Mahir Emreli nə üçün Polşada oteldə məskunlaşıb?

Mahir Emreli nə üçün Polşada oteldə məskunlaşıb?

"Legiya"ya keçən Mahir Emreli fərdi məşqlərə başlayıb. Yığma üzvü öncə trenajor alətləri ilə məşq edib, daha sonra isə toplu çalışmaları yerinə yetirib. Onun gələn həftədən komanda ilə məşqə qoşulacağı gözlənilir.
 
Sport7.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu "Legiya" ilə "3+1” illik müqavilə bağlayıb. Artıq əminliklə deyə bilirik ki, 23 yaşlı forvard "Legiya”nın üzvüdü. Bundan sonra hər şey Mahirin özündən və əzmindən asılıdı.

Transferlə bağlı bəzi xırda detallar var. Əsas məsələ Mahirin Varşavada harda məskunlaşmasıdı. Klub futbolçunu evlə təmin edibmi? Ailəsi onun yanına köçə bilərmi? Azarkeşləri və ictimaiyyəti düşündürən ən vacib məsələ isə onun zədəsi ilə bağlıdı. Məhz bu səbəbdən Emreli fərdi məşqlərlə kifayətlənir. Bəs o, nə zaman sağalacaq? Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində komandasına kömək edə biləcəkmi?

Bu sualları "Futbol+" qəzetinin əməkdaşları futbolçunun meneceri Tural Əsgərova ünvanlayıb: "Legiya”da bir qayda var ki, futbolçuları evlə təmin etmirlər. Müqavilə bağlanan zaman bu detal heç vaxt qeyd olunmur. Heç buna görə hansısa məbləğdə pulu da öz üzərlərinə götürmürlər. Amma klubun əməkdaşları kömək edirlər ki, Mahir özünə yaxşı ev seçsin. Bundan sonra futbolçu bəyəndiyi mənzili icarəyə götürəcək. Bununla bağlı hansısa problem olmayacaq. Hazırda Varşavadakı otellərin birində məskunlaşıb. Tezliklə ev problemini həll etməyə çalışır. Mahir Varşavaya tək gedib. Yəqin ki, ev məsələsini həll etdikdən sonra ailəsi də istənilən zaman onun yanına gedə bilər.
 
Sözsüz, klub viza və sənədləşmə işlərində kömək edəcək ki, ailəsi Mahirin yanında ola bilsin. Zədəsinə gəlincə, heç bir problem yoxdu. Onsuz da razılıq əldə olunanda da bilinirdi ki, yüngül xəsarət alıb. "Qarabağ”ın "Neftçi” ilə matçından sonra deyilmişdi ki, 2 həftəlik dincəlmək lazımdı. Artıq həmin müddət də bitib. Onsuz da hazırda "Legiya”nın futbolçuları məşqlərə tam qoşulmayıblar. Hazırda Mahir özü fərdi qaydada hazırlıq keçir. Yaxın müddətdə birmənalı olaraq komanda ilə birgə məşq etməyə başlayacaq. Bu səbəbdən də deyə bilərik ki, "Legiya”nın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçirəcəyi oyunlara hazır olacaq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR