Dünya Kuboku: Azərbaycan gimnastları finala vəsiqə qazandı

Dünya Kuboku: Azərbaycan gimnastları finala vəsiqə qazandı

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Sport7.az xəbər verir ki, yarışın ilk günündə fərdi və qrup hərəkətləri proqramında təsnifat yarışları keçirilib.

Əvvəlcə fərdi proqramda halqa və topla hərəkətlərdə Zöhrə Ağamirova ilə Arzu Cəlilova qüvvəsini sınayıb. Halqa ilə hərəkətlərdə 22.400 xal toplayan Ağamirova 16-cı olub. Cəlilova isə 20.100 xalla 36-cı pillədə qərarlaşıb. Ağamirova topla hərəkətlərdə daha yaxşı çıxış edib. 24.250 xal yığan gimnast 12-ci sıranı tutub. Cəlilova isə 23.450 xalla 15-ci olub. İki hərəkətin cəmində Ağamirova (46.650 xal) 12-ci, Cəlilova (43.550) 24-cü pillədə yer alıb.

Fərdi proqramda sıralamaya 51.500 xalla Rusiya gimnastı Lala Kramarenko başçılıq edir. O, Azərbaycan millisinin və Rusiya MOİK-inin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.

Qrup hərəkətlərində isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət Azərbaycan komandası uğurlu çıxışı ilə diqqət çəkib. 5 topla hərəkətlərdə 43 xal toplayan kollektiv 3-cü pillədə qərarlaşmaqla, finala vəsiqəni təmin edib.

Qeyd edək ki, Dünya Kubokunda təsnifat mərhələsi sabah da davam edəcək. Fərdi proqramda gürz və lentlə, qrup yarışlarında isə 3 halqa + 2 cüt gürzlə hərəkətlər yerinə yetiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR