Amal ABUŞOV
2018-ci ilin iyununda "Neftçi”nin düşərgəsində əsl
bayram ab-havası hökm sürürdü. Rəhbərliyin üzü gülür, azarkeşlər sevinirdi. "Xalq
komandası” axtardığı xilaskar məşqçini Moldovada tapmışdı, daha doğrusu
İtaliyada. "Şerif”dən ayrılan italyan mütəxəssis Roberto Bordin "Neftçi”yə baş
məşqçi təyin edilirdi.
Həmin vaxt yayılan rəsmi açıqlamada qeyd olunurdu
ki, "Neftçi” futbol klubunun Müşahidə Şurasının və təsisçilərin növbədənkənar
ümumi yığıncağı keçirilib. İclasda əsas komandanın baş məşqçisi postuna namizədin
müzakirəsi aparılıb və italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin
edilib. Onlar deməsələr də, biz yaxşı bilirdik ki, Müşahidə Şurasının növbədənkənar
iclası formal keçirilmişdi. Bordinin "Neftçi”yə gətirilməsi qərarı daha "yuxarı”da
verilmiş, şura üzvləri qatıldıqları iclasda bu qərara əllərini yuxarı
qaldırmaqla razılıq vermişdilər (bəlkə, heç onların əllərini yuxarı
qaldırmalarına da ehtiyac duyulmamışdı).
Bəli, Bordin yaxşı çalışdırıcı idi. Amma Moldova
çempionatı üçün. Biz öz çempionatımızın səviyyəsiylə elə də qürrələnə bilmərik.
Di gəl ki, xeyli müddətdi ki, bizim çempionatımız və klublarımız
Moldovadakılardan xeyli öndədi. Buna ən yaxşı sübut çempionumuz "Qarabağ”ın az
qala hər mövsüm "Şerif”ə yerini göstərməsidi. "Neftçi”ylə razılığa gələn Bordin
də bu vəsiləylə "Qarabağ”dan qisas almaq şansı qazanmışdı. Adam Çempionlar
Liqasında uduzduğu "Qarabağ”ı və Qurban Qurbanovu Azərbaycan çempionatında üstələməklə
həmin uğursuzluğu unutdurmalıydı. Bacardımı? Xeyr!
Həmin mövsüm komandanın idman direktoru, əslində isə
baş meneceri Ceyhun Sultanovun da alveri şıdırığı getdi. Təsəvvür edin, heç
yerdə yüksək səviyyədə futbol oynamamış Karikari adlı birini "Neftçi”yə "vəhşi”
ləqəbiylə gətirmişdilər. Adam burda gənc Mirabdulla Abbasovla rəqabətdə uduzdu.
Sonra da gününü keçirmək üçün Dubaya yollandı. Bu günlərdə aldığım məlumata görə,
hazırda Misirdə eyni işlə məşğulu. Yəni ki, "Neftçi”dəki kimi gününü keçirir,
özünə və menecerlərinə pul qazandırır. Bu "möhtəşəm” transferin ideya müəllifi
Ceyhun Sultanov sonradan aforizm sayılacaq bir kəlamıyla "ağ-qaralar”ın
acınacaqlı durumunu gözlər önünə sərdi: "Neftçi” nə üçün çempion olmalı idi ki?!”
Azarkeşlər qəzəbli idilər. Amma nə olsun?
Bordinin "Neftçi”dən necə yola salınacağı ilə bağlı
proqnozumu aylar öncə vermişdim, demişdim ki, italyanı komandadan gecəylə göndərəcəklər.
Dediyim kimi də oldu. Bir qış axşamı Sinyor Roberto vətəninə yola salındı. Səhv
etmirəmsə, Bakıdan gedəndən işsizdi, ən son İtaliyanın səviyyəcə 3-cü liqası
sayılan D dvizionundan hansısa klubla danışıq apardığını oxumuşdum. Bordindən
sonra "Neftçi” Füzuli Məmmədova tapşırıldı. "Neftçi” pandemiyaya görə yarımçıq
saxlanılan çempionatın ikincisi oldu. Deməli, prinsipcə, italyan Bordinlə azərbaycanlı
Məmmədov arasında böyük fərq yox idi. "Neftçi”nin olacağı bu idi, gücü buna
çatırdı. İndi Məmmədovu da Abasov əvəzləyib. "Ağ-qaralar” "Qarabağ”dan bir oyun
çox keçirib və ağır avrokubok səfərlərinin, pandemiyanın yorğun saldığı "köhlən
atlar” "Neftçi”dən bir xal geri qalır. İndi çox az adam şübhə edir ki, "Neftçi”nin
qış fasiləsinə lider yollanması müvəqqəti xarakterlidi, uzabaşı martın
ortalarında hər şey əvvəlki axarına qayıdacaq.
Bu yaxınlarda "Neftçi” azarkeşləri "Feysbuk”da klub
prezidenti Kamran Quliyevin müsahibəsindən seçmələr paylaşmışdılar. Mənim də
rastıma çıxdı, göz gəzdirdim. Cənab Quliyev əminliklə "Neftçi”nin çempionluğa
layiq olmasından, qızıl medalları daha çox istəmələrindən danışıb. Bunun üzərindən
heç üç gün keçməmiş Samir Abasov efirə çıxdı, hər şeyi alt-üst etdi. Məlum oldu
ki, qış fasiləsində "Neftçi” üç əcnəbi hücumçuya elçi düşüb, heç biri "xalq
komandası”nda oynamağa razılıq verməyiblər. Vaxt var idi, klub rəsmiləri ta
uzaq Braziliyaya yollanar, orda sayılıb-seçilənləri "Neftçi”yə dəvət edərdi. "Sambaçılar”
da bura sevə-sevə gələrdi. İndiki "Neftçi”nin əksər futbolçuları həminki heyətin
heç ehtiyat oyunçular skamyasında oturmağa layiq bilinməzdilər.
"Xalq komandası” çıxılmaz durumdadı. Liderliyi
qorumaq, "Qarabağ”ı çempionluq taxtından salmaq üçün güclənmək lazımdı. Amma
kiminlə? "Neftçi”ni kim gücləndirəcək? Bağışlayın, mən o sualın cavabını bilmirəm!