İcraçı direktor

İcraçı direktor "Səbail"in gələcəyini necə görür?

"Səbail” klubunun icraçı direktoru Fərəc Əliyev klubun rəsmi saytına müsahibə verib.

Sport7.az həmin müsahibəni təqdim edir:

- Ötən mövsümü və mövsüm ərzində "Səbail”in çıxışını necə dəyərləndirirsiz?
- Ötən mövsüm bir çox hadisə ilə yadda qaldı. COVID-19 virusunun bütün dünyada sürətlə yayılması futbolda da problemlərə səbəb oldu. Bir müddət oyunlarımız təxirə salındı və ard-arda bir neçə oyun keçirmək məcburiyyətində qaldıq. Belə olması təbii ki, futbolçuları çox yordu. Qış fasiləsində təlim-məşq toplanışına gedə bilmədik. Bazada toplanış etdik. Hələ də davam edən pandemiya şəraiti bu baxımdan da çətinlik yaratdı. Ötən mövsüm "Səbail” hər oyun meydanda əzmkar mübarizə aparan komanda idi. Son dəqiqəyə qədər hər oyun belə keçdi. "Qarabağ” kimi güclü rəqibdən iki dəfə xal ala bildik. Hər uğur futbolçuların əzmi nəticəsində qazanıldı. İlk olaraq, AFFA rəhbərliyinin pandemiya səbəbilə bütün klublara dəstək olmaqlarını xüsusi vurğulamaq istəyirəm və təşəkkürümü bildirirəm. Bununla yanaşı, çəkdiyi əziyyətlərə görə həkimlərə minnətdarlığımı bildirirəm. Hər oyun öncəsi komandadan testlər götürülür, koronavirus testi müsbət çıxan futbolçularımız onların nəzarəti altında iki həftəlik karantin müddətində tam müalicə olunaraq, məşqlərə davam edirdilər.

- Klubun gələcəyi ilə bağlı planlar nələrdir?
- Növbəti mövsüm 1-ci divizionda "Səbail-2” fəaliyyətini bərpa edəcək. Əsas məqsəd gənclərə daha çox üstünlük verməkdir. Birinci komandanın heyətini öz yetirmələrimiz ilə gücləndirmək istəyirik. Əsas komandada cəza alan və ya zədə alan oyunçular zədə sonrası orada bərpa oluna biləcəklər. "Səbail-2”nin məqsədi gənclərin orada praktika yığaraq növbəti mövsümlərdə əsas komandaya cəlb olunmalarına şərait yaratmaqdır.

- Aftandil Hacıyev ilə bağlanan yeni müqavilə barədə fikirləriniz nələrdir?
- Aftandil Hacıyev artıq üç mövsümdür ki, "Səbail”in baş məşqçisidir. Üç il ərzində komanda onun başçılığı ilə hər oyun əzmkar mübarizə aparır. "Səbail” ilk dəfə məhz Hacıyevin rəhbərliyi altında 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medalın sahibi olub və UEFA Avropa Liqasına vəsiqə qazanıb. Rəhbərlik olaraq baş məşqçiyə və komandaya inanır, növbəti mövsümdə onlara uğurlar arzulayırıq!

- Klubun növbəti mövsümdə çempionatda məqsədi nədir?
- Növbəti mövsümdə komandada yerli və gənc futbolçulara daha çox üstünlük verəcəyik. Çempionatda məqsədimiz komandanın hər oyun əzmkar mübarizə apararaq, turnir cədvəlində yuxarı pillələrə yüksəlməsidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR