Məlum şəxslərin

Məlum şəxslərin "qalib komandası"...

Bu gün Azərbaycan kubokunun püşkatma mərasimi keçirildi. Öncə kubokda iştirak edəcək komandalara uğurlar diləmək istərdim. Kim güclüdüsə təbii ki, o da qalib gələcək. Futbol ictimaiyyətinin dilində tez-tez rastlaşdığımız sözlər var ki, onlardan biri də "Futbolda hər şey olur" kəlməsidi. Əslində müəyyən mənada həqiqət var. Çünki bu oyunda gözlənilməz nəticələrə çox rast gəlmişik. Futbol elə bir oyundu ki, bəzən nəhəng komandalar özlərindən qat-qat zəiflərə gözlənilmədən məğlub olur. Yaxud, meydançanın bir başından digər başına göndərilən topların gözlənilmədən rəqib qapıya daxil olduğunu da görmüşük. Uzaq məsafələrdən endirilən zərbələrdən sonra alınan gözəl qolları isə dəfələrlə izləməyə dəyər. Ayrı-ayrı futbolçularla azarkeşlər arasında baş verənlərə, meydanda, yaxud kənarda, bu və daha bir çox hallara şahid olmuşuq. Bu üzdən futbolun gözəlliklərinin danışmaqla bitməyəcəyinin fərqindəyik.

Amma bu oyunun digər yanlarını da unutmamaq lazımdı. Məsələn, real yanlarını. Yuxarıda işlətdiyimiz "Kim güclüdürsə, o da qalib gələcək" sözlərini. Danılmaz həqiqətdir ki, bu gün dünyada "nəhəng" adlandırdığımız və oyunlarda qələbələrinə şübhə etmədiyimiz favoritlər var. Eyni zamanda zəif gözü ilə görülən, yaşıl meydanlarda məğlubiyyətlərinin sayı bol olanlar, hətta bəzən oyunları ilə azarkeşlərin gülüşlərinə səbəbiyyət verənlər də mövcuddu. Ona görə də dünya ölkələrinin futbol baxımından müxtəlif eşalonlara bölünməsi həqiqəti ilə üz-üzəyik. "Nəhəng"lər məğlub olsa belə yenə bu adı öz üzərlərində saxlayırlar. Çünki onlar nisbətən zəiflərə çox az hallarda məğlub olur...

Şübhəsiz, Azərbaycanda da belədi. İllərdi Azərbaycan çempionluğunu heç kimə verməyən "Qarabağ" getdikcə "nəhəng"ləşməyə davam edir. Ölkə futbolunda kifayət qədər çəkiyə sahibdi, digər rəqiblər Qurban Qurbanovun komandası ilə oyunlara xüsusi hazırlaşır (etiraf etməsələr də belədi), kiçik səhvlərə də yol verməməyə çalışır. Ancaq buna baxmayaraq yenə də "Qarabağ" işini görür, qələbələrini qazanır. Ardıcıl son 3 turdakı nəticələr isə artıq rəqiblərlə arada xeyli uçurumun və təcrübə fərqinin olmasının göstəricisidi. Əlbəttə, "Qarabağ"ın ölkədə çempionluğa yeganə, ən real namizəd olması futbolumuzun durumundan xəbər verir. O mənada ki, perspektivlə bağlı narahatlıq yaranır. "Qarabağ"a bab rəqib olmasa, sona qədər, son tura qədər bu komanda ilə mübarizə apara bilməsə, əlbəttə, qarşıdakı illərdə bu öz sözünü deyəcək. Hətta "Qarabağ"ın oyununa, gücünə də, təsir edəcək. Ona görə daim rəqabət olmalıdı. Azərbaycanda isə təəssüf ki, hələ bunu görmürük. 

Hə, mövzuya kubokun püşkatmasına başlamağım da əbəs deyil. Bildiyiniz kimi, ölkə kubokuna 1/8 final mərhələsindən start veriləcək. 1/4 final mərhələsində isə "Sumqayıt", "Qarabağ", "Keşlə" və "Neftçi" öz rəqiblərini gözləyir. Hadisələri və yuxarıda qeyd etdiyim futbolun reallıqlarını nəzərə alaraq, artıq 1/4 finalda bütün cütlərin böyük ölçüdə bəlli olduğunu deyə bilərəm. Çox güman sözügedən mərhələdə yalnız Premyer Liqa klubları oynayacaq. Axı Premyer Liqa ilə Birinci Divizion arasında da böyük uçurum var. Əvəzediciləri araya soxuşdurmaqla Birinci Divizionda "qısırlıq" yaradan, yarışı az qala həvəskar səviyyəyə endirən AFFA elə ölkə futbolunda rəqabəti  "öldürməy"ə də məhz bundan başladı. Açığı, Birinci Divizion komandalarının kubokda perspektivi yoxdu. Çünki əvvəlki illərdəki rəqabət də qalmayıb. Ümumiyyətlə ölkə futbolunda elə bir perspektiv yoxdu ki, hansısa aşağı dəstədə iştirak edən komanda, məsələn İngiltərədəki kimi 1/32, yaxud, 1/16 final mərhələsindən kubokun finalına, ən azı yarımfinalına qədər irəliləsin və tarix yazsın. Bugünkü Birinci Divizion təmsilçiləri isə sadəcə, kubokda adları olsun deyə iştiraka razılıq veriblər. Daha doğrusu, AFFA himayədarlıq etdiyi komandaların adlarını iştirakçılar sırasına məcburən yazdırıb ki, rənagarənglik yaransın. Yoxsa, kubokun Azərbaycan Premyer Liqasından yeganə fərqi elə adı olardı. Çox təəssüf, qurumun indiki rəhbərliyi istefa verib getməyincə, bundan daha artığını gözləməyə də dəyməz. Çünki futbolumuzda qalib ruhu qalmayıb... Hələ ki, ölkə futbolunda yeganə "qalib", boş-boş layihələrə, əcnəbilərə milyonlar xərcləyən, futbol ictimaiyyətinin yaxşı tanıdığı məlum şəxslərin "komandasıdı"...

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR