“Neftçi”də “Damokl qılıncı” kimdir? – Samir Abasov açıqladı

“Neftçi”də “Damokl qılıncı” kimdir? – Samir Abasov açıqladı

"Neftçi"nin yeni baş məşqçisi Samir Abasovun "Report"a müsahibə verib.

Sport7.az həmin müsahibəni təqdim edir:

- Komandanı bir neçə məşqə çıxarmısınız, artıq futbolçuları qismən tanıyırsınız. Kollektiv barədə ümumi təssüratlarınız necədir?
- Doğrudan da 4-5 gün ərzində həddindən artıq müsbət enerji aldım. Eyni sözləri futbolçular haqqında da deyə bilərəm. Hər şey əla keçdi. Yeganə mənfi cəhət o oldu ki, tam heyətlə hazırlaşa bilmədik. Bunu bütün futbolçuların iştirakı ilə etməyi çox istəyərdim. Millimizin üzvləri komandaya bu gün qoşulacaqlar. Bəzilərinə 1 günlük istirahət verəcəyik. Legionerlərdən Prins İbara hələ gəlməyib. Bu gün Bakıda olacaq, sabahdan isə məşqlərdə iştirak edəcək. İstəyirəm ki, bu enerjini birlikdə hiss edək. Bu, nə deməkdir? Məsələn, 2-3 günə oyuna çıxacağıq. Kimsə əvvəlki ab-havadadırsa, bu, hardasa çıxışımıza təsir edə bilər. Bunu nəzərə almasaq, digər məsələlər qaydasındadır.

- "Neftçi”nin sükanı arxasında debüt matçınız "Qəbələ”yə qarşı olacaq. Baş məşqçilik karyeranızda bu komanda ilə keçirdiyiniz matçlarda cəmi 2 qələbə qazanmısınız. Bu statistika sizi narahat etmir?
- Açığı, bundan xəbərim yoxdur. Statistikaya baxacağam. Bunun "Neftçi” klubuna aidiyyatı yoxdur. Ümumiyyətlə, Qəbələ səfəri bütün komandalar üçün çətindir. Aşağı sıralarda qərarlaşsa da, balanslaşmış kollektivdir. Məncə, bizim üçün çox ağır olacaq. Çempionat 2 həftədir dayanıb. Futbolçular aclıq hiss edirlər. İnanıram ki, vəzifəmizin öhdəsindən gələ biləcəyik.

- "Neftçi” azarkeşləri kapitan Emin Mahmudovdan bir qədər narazıdır. Onlar hesab edirlər ki, bu futbolçuda liderlik keyfiyyətləri aşağıdır və sarğı qapıçı Aqil Məmmədova verilməlidir. Bu fikirlərlə razısınızmı və ümumiyyətlə, kapitanlığı hansı futbolçuya həvalə etməyi düşünürsünüz?
- Kənardakı təəssürat tamam başqadır. Azarkeşlərin haqlı olduqlarını deyə bilmərəm. Amma onların da öz baxışı var. Düzdür, sırf "Neftçi” azarkeşləridirlər və indiyədək bu kluba məndən daha çox bağlı idilər. Emin Mahmudovun futbolçu keyfiyyəti göz önündədir. Həqiqətən çox yaxşı oyunçudur. Amma kapitanlıq tamam fərqlidir. Məncə, kapitan olmurlar, doğulurlar. Sən bu çətin yükü daşımağı bacarmalısan. Demirəm ki, Emin bunu edə bilər, ya yox. Bu gün hamı çox şey deyə bilər. Artıq komandanın içindəyəm və bu, mənə aid olan məsələdir. Mahmudovun kapitanlıq vəzifəsinin öhdəsindən gəlib-gəlmədiyini məşqlər və oyunlar göstərəcək. Mənfi məqam odur ki, Emin bu gün bizimlə məşq edə bilmir. Mən gələndən zədədən əziyyət çəkir, fərdi məşq edir. Yəni, komandanın içində olmadığı üçün qərar verə bilmirəm. O, hələ ki "Neftçi”nin kapitanı olaraq qalır. Vaxt keçdikcə hər şey yerinə düşəcək.

- Emin Mahmudovdan söz düşmüşkən, AFFA bu futbolçunu milli komandaya cəlb etmək üçün çox əziyyət çəkdi. Amma bu gün Mahmudov ya yığmaya dəvət almır, ya da çağırılanda ehtiyatda qalır. Bunu necə izah edərdiniz?
- Çağırılmamağı sırf Eminin özü ilə bağlıdır. Niyə bu vəziyyətə düşüb ki, ona dəvət gəlməyib? Orada oynamamağı isə sırf baş məşqçinin işidir. Ya oyun sisteminə uyğun gəlmir, ya da başqa səbəbdən oynatmır. Mən bu barədə heç nə deyə bilmirəm. Emin özü-özünə sual versə, daha yaxşı olar.

- Komandada başqa kimlər zədəlidir?
- Əsas zədəlilərimiz Emin Mahmudovla Stiven Monrozdur. Onların "Qəbələ”yə qarşı oynamayacaqları dəqiqdir. Qapıçı Səlahət Ağayev isə hələ fərdi məşq edir. Milli komandalardan gələn futbolçuların durumlarından xəbərimiz yoxdur. Hər an hər şey dəyişə bilər. Heyət yazırsan, bir də baxırsan ki, hansısa futbolçudan koronavirus çıxdı. Məsələn, Lüksemburqla oyundan əvvəl Maksim Medvedevin yoluxduğu bilindi.
 
- "Sumqayıt”da daha çox gənc futbolçulardan qurulmuş komandaya başçılıq edirdiniz və az-çox nəticə də qazanırdınız. "Zirə”də isə legionerlərin çoxluq təşkil etdiyi kollektivlə çalışdınız. Etiraf edək ki, oradakı işiniz əvvəlki kimi uğurlu alınmadı. "Neftçi”də hansı iş üslubuna üstünlük verəcəksiniz?
- Yerli və əcnəbi futbolçuları bir-birindən ayırmazdım. Mən məsələyə başqa prizmadan yanaşmaq istəyirəm. Bu gün kim oyuna hazırdırsa, o da meydana çıxacaq. Bu, bütün futbolçulara aiddir. Bəli, "Sumqayıt”da yerlilərlə oynayırdıq. Bir müddətdən sonra güclü kollektiv üzə çıxardıq və nəticə qazanmağa başladıq. "Zirə”də ilk 6 ayda əziyyət çəkdik. Mövsümün ikinci yarısında isə "Sumqayıt”dan heç də zəif olmayan, hətta deyərdim ki, üstün komanda formalaşdırdıq. Çox əla oyunlarımız oldu. Qış fasiləsindən sonra cəmi 2 qarşılaşmada uduzmuşduq. "Qarabağ”dan sonra ən yaxşı nəticələr bizdə idi. Yer tutmadığımız üçün bunlar heç kimin yadında deyil. Heyəti qurarkən həm yerlilərdən, həm də əcnəbilərdən istifadə edə bilərik. Əmin olun ki, "Neftçi”də özünü oyuna 100 faiz verə biləcək futbolçular çıxış edəcəklər.

- "Sumqayıt”da 5, "Zirə”də isə 4 müdafiəçili taktiki sxemlə oynayırdınız. Bəs "Neftçi”də necə olacaq?
- İndiki məqamda bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Əsas oyunçularımızın çox hissəsinin olmaması problem yaradır. Amma istənilən halda, hər hansı sistem çıxarıb, "Qəbələ” ilə oynamalıyıq. Amma o demək deyil ki, bu, bizim sistemimiz olacaq.

- "Sumqayıt”da Ceyhun Sultanovla birlikdə işləmisiniz. Elə futbol dilində desək, yaxşı tandem təşkil edirdiniz. Bunun məntiqi nəticəsi kimi ortaya mübariz komanda çıxara bilmişdiniz. Artıq Sultanov "Neftçi”dən istefa verib. Onun gedişi sizin işinizə hansı təsiri göstərə bilər?
- Ceyhun Sultanov idman direktoru vəzifəsində çalışan nadir futbol adamı idi. Futbolu yaxşı bilirdi. Onun və ya futboldan başı çıxan başqa birinin hər hansı komandada, məsələn, elə "Neftçi”də bu vəzifədə çalışması mənim üçün rahatlıq olardı. Futbola lazım olan adamdır. Həm "Sumqayıt”da, həm də "Neftçi”də çox yaxşı işlər görüb. Sadəcə, Sultanovun istefası mən bura gələnədək olub. Ona görə də bu, mənə aid məsələ deyil.

- İdman direktoru məşqçilərin başı üzərində "Damokl qılıncı” hesab olunur. "Neftçi”də isə bu vəzifəyə təyinat olmayacaq. Bu amil sizə hər hansı çətinlik yarada bilərmi?
- Başqa klublarda necə olduğunu bilmirəm, amma mənim işlədiyim komandalarda qılınc söhbəti sırf baş məşqçiyə aid məsələdir. Yəni, idman direktoru olsa da, olmasa da, "Damokl qılıncı" özüməm.

- Bu yaxınlarda mətbuata müsahibənizdə demisiniz ki, "Neftçi” "Qarabağ”ın hegemonluğuna son qoya bilər. Hələ də əvvəlki fikrinizdə qalırsınız?
- "Qarabağ” son illərdə haqlı olaraq ölkə futbolunda hegemonluq edir. Bütün komandalarda belə bir ab-hava var ki, "Qarabağ” çempion olacaq, biz isə 2-ci yer uğrunda mübarizə aparmalıyıq. İlk növbədə, futbolçu və idmançı kimi psixologiyanı dəyişməliyik. Sən "Neftçi”dəsənsə, yüksək yerlər uğrunda oynamalısan. Hər oyuna futbol aclığı ilə çıxsaq, uğur qazanmaq olar. Bu, o anlama gəlməsin ki, Samir müəllim "Biz çempionluğa oynayırıq" dedi, vəssalam. Bütün komandalarla mübarizə aparmaq olar. Bəli, "Qarabağ” çox güclüdür, oturuşmuş heyəti var. Amma yenə deyirəm, futbolçunun özünə təsir etməlidir ki, niyə mən o zirvədə olmayım. Bunu oyunçularıma aşılamağa çalışıram.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR