Amal ABUŞOV
Dünən AFFA-nın rəsmi saytında hamımızı təəccübləndirəcək
belə məlumat yer aldı: "Azərbaycan milli komandasının baş məşqçisi Canni de
Byazi Türkiyənin Antalya şəhərinə səfərə yollanıb. Səfərin məqsədi Antalyada təlim-məşq
toplanışında olan klubların heyətində çıxış edən Azərbaycan milli komandasına
potensial namizəd futbolçuları izləməkdir”. Həmin açıqlamanı da bu yazıyla
birlikdə təqdim etdiyim şəkillə birlikdə paylaşmışdılar.
Necə də romantik və düşündürücü görüntüdü.
Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxaran italyan mütəxəssis Canni
De Byazi AFFA-nın loqosu olan geyimdə, eynək taxdığı gözlərini uzaqlara dikib,
harasa məchul bir nöqtəyə baxır. Hansı markadan olduğunu bilmədiyimiz bahalı
eynəyi günəşin zərərli şüalarından qorunmağa yetərli olmayıb. Başqa cür ola da
bilməzdi, çünki bizim ölkəmiz günəşli Azərbaycandı. Elə bu səbəbdən də De Byazi
sağ əlinin də köməyinə ehtiyac duyub, həmin əliylə gözünü günəşdən qorumağa
çalışır. İstəyir ki, baxdığı yerə nəzərlərini toplamağa, istədiyini görməyə ona
heç nə mane olmasın. Əmindi ki, axtardığını tapacaq, istədiyini görəcək.
Gözü yolda qalan Canninin dərdini yaxşı bilirik.
İtalyan mütəxəssis futbolçu axtarır. Amma unudur ki, onu Azərbaycana klub yox, millini çalışdırmağa gətiriblər. Millinin baş məşqçisi isə
özünü klub məşqçisi kimi aparmaz, əcnəbi klubların heyətində legioner axtarmaz.
Biz varını verəndə utanmayan xalqın nümayəndələriyik. Olanımız budu, sinyor
Byazi. Hamısı da Azərbaycanda oynayır, sənin də, bizim də gözümüzün önündə. Mən
biləni Antalyada toplanışda olan klubumuz yoxdu. Düzdü, hər ilin bu vədəsində
Azərbaycan klubları və hakimləri Türkiyənin kurort bölgəsində hazırlıq keçərdi,
orda xaricilərlə də gücünü sınayardı. Hazırda belə bir şey yoxdu,
futbolçularımız da, hakimlərimiz də evində oturur, Bakıda hazırlaşır. Hazırlaşmağa
bir şey varsa...
Bəli, Canni De Byazi çıxılmaz durumdadı. Çox
tezliklə Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç kimi gülünc duruma düşəcək.
Bəlkə də artıq düşüb belə. Amma bəhanələri vardı ki, Millətlər Liqası ciddi
turnir hədəfləri olmayan yarışdı. Vaqif Sadıqov demişkən, bu turniri italyanlar
Azərbaycan millisinin üzvlərini tanımağa, onların potensialını öyrənməyə sərf
etdilər. İtalyanlar deməyim sizi təəccübləndirməsin. Canni De Byazi özüylə bir
orduya yetəcək qədər həmyerlisini gətirib, əl-ələ verib... Azərbaycanda pul
qazanacaqlar. Həm özləri üçün, həm də onlar bura gətirən işbazlar üçün.
Onu bura gətirənlər də yaxşı başa düşür ki, De
Byaziylə bizim futbol inkişaf etməyəcək, millimiz nəticələri yaxşılaşmayacaq.
Onları buna görə çarmıxa çəkən, istintaqa cəlb edən də olmyacaq. Bir bəhanə
tapıb, itlalyanların Azərbaycandakı sərgüzəştlərinə son qoyacaqlar. Sonra da
yeni qurbanların axtarışına çıxacaqlar. De Byazi də bunu yaxşı başa düşür.
Anlayır ki, hazırkı azərbaycanlı futbolçularla uzağa getmək, ciddi uğur
qazanmaq mümkün deyil. AFFA Azərbaycanda uşaq futbolunu məhv edib, istedadı
olanları da pərən-pərən salıb. 65 yaşlı italyan uzun müddət işsiz qalandan
sonra AFFA-nın timsalında yağlı tərəfdaş, yaxşı maaş verən patron tapıb. İstəyir
ki, burdakı günlərini uzatsan, mümkün qədər zaman və pul qazansın.
Neynəmək lazımdı? Futbolçu yoxdu, onları Canni De
Byazi yaşının bu çağında yetişdirib, milliyə cəlb edə bilməz. Deməli, Riad Rəfiyevin
səsinə səs vermək, "milliləşdirmə” prosesinə qatılmaq lazımdı. Canni De Byazi
Antalyaya da bu prosesə dəstək vermək üçün gedib. Rusiyanın "Ximki” klubunda
çıxış edən Kamran Əliyevin və Ukraynanın "Minay”ında oynayan Anatoli Nuriyevin "milliləşdirilməsi”
prosesinə rəsmiyyət və ciddiyyət qazandıracaq. Futbolçular deyəcək ki, bizim
dalımızca o boyda italyan şəxsən gəlib. Azarkeşlərə də deyəcəklər ki, bu
futbolçuları Riad milliyə dürtüşdürməyib, De Byazi özü onların oyununu görüb və
bəyənib.
Əmin olun ki, dəyişən heç nə olmayacaq. Ramil
Şeydayevin, Emin Mahmudovun, Renat və Rüfət Məmmədovların, Eddi İsrafilovun,
Dmitri Nazarovun, Riçard Almeydanın və daha kimlərin dərdinə məlhəm ola bilmədiyini
millini Kamranla Anatoli xilas edə bilməz. Canni De Byazi gözlərini uzaqlara
diksə də, burnunun ucundan o yanı görməyəcək. Çünki AFFA-nın onun gözünə
taxdığı eynəklə bu mümkün deyil!