"Matçın gərginliyi artıq hiss olunmağa başlayıb" - Samir Abasov

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Dinamo” oyunu öncəsi flaqmanın baş məşqçisi Samir Abasov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Sabah bizim üçün çox önəmli və xoş gündür. Xoş gün olmasının səbəbi azarkeşlərimizin tribunada olmasına icazə verilməsidir. Bu işdə əməyi olanların hər birinə təşəkkür edirəm. İstər İdman Nazirliyi, istər TƏBİB, istər klubumuz, istər AFFA – azarkeşlərimiz və futbolçularımız adından hamısına "çox sağ ol” demək istəyirəm. Bu bizim xeyrimizə atılmış çox möhtəşəm addımdır. Sabahkı matçın gərginliyi artıq hiss olunmağa başlayıb. İndidən hansı ajiotajda oynayacağımızı görürük. Hansı komandaya qarşı mübarizə aparacağımızı bilirik. Gürcüstan çempionatının yarısı geridə qaldığına və rəqib komanda tam hazır olduğuna görə bizə əziyyət yaratdı. Səfərdə nəticə ilə oyunumuz üst-üstə düşmədi, çalışacağıq sabah bunu düzəldək. Artıq səfər qolu da ləğv olunub. Buna görə də biz sabah hesaba yox, oyunumuza güvənib nələrsə göstərməyə çalışacağıq. Alınacaqsa, nə xoş bizə”.
 
Sonda Samir Abasov KİV nümayəndələrinin suallarına cavab verib: "Ümumiyyətlə, hər bir futbolçunun gedişi komandaya təsir edir. Uzun müddət birlikdə çalışdığın əsas heyət üzvü gedirsə, təbii ki, bunun təsiri olacaq. Ən azı onun yeri doldurulmalıdır və adaptasiya dövrü keçilməlidir. İlk matçda bəzi mövqelər oyundan qopdular ki, bu da təsirsiz ötüşmədi. Cinah müdafiəçilərimiz komandaya yetərincə kömək edə bilmədilər. Buna rəğmən səfərdən qalib ayrıldıq ki, bu da bizə stimul verir. Nəticəni kənara qoysaq, oyun bizi razı salmadı. Buna görə də qələbənin ləzzətini tam ala bilmədik. Sabahkı matç haqda indidən nəsə demək çətindir, amma oyunumuzu dəyişməliyik. Transferlərə, çox oyunçuya ehtiyacımız var. Əvvəlcədən gözlədiyimizdən əlavə, daha bir-iki mövqedə güclənməliyik. Çətindir, amma istədiyimiz oyunçunu almaq gücündə olmalıyıq. Hazırkı "Neftçi” çox yaxşı vəziyyətdə deyil. Bu vəziyyət avrokuboklarda qrup mərhələsinə düşmək üçün yetərli olmaya bilər. Hansı gücdə olacağımız bilavasitə transferlərlə bağlıdır”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR