Eyibləri üzə çıxaran PANDEMİYA

Eyibləri üzə çıxaran PANDEMİYA

Amal Abuşov
 
Ukraynanın prezidenti Vladimir Zelenski ali kürsüyə əyləşməsinin bir ili münasibətiylə yerli telekanallara müsahibə verib. Dövlət başçısı öz müsahibəsində koronavirus pandemiyası və ölkə səhiyyəsinin bu virusla apardığı mübarizədən də danışıb: "Hazırda bizim tibb sektorumuz ciddi islahatlara ehtiyac duyur. Bu sahədə bir çox açıq suallar var. Koronavirus göstərdi ki, islahatlar qaçılmazdı. Xəstəxanalar bu vəziyyətə hazır deyildi, xəstə yataqları infeksiyaya yoluxanları yerləşdirmək üçün yetərli olmadı. Ümumiyyətlə, səhiyyə infrastrukturu yox dərəcəsindədi”. Koronavirus pandemiyası sözün əsl mənasında dünyanın bütün ölkələrində səhiyyə sistemi və tibb işçiləri üçün əsl sınaq oldu. Gözlə görünməyən "taclı virus”u təkcə müasir tibb avadanlıqları ilə yox, həkimlərin fədakarlığı, çalışqanlığı və öz işinə vicdanla yanaşması sayəsində məğlub etmək mümkündü. Təkcə Ukrayna yox, Avropanın bir çox inkişaf etmiş ölkələri, eləcə də sıravi azərbaycanlıların xilaskar kimi baxdığı İran səhiyyəsi koronavirusla başabaş mübarizə aparmağa çətinlik çəkdi.

Pandemiya ilə mübarizədə Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, həkimlərimizin fədakarlığı çoxlarına nümunə oldu. Ölkəmizin təcrübəsini öyrənənlər də var, bizdən məsləhət alanlar da. Deməli, Azərbaycan səhiyyəsi düşündüyümüz qədər də pis vəziyyətdə deyilmiş. Əksinə, çətin məqamlarda toparlanmağı, özünü yaxşı mənada göstərməyi də bacarırmış. Bizdə belə bir xasiyyət var ki, özümüzdə olanı qiymətləndirmirik, daim gözümüz orda-burda olur. Bu mənada AFFA xüsusilə fərqlənir. Zaman-zaman AFFA başbilənlərinə "Allah xasiyyətinizi kəssin” deyib, azərbaycanlılara bu cür yanaşmanın yanlış olduğunu isbatlamışıq. Elxan Məmmədovun xeyir-duasıyla AFFA bütün yığmalara əcnəbi mütəxəssislər doldurur, hətta futbolçuları da həvəslə "milliləşdirirlər”. Bu azmış kimi, nəzarətlərində saxladıqları telekanala baş direktoru xaricdən gətirirlər. Hələ millinin həkimi də "importnu”du. Özü də hardan? Bəli, öz prezidentlərinin də həkimlərindən, səhiyyə sistemindən narazılıq etdiyi Ukraynadan.

Sanki bu boyda Azərbaycanda millinin futbolçularının səhhətinin qayğsına qalmağa, onların zədəsini sağaltmağa yerli həkim yoxdu, bunun üçün də ukraynalını gətirib, ona da bir ətək pul ödəyirik. Pandemiya ilə bağlı gedən proseslər təkcə Ukraynadakı həkimlərin eyiblərini üzə çıxarmadı, həm də bizim millinin həkiminin əsl səviyyəsini üzə çıxardı. Sözümün canını izah etmək üçün bir neçə nüansa diqqətinizi çəkim. Mayın 13-də AFFA-nın rəsmi saytında hakimlərin koronavirus (COVID-19) testi verəcəyi haqda məlumat verildi. Həmin məlumatın sonunda isə maraqlı bir qeyd yer alırdı: "Bununla yanaşı, AFFA premyer-liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib”. "Xoruzun quyruğu” burda görünür. Həmin məlumatdan sonra millinin həkimi Vyaçeslav Xomenko mətbuata açıqlama verir: "Məndə olan məlumata görə, premyer-liqanın bütün klubları öz komanda üzvlərinin koronavirus testindən keçirilmələri üçün müxtəlif klinikalarla danışıqlar aparır. Test komanda üzvləri – futbolçular və məşqçiləri əhatə edəcək. Lakin hansısa klub digər əməkdaşlarının da yoxlanılmasını istəyərsə, bu, onların səlahiyyətinə aid olan məsələdi”. Bu açıqlamalardan sonra premyer-liqa klubları həvəslə test verməyə başlayır, bir-birinin ardınca koronavirus yoxlaması aparılır. Təxmini hesablamalara görə təkcə klubların testdən keçməsi prosesinə azı 40 min manat pul xərclənib.

Mən bu prosesdən sonra Xomenkonun tibb sahəsinin mütəxəssisi olmasına, koronavirusun yayılma prosesini öyrənməsinə şübhə ilə yanaşmağa başladım. Çünki Xomenkonun açıqlama verdiyi gün AFFA-nın saytı premyer-liqa hakimlərinin testdən keçirildiyini yazdı. Tutaq ki, həmin hakimlərdən biri testdən "təmiz” çıxdı. Lakin testi verdikdən sonra Bakı metrosuna mindi, orda koronavirus daşıyıcısının əylədişiyi vaqonda xəstəliyə yoluxdu. Bundan kim, necə xəbər tutacaq? Xomenko həmin hakimi görən kimi onun xəstələndiyini müəyyənləşdirə biləcəkmi? Adam içdiyi "Hippokrat andı”na sadiq qalmalı, AFFA-nın bu israfçılığına qarşı çıxmalı, klubların heç bir əhəmiyyəti olmayan yoxlamaya göndərilməsini əngəlləməliydi. Bununla da AFFA 100 min manata yaxın əlavə xərcdən qurtulacaqdı. Çünki çempionatın nə vaxt başlayacağı bilinmir. Nə futbolçular nəzarət altındadı, nə də hakimlər. Onlar təlim-məşq toplanışına başlayıb, eyni düşərgədə qalsaydılar, belə bir testin də mənası olardı. Belədə futbolçular və hakimlər karantin rejimində saxlanılar, ətraf aləmdən təcrid olunardılar. İndi testdən keçirilənlər gərək məşqlər başlayanda bir daha test versinlər. Bu isə AFFA-nın birinci mərhələdəki xərcinin havaya sovrulmasıdı. Elə əcnəbilərə verilən maaş kimi. Koronavirus AFFA-nın daha bir ayıbını üzə çıxardı. Kaş ki bu ayıblarını örtməyə çalışaydılar...

Mənbə: "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR