Joze Mourinyo Azərbaycan millisində

Joze Mourinyo Azərbaycan millisində

Amal ABUŞOV

Sizin də yadınızda olar, italyan mütəxəssis Canni De Byazi Azərbaycan millisinə baş məşqçi təyin edilməmişdən az öncə dövriyyəyə maraqlı bir söhbət buraxmışdılar. AFFA öz təsir dairəsində saxladığı mətbu orqanlar vasitəsiylə belə bir təbliğat aparırdı ki, Canni De Byazi millimizə baş məşqçisi təyin ediləndən sonra bizim futbolçuların İtaliya klublarına transferinə vasitəçilik edəcək.

Düzdü, ağlı başında olan bütün normal insanlar ilk dəfə eşidəndən bu söhbətə əlini yelləyib. Çünki dünyanın heç bir yerində millinin baş məşqçisi menecerliklə məşğul olmur, futbolçu keçidlərinə vasitəçilik etmir. Amma burası Azərbaycandı, biz millimizin baş məşqçisinin futbolçu transferiylə məşğul olduğunu görmüşük. Di gəl ki, həmin vaxt proses əks istiqamətdə aparılırdı. Almaniyalı Berti Foqts Bernard Lippertlə əlbir olub, ölkəsindən Azərbaycana futbolçu gətirirdi. Əsasən də Almaniyanın həvəskar liqalarında oynayan türklərə bizim pasportumuzu verib, "Sumqayıt”a gətirirdilər. Ordan da həmin o saxta azərbaycanlıların əvvəlcə milli komandamıza, sonra da daha artıq maaş verən klublara yolu açılırdı. Sözsüz ki, həmin keçidlərdən Foqtsla Lippertdən savayı "Sumqayıt”ın "xaç atası” Elxan Məmmədova və onun ətrafındakı işbazlara da faiz çatırdı.

Bu dəfə iddia olunurdu ki, Canni De Byazi İtaliyadan bura kimisə gətirməyəcək, əvəzində bizimkiləri ora aparacaq. Ölmüşdü elə Xankişi. İllərdi özünə İtaliyada iş tapa bilməyən De Byazi hansı klubun qapısını döyüb, onlara "Azərbaycandan filan futbolçunu heyətinizə qatın, mənim də orda hörmətim artsın” deyə bilərdi ki?! İki aydan sonra italyan çalışdırıcının AFFA ilə rəsmi müqavilə imzalamasının bir ili tamam olur. Onun rəhbərliyi altında Millətlər Liqasını boşa vermişik. Dünya çempionatının seçmə mərhələsində 0 xalımız var, ilk iki görüşdə uduzmuşuq. Hələ macal tapıb Qətər millisini də sevindirmişik. Bütün bunlar onsuz da gözlənilən idi. İllərdi Azərbaycan futbolunun probleminin milli səviyyəsində olmadığını, baş məşqçinin kimliyinin əhəmiyyət daşımadığını deyirik. Amma AFFA tutduğunu buraxmır. Hər əcnəbi mütəxəssisin gəlişi külli miqdarda valyutanın ölkədən çıxması, müxtəlif yalanlarla bizim yuxuya verilməyimizdi.

De Byazinin gəlişini də "futbolçularımız İtaliyada oynayacaq” yalanı ilə "bəzəmişdilər”. Bu yaxınlarda Canni ölkəsinin mətbuatına müsahibə verib və... az qala, Avropa İttifaqını günahkar çağırıb. Sitat: "Azərbaycanda, xüsusilə də mənim komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 önəmli gənc futbolçu var. Amma problem ondadır ki, ölkə Avropa İttifaqına daxil deyil və həmin oyunçuların yerini başqaları tutur”. Ay səni, Canni. İndi adamlar sənin xətrinə bizim ayağı top tutmayan futbolçulara güzəşt etsinlər? Problem Avropa İttifaqındadısa, özbək Eldar Şahmuradov (Eldor Şomurodov) "Cenoa”ya necə gedib? İranli futbolçular illərdi Avropanın top-klublarında oynayır. Yalanın batsın, ay Canni. Bu yaşında sənə AFFA-yla işbirliyinə gedib, özünü bu vəziyyətə salmaq nəyə lazım idi...

Çox keçməyəcək ki, AFFA Cannini də yola salacaq. Adını da qoyacaqlar ki, onunla yeni inkişaf mərhələsinə qədəm qoyduq, amma De Byazi yaşının bu çağında ölkəsinə dönmək istəyib. İndidən AFFA-ya bir təklifim var. Riad Rəfiyevə verdiyiniz menecer faizindən öz payımı da istəyəcəm. Joze Mourinyo işsizdi. "Tottenhem”dən sonra çətin ki, Avropanın hansısa özünə hörmət edən klubu və ya millisi Jozeyə təklif göndərə. Əsl sizin istədiyiniz məşqçidi, indidən danışıqlara başlayın. Sonra deməyin ki, onu unutmuşuq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR