bulvarına mənzərə açılsa da, yetərli deyildi.
 
Onlar gəzmək, əylənmək, günəşlənmək, çimərliyə getmək, axşamlar da elit restoranlarda şam etmək istəyirdilər. Bitmək bilməyən karantin rejimi isə buna imkan vermirdi. Cənubi Kiprdə həm günəş vardı, həm də müxtəlif içki və təamlarla dolu çimərliklər. "Apollon”un təklifi də məhz bu səbəbdən cəlbedici oldu. Onlar Bakıdan qaçdılar. Pulsuzluqdan yox, cansıxıcı karantindən. Buna heç şübhəm yoxdu!
 
Mənbə: "Futbol+" qəzeti




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR