“Neftçi”nin bitməyən dərdi – Klubun bazasında tikinti niyə dayandırılıb?

“Neftçi”nin bitməyən dərdi – Klubun bazasında tikinti niyə dayandırılıb?

"Neftçi”nin Müşahidə Şurasının qərarı ilə İsmət Qayıbovun adına daşıyan stadionu yerlə-yeksan edilib, baza tikintisinə başlanıldığı gündən bəri illər keçib.

Sport7.az olaraq zaman-zaman bu bazanın tikintisinə diqqət ayırıb, tikintinin gedişi ilə maraqlanıb. Artıq Müşahidə Şurası dövrü də bitib, Çingiz Abdullayevin rəhbərlik etdiyi şura formal quruma çevrilib. Amma bazanın tikintisi hələ də yekunlaşmayıb.
 


Həm Müşahidə Şurasının zamanında, həm də Kamran Quliyevin prezident postuna əyləşdirilməsindən sonra baza tikintisi reklam vasitəsinə çevrilib. Klubun təşəbbüsü ilə idman mətbuatında bazanın tikintisi barədə zaman-zaman geniş yazılar dərc olunub, hətta açılışla bağlı müddət də göstərilib. Elnur Eyvazov 2018-ci ilin dekabrında konkret olaraq tarix söyləmişdi: "Mayda icarə həyatı bitəcək, klub müasir bazasına köçəcək”. Eyvazovun sözlərinə inansaq, "Neftçi” 2019-cu ilin mayında öz bazasına köçməli, klubun uşaq komandaları Mərdəkanın yollarındakı əzabdan xilas olmalıydı. Artıq 2019-cu ilin noyabrını yaşayırıq. Bazanın adından yenə reklam kimi istifadə olunur, amma tikinti bitməyib. Daha doğrusu, tikinti heç aparılmır da.
 


Bu minvalla "Neftçi”nin bazasının tikintisinin dövrümüzdə yekunlaşıb-yekunlaşmayacağı da bilinmir. Klubun sözçüsü Rüstəm Allahverdiyev "Futbol+”in sorğusuna cavab olaraq bunları deyib: "Bazadakı binanın tikintisində yenilik yoxdu. Tikili yarımçıq qalıb. Buna səbəb isə maliyyə deyil. Sadəcə, dövlət orqanlarından icazə alınmalıdı. Aidiyyatı orqanlara müraciət etmişik, məktub ünvanlanıb, onlardan cavab gözləyirik. Sırf buna görə müəyyən yubanmalar oldu. Cavab alandan sonra qalan bir mərtəbə tikilib üstü bağlanacaq. Ümid edirik ki, ən qısa zamanda binanın tikintisi də bərpa olunacaq”.
 


Necə deyərlər, sitatın sonu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR