Nazim Süleymanov Azərbaycan futbolunun canlı əfsanəsidir.
Hələ keçmiş SSRİ-nin son illərində haqsızlıqlara məruz qalarkən mən çalışmışam
ki, Nazimə öz qələmimlə dəstək olum.
"Bakı”, "Aydınlıq”, "Səhər”, "AFFA nyus” qəzetlərində,
milli yığma komandamıza həsr olunmuş xüsusi buraxılışlarımızda ölkəmizin futbol
tarixinin ən məşhurlarından biri olan bu şəxsiyyəti müdafiə və təbliğ edən
yazılarımla həvəsdən düşməyə qoymamış, sabaha ümidlə baxması üçün əlimdən gələni
etmişəm. Yadıma gəlir, futbolumuzun "qədirbilənləri” 1990-cı ildə Nazimi bəyənməyib
"Neftçi”dən uzaqlaşdıranda, inkişaf etməsi üçün aşağı liqada oynayan "Kəpəz”ə
göndərmək istəyəndə, haqlı olaraq gənc futbolçu bununla razılaşmamış, Rusiya
kiublarından gələn təkliflərə üstünlük vermək məcburiyyətində qalmışdı...
Azərbaycanı tərk etməzdən əvvəl mən ondan müsahibə
götürdüm və uğur qazanması üçün xiyabanda uyuyan şəhidlərimizi yad edib, müqəddəs
ruhlardan xeyir-dua almasının vacibliyini nəzərinə çatdırdım. Beləliklə, Nazim
onu sevənlərin və Azərbaycanımızın müstəqilliyi uğrunda canından keçmiş oğul və
qızlarımızın xeyir-duası ilə Rusiyaya yola düşdü.
Zaman keçdikcə Nazimin ən düzgün seçim etdiyinin
şahidi olduq. O, böyük uğurlara imza atdı. Sorağı Avropanın məşhur futbol
arenalarından gəldi. Ən başlıcası isə onun vurduğu hər qoldan sonra, qazandığı
hər uğurla bərabər Azərbaycanımızın, doğma vətənimizin adı çəkildi...
Maraqlıdır ki, Nazimin xətir-hörməti bu gün də Azərbaycandan
kənarda daha yüksək tutulur. O, yaddaşı korlanmayan azarkeşlərimizin sevimlisi
olaraq qalsa da, ölkəmizdə məlum futbol "biliciləri” üçün arzuolunmaz şəxsə
çevrilib. Bu isə futbolumuzu uçurumun lap kənarına gətirib dirəyənlərin
qorxaqlığının bariz nümunəsi, Nazimin şan-şöhrətindən, nüfuzundan əmələ gələn özəl bir münasibətin əyani göstəricisidir...
Biz isə tanınmış futbolçumuza həmişə hörmətlə
yanaşmış, qazandığı uğurlara sevinmiş, bir azərbaycanlı kimi onunla fəxr
etmişik. On minlərlə Azərbaycan və Rusiya azarkeşini tribunalarda dəfələrlə
ayağa qaldıran Nazim bu hörmət və diqqətə gözəl oyununa, yüksək insani keyfiyyətlərinə
görə layiq görülüb.
Nazim Süleymanov tanınmış futbol veteranı və mütəxəssisi
olaraq təşkil etdiyimiz tədbirlərin həmişə ən hörmətli qonaqlarından olub.
"Sabahın ulduzları” futbol çempionatlarında fərqlənən komandaların
mükafatlandırılma mərasimlərində Nazim kimi məşhur futbolçu tərəfindən medal,
diplom, kubokla təltif olunan uşaqlar özlərini bəlkə də dünyanın ən xoşbəxti
sayıblar. Keçmiş SSRİ yığma komandasının üzvləri ayrı-ayrı illərdə dəvətimizlə
Bakıda olarkən biz Nazimin həqiqətən də böyük hörmət və nüfuz sahibi olduğuna
canlı şahidlik etmişik.
Tanrı hamı kimi Nazimə də bir ömür verib. Elə
Tanrının özü bu ömrün artıq geridə qalan 56 ilində əziz dostumuza çox uğur bəxş
edib. Onun ən böyük qazancı isə, heç
şübhəsiz, on minlərlə futbol həvəskarının alqış sədaları, fəth etdiyi qəlblər
olub.
Qarşıdan gələn günlərin, illərin də uğurlu olsun,
Nazim!
Bayrağımızı daim dalğalanan, torpaqlarımızı azad, Vətənimizi
çiçəklənən, xalqımızı xoşbəxt, əsgərimizi həmişə qürurlu və başıuca görək!
Mahir Süleymanov