Fransa yığmasının baş məşqçisi Bakını təriflədi

Fransa yığmasının baş məşqçisi Bakını təriflədi

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçiriləcək. Bu yarışda qitə ölkələrinin idmançıları Tokio Olimpiadasına lisenziya qazanmağa çalışacaqlar. Hər çəkidə finala yüksələn 2 güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Sport7.az xəbər verir ki, komandalarımız məsul yarışa ciddi hazırlaşırlar. Qadınlardan ibarət yığmamız martın ilk günlərindən yarışın keçiriləcəyi məkanda təlim-məşq toplanışı keçir. Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz isə son hazırlıq prosesini Olimpiya Güləş Mərkəzində davam etdirirlər.
Sərbəst güləşçilərimiz qonaq komandaların üzvləri ilə birgə məşq edirlər. Fransa, Rumıniya və İsveçrə milliləri ayın əvvəlindən Bakıda müvafiq yığmamızla birgə təlim-məşq toplanışı keçirlər. Qonaq komandaların çalışdırıcıları Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib. Onlar hazırlıq prosesinin səviyyəsindən, federasiyanın bazasından və yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

Rumıniya yığmasının məşqçisi Frant Andrey deyib: "Burada yaxşı hazırlıq keçirik. Qidalanma, qaldığımız otel, məşq şəraiti – hər şey yüksək səviyyədədir. Yaxşı sparrinq rəqiblərimiz var. Azərbaycan yığması çox güclüdür. Bu da bizim üçün faydalıdır. Əlbəttə, belə yaxşı komanda ilə birgə toplanış keçmək xeyrimizədir. Düşünürəm ki, İsveçrə və Fransa yığmaları da bundan faydalanır. Fikrimcə, bazanız Avropanın ən yaxşı güləş mərkəzidir. Burada təkcə güləş zalı yox, həm də fitnes zalı və sauna da var”.

Fransa yığmasının baş məşqçisi Didye Pais bildirib ki, bizim üçün hər şey çox yaxşıdır. Çünki burada çoxlu güləşçilər var. Bu da keyfiyyətli hazırlıq prosesi keçməyə imkan verir. Otel və qidalanma da ürəyimizcədir. Olimpiya Güləş Mərkəzi isə çox gözəldir. Burada çoxlu güləş xalçası var. Avropa Olimpiya təsnifat turnirində hədəfimiz ən azı 1 lisenziya qazanmaqdır. Hansı çəkidə bunu bacaracağımızı isə deyə bilmərəm.

İsveçrə yığmasının baş məşqçisi Nikolae Qita bildirib: "Daha əvvəl də bir neçə dəfə Bakıda olmuşam. Ancaq öncəki səfərlərimdə Rumıniya və Almaniya yığmalarının çalışdırıcısı kimi ölkənizə gəlmişəm. Bu dəfə isə İsveçrə sərbəst güləş millisinin baş məşqçisi kimi Bakıdayam. Təlim-məşq toplanışının səviyyəsi olduqca yüksəkdir. İlk növbədə onu qeyd edim ki, burada bir-birindən güclü güləşçilər var. Yeməklər, otelin şəraiti və güləş bazası tələblərə tam cavab verir. Hər şey bizim üçün çox yaxşıdır. O ki qaldı komandamıza, 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında 86 kiloqram çəki dərəcəsində Olimpiadaya lisenziya qazandıq. Avropa Olimpiya təsnifat turnirində isə 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, sərbəst güləşçilərin təlim-məşq toplanışına martın 14-də yekun vurulacaq. Komandamız növbəti gün Macarıstana yollanacaq. Sərbəst güləşçilər lisenziya yarışının ilk günlərində (18-19 mart) xalça üzərinə çıxacaqlar.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR