"Nə qədər milliyə Elxan Məmmədovun sifarişi ilə öz adamları gətiriləcək..." - Mahir Şükürov

Milli komandamız mart ayında keçirdiyi 3 oyunda yaşadığı fiaskodan sonra futbol ictimaiyyətinin tənqid atəşinə tuş gəlib. Bir sıra mütəxəssislər mətbuatda çıxışları zamanı Azərbaycanda futbolçu olmadığını belə dilə gətiriblər. Məsələyə millimizin sabiq futbolçusu Mahir Şükürovun münasibətini öyrəndik. 

Şükürov Fanat.Az-a açıqlamasında bunları söyləyib: "SSRİ vaxtında da, ondan sonraki dövrdə də, sonuncu nəsil olan bizim dönəmimizdə də yaxşı futbolçularımız olub. Mən özüm, Vaqif Cavadov, Rəşad Sadıqov legioner kimi başqa ölkələrdə çıxış edən futbolçular olmuşuq. Biz oynaya bilməsəydik, legioner həyatı yaşaya bilməzdik. Gedib Polşada, Litvada, Latviyada oynamamışıq, oynadığımız çempionatlar da göz önündədir. Mən Rusiyada, Türkiyədə, Vaqif "Tvente" kimi klubda, Türkiyədə, Rəşad Türkiyədə oynayıb. Söhbət indiki gənc nəsildən gedir. 

Milli komandaya gəlincə, hamı kimi mənim də yığmadan heç bir gözləntim yoxdur. Çünki bu AFFA rəhbərliyi, bu baş məşqçi ilə milli komanda heç nə edə bilməz. Əgər bu məşqçi Azərbaycan futbolunda bir yenilik edib hücum futbolu oynatsaydı, hə, hardasa deyərdik ki, biz müdafiə futbolu oynamışıq, indi isə artıq hücum futbolu oynayırıq. Amma onu da görmürük. Yenə də köhnə hamam, köhnə tas.
 
Nə qədər milliyə Elxan Məmmədovun sifarişi ilə öz adamları gətiriləcək, o qədər də bu gündə olacağıq. Elxan Məmmədov və öz adamları bu 14 ildə bir yaxşı futbolçu verə bilməyiblər, legioner həyatı yaşayan 3-4 futbolçu yetişdirməyiblər ki, gəlib milli komandaya xeyir versin. Bunların işi-gücü odur ki, qıraqda heç kimə lazım olmayan adamları gətirib milliləşdirib yığma komandaya sırısınlar. Elxan Məmmədov və ətrafı Azərbaycan futbolundan getməsə, futbolumuz düzələn deyil. Bu federasiyaya futbolu bilən və ən əsası heç kəsin tanışı olmayan biri gəlməlidir. Və o, gənc nəsli yığıb yenidən işləri qurmalıdır. Elxan Məmmədov elə qonşu Gürcüstanı örnək götürsün. Görsün ki, mütəxəssislər kimlərdir. Hamısı gənc, futbolu yeni bitirən, futbolu bilən, futbolda öz imzasını qoyan şəxslər işləyir. Amma Elxan Məmmədov neyniyir, idman adamlarını kənara qoyub öz qohum əqrabasını yığıb ora".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR