"Keşlə" üçün 15 min manatlıq "qol ümidi"

Xəbər verdiyimiz kimi, mövsümün ikinci yarısına hazırlaşan "Keşlə” yeni hücumçu transfer edib. "Qırmızılar” kamerunlu Anatole Abanqı heyətinə qatıb. 24 yaşlı forvardla birillik müqavilə imzalanıb.

Paytaxt təmsilçisinin hücumçu ilə anlaşmasının detalları bəlli olub. "Futbol+”ə daxil olan özəl məlumata görə, Abanq "Keşlə”də yüksək gəlir əldə edən futbolçulardan olacaq. Belə ki, kamerunlu forvarda ayda 15 min manat ödəniləcək. Abanq 2020/21 mövsümünün qalan hissəsində özünü yaxşı tərəfdən göstərsə, yay "transfer pəncərəsi”ndə onunla daha birillik müqavilə bağlanacaq.

Son olaraq Moldova "Şerif”ində oynayan Abanq burda 7 min dollar maaş alıb. Onun komandasını tərk etməsinə səbəb "Keşlə”nin daha yüksək məvacib təklif etməsi olub. Beləliklə, Abanq həm daimi oynaya biləcəyi, həm də daha yaxşı pul qazanacağı təklifi dəyərləndirib. Ümumiyyətlə, hücumçu sarıdan mövsümün ilk yarısında əziyyət çəkən "Keşlə”də kamerunluya ümid çox böyükdü. Yünis Hüseynov onu əsas forvard kimi düşünür. Bu keçiddən sonra "Keşlə” taktiki dəyişiklik etməyi də planlaşdırır. Mövsümün ilk yarısında 5-4-1 sxemindən istifadə edən Hüseynov Abanqın gəlişindən sonra 4-1-2-2 taktikasından yararlanmaq niyyətindədi. Premyer-liqanın arxada qalan 13 turunda 13 xal toplayan paytaxt təmsilçisi bu qarşılaşmalarda 13 qol vurub. Bu da komandanın xeyrinə olmayan göstəricidi. Çempionluq uğrunda mübarizə aparmağı hədəf seçən Yunis Hüseynov məhz hücum xəttində yaşadığı problemlərə görə lazımi xalları yığa bilmədiyini düşünür. Təcrübəli mütəxəssis yeni transferə güvənərək bu problem aradan qaldıracağını planlaşdırır. 24 yaşlı forvard "Şerif”in heyətində Moldova çempionatında 8 qarşılaşmada 5 qol vurub, 3 assist edib. Məhz bu amil onun "Keşlə”yə keçidində əsas rol oynayıb.

Qeyd edək ki, Anatole Abanq Çinin "Nantoq”, ABŞ-ın "Nyu York Red Bulls”, Rumınıyanın "Astra”, Finlandiyanın SJK, Danimarkanın "Hobro” və Kamerunun "Reynbou” klublarında çıxış edib. Kamerun millisinin heyətində 6 oyun keçirən forvardın hesabında 1 qol və 1 məhsuldar ötürmə var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR