"Narazı qaldığım yeganə oyun oldu" - Rəşad Sadıqov

"Bilirdik ki, "Neftçi" ilk dəqiqələrdən hücuma köklənəcək. Dünən "Qarabağ"ın xal itirməsi rəqib üçün əlavə motivasiya oldu”.

Sport7.az xəbər verir ki, bunu "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXIII turunda "Neftçi”yə 0:4 hesabı ilə məğlub olduqları görüşdən sonra deyib.

Gənc çalışdırıcı oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "İlk hissədə qapımız qarşısında bəzi təhlükəli hücumları olurdu. İkinci hissədə dəyişikliklərlə oyunu dəyişmək istədik. İstədiyimiz alınmadı. Rəqib buraxılan boşluqlardan istifadə etdi. İlk oyunum idi ki, sona qədər mübarizə aparmadan uduzduq. Mövsümdə 2-3 zəif oyun olur ki, bu da onlardan biri idi. Futbolçuları da başa düşməyə çalışıram. Bəlkə də, bu mövsüm narazı qaldığım yeganə oyun oldu”.

- Müdafiə xəttindəki xaos nə ilə bağlı idi və fasilədən sonrakı əvəzləmələr nədən qaynaqlandı?
- Bəzi oyunçuları istirahətlə oynatmağı düşünürük. Nəzərə alaq ki, "Keşlə" ilə üç gün sonra kubok oyunumuz var. Risk etdik. Qarşıda bizi çətin marafon gözləyir. 3-4 gündən bir oyunlarımız olacaq. Nəyisə qurban verməyə məcburuq. Bu gün sırf bu matçı düşünmürdük. Qarşıdakı görüşləri də düşünməyə məcbur idik. Birinci hissədə qol buraxmamışdıq, ikinci hissədə rəqibi əks-hücumlarda yaxalamağı düşündük. Amma "Neftçi", "Qarabağ" kimi rəqiblərlə ucuz qol buraxmamalısan. İlk qol komandaya psixoloji cəhətdən təsir etdi. Ondan sonra "Neftçi" meydanda rahat dominantlıq etdi.

- İki cəbhədə mübarizə aparırsınız. Hazırkı heyəti nəzərə alsaq, kuboku qurban verib, əsas diqqəti çempionata yönəltməyi düşünmürsünüz?
- Məcburuq hər iki cəbhədə mübarizə aparaq. Ölkə kubokunda finala vəsiqə avrokuboklara vəsiqəni də təmin edə bilər. Həm rəhbərlik, həm də azarkeşlər hər iki cəbhədə uğurlu olmağımızı istəyir. Problemlərdən çox danışmağı xoşlamıram. Birdən-birə 11 oyunçu koronavirusa yoluxmuşdu. Komanda tam tərkibdə məşq keçə bilmirdi. Hələ zədəliləri saymıram. Bundan sonra hər matça ən yaxşı formada çıxmağa çalışacağıq. Bu gün isə "Neftçi" layiqli qələbə qazandı. Düşünürəm ki, çempionatda son illərin ən maraqlı sonluğu gözləyir.

- 90 dəqiqəyə sığan hansısa müsbət məqam oldu?
- Bu mövsüm keçirdiyimiz ən uğursuz oyun idi. Burada müsbət məqam tapmaq çətindir. Klesio Bauk yaxşı oynadı, bu məni sevindirir. Son vaxtlar oyunu alınmırdı. "Neftçi"yə qarşı uğurlu olduğumuz sistemdən istifadə etmədim. 4 yarımmüdafiəçidən istifadə edirdik. Amma bu gün belə oynada bilməzdim. Çünki rotasiya etməsəydik, "Keşlə" önünə hazır olmayacaqdıq. Bu gün var gücümüzlə oynamadım. Mənim də yetərincə səhvlərim var. Amma məşqçi kimi qarşıdakı oyunları da nəzərə almalı idim. (Apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR