Katenaççonun tarixi:

Katenaççonun tarixi: "İnter"in uğurlarına kölgə salan oyun alqı-satqısı iddiaları (X hissə)

Errera oyun alqı-satqısı ilə məşğul olmaqda ittiham edilirdi. "İnter"in hakimlərdən istifadə etdiyinə dair ilk iddialar - ən azından beynəlxalq səviyyədə - 1964-cü ildə Avropa Kuboku çərçivəsində Dortmund "Borussiya"sı ilə oynadıqları yarımfinal matçından sonra ortaya atıldı. Almaniyada keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmış, cavab oyununda isə "neradzurri" qələbə qazanaraq (2:0) finala yüksəlmişdi. İtaliyada oynanılan matçın ilk dəqiqələrində "Borussiya"nın sağ cinah oyunçusu - Diter Hoppi Kurratın Suaresin təpik zərbəsindən sonra zədələnməsi və meydanı tərk etməsi "İnter"in işlərini asanlaşdırmışdı. Qarşılaşmanı idarə edən yuqoslav hakim Branko Tesaniç sözügedən epizodu görməsinə baxmayaraq, fitini çalmamışdı. Həmin yay, tətildə Tesaniçlə qarşılaşan bir yuqoslav turistin iddiasına görə, referi onunla söhbəti zamanı, istirahət xərclərinin "İnter" tərəfindən ödənildiyini demişdi.

Vyanada oynanılan final görüşündə "İnter"in rəqibi Madrid "Real"ı idi. Tanyinə Di Stefanonu tutmaq tapşırılmışdı, Quarneri isə Puşkaşı zərərsizləşdirmişdi. Yekunda "İnter" Matsolanın dublu sayəsində 3:1 hesabı ilə qələbə qazanaraq çempionluğu bayram etdi. Daha əvvəl "Monako"nun hücumçusu İvon Dui "İnter"in oyun yanaşmasını tənqid etmişdi. "Real"ın futbolçusu Lüsyen Müller isə Milan təmsilçisi ilə bağlı şikayətlərini finaldan sonra dilə gətirmişdi. Errera sadəcə kuboku göstərərək cavab verməyə üstünlük verdi. Sonrakı mövsüm "İnter" İtaliya A Seriyasında daha hücumameyilli futbol nümayiş etdirdi və 68 qola imza atdı. Bununla belə, müdafiə əzmini itirməmişdilər. Erreranın yetirmələri 1/4 finalın ilk matçında "Reyncers"i 3:1 hesabı ilə məğlub etmişdilər. "Aybroks"da oynanılan görüşün 7-ci dəqiqəsində hesabda geri düşmələrinə baxmayaraq, möhtəşəm şəkildə müdafiə olunaraq sona qədər nəticəni qorudular. Bu, katenaççonun "qanuni" tərəfi idi. Yarımfinalda "Liverpul"a qarşı etdikləri isə elə də heyranedici deyildi.
 


Şenklinin iddiasına görə, "Liverpul"un "Enfild"də "İnter"i 3:1 hesabı ilə məğlub etdiyi matçdan sonra bir italiyalı jurnalist ona demişdi: "Revanş oyununda mərhələni keçməyinizə imkan verməyəcəklər". Elə də oldu. Oyundan əvvəl "Liverpul"un qaldığı otelin ətrafına yığışan və səs-küy salan "İnter" azarkeşləri rəqib futbolçuların yatmasına mane oldular. Amma bu tip hallar o dönəmdə Avropa futbolunda tez-tez baş verirdi. Nələrinsə qaydasında getmədiyi oyun başlayandan sonra ortaya çıxdı. 8-ci dəqiqədə Korso sərbəst zərbəni birbaşa yerinə yetirdi və top "Liverpul"un qapısına daxil oldu. Oyunu idarə edən ispaniyalı hakim - Xose Mariya Ortis de Mendibil qolu qeydə aldı. İki dəqiqə sonra qapıçı Tommi Lourens topu oyuna daxil etməyə hazırlaşanda Peyro müdaxilə etdi və fərqləndi. Hakim bu qolu da hesaba aldı. "İnter"in qələbəsini rəsmiləşdirən möhtəşəm qolun müəllifi isə Fakketti oldu.
 


1974-cü ildə Brayan Qlenvillin ortaya çıxardığı və "Sunday Times" qəzetində yayımlanan oyun alqı-satqısı qalmaqalında adı hallananlardan biri də Ortis de Mendibil idi. İngilis idman yazarı Dejö Solti adlanan bir macarın, 1973-cü ildə Avropa Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Yuventus" və "Derbi" arasında oynanılan cavab matçında "birincilər"ə kömək etməsi üçün portuqaliyalı referi Fransisko Loboya 5 min dollar və avtomobil təklif etdiyini sübuta yetirmişdi. Qlenvillə görə, sözügedən şəxs daha əvvəl "İnter"də çalışmış, həmin dönəmdə isə "Yuventus"da katib kimi çalışan İtalo Allodinin adamı idi. Həmçinin həmin dövrdə İtaliya komandalarının oyunlarını idarə edən hakimlərin xüsusi yollarla seçildiyinə dair müəyyən sübutlar ortaya atılmışdı. Qlenvill insanlar arasında gəzən spekulyasiyaların, əslində, əsassız olmadığını sübut etməyə çalışırdı. Yəni pulla hakimlərin işinə müdaxilə etmək mümkün idi. Şenklinin hirsinin əsas səbəbi məhz bu idi.
 


Şübhəli şəkildə "İnter"in meydançası - "San Siro"da oynanılan 1965-ci il finalı Erreranın oyun yanaşmasına dair "dərslik" kimi istifadə oluna bilər. İlk hissənin bitməsinə üç dəqiqə qalmış Jairin vurduğu top "Benfika"nın qolkiperi Albertu da Koşta Pereyraya dəyərək qapıya daxil oldu və "neradzurri" hesabda önə keçdi. Sonrakı dəqiqələrdə "portuqaliyalılar"ın qapıçısının zədələnərək meydanı tərk edib, komandasını azlıqda qoymasına və müdafiədə oynayan Jermanunun qapıya keçməsinə baxmayaraq, "İnter" hesabı qorumaq üçün müdafiə olunmağa davam etdi. Praqmatizm? Yoxsa bu, Erreranın çoxsaylı cəhdlərinə rəğmən, komandanın öz gücünə inanmadığının göstəricisi idi? Bəlkə də, bu sıraya hakimin dəstəyinə bel bağladıqlarını da əlavə etmək olar.
 


Üç il ərzində ikinci dəfə finalda uduzan "Benfika" hər şeyi "Quttmannın lənəti" ilə əlaqələndirsə də, əsas problem onların oynadığı hücum futbolunun modasının keçməsi idi. Katenaçço ən azından klub səviyyəsində - həm qanuni, həm də qeyri-qanuni yollarla - hələ də 4-2-4-ə bel bağlayan klassik Dunay futbolunun qalıqları üzərində qələbə qazanmışdı. Hərçənd şərtlər bərabər olanda, yəni hakimlər pula satılmayanda katenaççonun istedadlı hücum komandalarına qarşı çarəsiz qaldığı hallara rast gəlmək olurdu. "İnter" 1965-66 mövsümündə növbəti dəfə çempionatın qalibi olsa da, Avropa Kubokunun yarımfinalında "Real"a uduzaraq mübarizəni dayandırdı. Macar hakim Györ Vadaş yarımfinalın cavab matçını ədalətli şəkildə idarə etmişdi. İllər sonra, Vadaş jurnalist Peter Borenihə açıqlamasında Soltinin onunla da əlaqə yaratdığını, lakin digərlərindən fərqli olaraq, "İnter"in təklifini qəbul etmədiyini demişdi. (ardı var)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR